“Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır”. Bunu Rusiyaya işgüzar
səfər etmiş Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putinlə
təkbətək görüşündə deyib. Dövlət başçısı qeyd edib ki, əlaqələrin inkişafından çox razıdır:
“Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada – Kremldə imzaladığımız və əsas siyasi
sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı
fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”.
Azərbaycan Prezidenti vurğulayıb ki, Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər
Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndirir: “Baykal-Amur magistralı ümumittifaq
miqyaslı layihə idi. Heydər Əliyevin bu layihənin icrasında əməyini yüksək qiymətləndirdiyinizi
xüsusi qeyd etmək istəyirəm. Bu qlobal layihənin icrasında əmək sərf etmiş insanlarla da
görüşəcəyik. Əziz xatirəsi olan hadisələr bizim dövlətləri daha da yaxınlaşdırır,
münasibətlərimizin yüksələn xətlə inkişaf etməsinə töhfə verir”. Rusiya Prezidenti Vladimir
Putin də bildirib ki, Azərbaycanla münasibətləri yüksək səviyyədədir və inkişaf edir. Putin
deyib ki, ölkələrimiz arasında bir çox istiqamətlərdə əməkdaşlıq mövcuddur: “Sözsüz ki,
təhlükəsizliyin təminatı nöqteyi-nəzərindən regiondakı vəziyyət barədə danışacağıq. Burada
bir çox məsələlər var, onlar çox həssasdır”. Putin əlavə edib ki, Azərbaycanla Rusiya
arasında ticarət dövriyyəsi artır. Ticarət dövriyyəsinin həcmi 4 milyard dollara çatıb:
“Hökumətlərarası komissiya aktiv işləyir”.
Aprelin 22-də dövlət başçısı İlham Əliyevin Moskvaya işgüzar səfəri bir sıra mühüm
hadisə fonunda baş tutub. Rusiya sülhməramlıları Azərbaycan ərazisini vaxtından əvvəl tərk
edir. Qazaxın işğal altındakı kəndlərindən dördünün qaytarılması haqda razılaşma ilə
delimitasiya prosesində ciddi irəliləyiş baş verir. Ermənistanın Baş naziri Nikol Paşinyanın
Rusiyaya səfəri gözlənilir. Qarabağdan tamamilə çıxan Rusiya Cənubi Qafqazda mövqelərinə
yaranmış risklərdən narahatdır.
Moskva Bakı-İrəvan xəttində iştirakını bundan sonra əsasən sərhədin delimitasiyası
məsələsi üzərindən təmin edə bilər. Bunun üçün delimitasiya prosesində Rusiya Baş
Qərargahında saxlanılan xəritələrin aktuallaşması lazımdır. 4 kəndin qaytarılması ilə
nəticələnən 19 aprel razılaşması xəritələri arxa plana keçirir. Hərçənd razılaşma Bakıya
sərhədin digər hissələrinin delimitasiyasında prinspin dəyişdirilməsi – xəritələrin ön plana
çıxarılması imkanını da verir. Moskva Bakıdan sərhədin digər hissələrinin
müəyyənləşməsində xəritələrdən çıxış etməsini istəyə bilər. Bu həm də, SSRİ dövründə
ermənilərə bağışlanmış ərazilərimizlə bağlı olduğu üçün Azərbaycanın da maraqlarına
uyğundur. Bakı və Moskvanın bu məsələdə uzlaşan gündəliyi müzakirə mövzularında biri ola
bilər.
Ümumilikdə ölkə rəhbəri İlham Əliyevlə Putinin əsas gündəliyi sülhməramlıların
gedişindən sonra Cənubi Qafqazda yaranmış yeni vəziyyətlə bağlıdır. Ermənistanda anti-
Rusiya siyasi xəttin inkişafı Moskvanın bölgədə Azərbaycanı əsas tərəfdaş kimi görməsini
şərtləndirib.
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri Azərbaycanın qazandığı iki böyük
nəticənin ardınca baş tutdu. Birincisi, Azərbaycan öz ərazilərinə müvəqqəti yerləşdirilmiş
Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl regionu tərk etməsinə nail oldu. İkincisi,
Azərbaycan Qazaxın Ermənistanın nəzarətində olan yeddi kəndindən dördünün geri
qaytarılmasını təmin etdi.
Mircamal Həşimov,
H.Z.Tağıyev adına 6 saylı Sabirabad şəhər tam orta məktəbinin direktoru