Aprelin 22-də Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir
Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yeni
və mühüm töhfə olub. Əvvəlcə iki dövlət başçılarının təkbətək görüşü keçirilib. Görüş zamanı
ölkələrimiz arasında iqtisadi-siyasi sahələrdəki əməkdaşlıq əlaqələrinin müzakirəsi ilə yanaşı
həm də bu il 50 illik ybileyi qeyd edilən Baykal-Amur Magistralının tikintisi və bu zaman Ulu
Öndər Heydər Əliyevin bu nəhəng layihənin ərsəyə gəlməsində mühüm xidmətləri yad
olunub.
Prezident İlham Əliyevin dünya siyasətində əsas söz sahiblərindən biri olan Rusiyaya
səfəri regionun gələcək mənzərəsi, ölkəmizin daxili və xarici siyasəti baxımından çox
əhəmiyyətlidir. Azərbaycan və Rusiya regionda sabitləşdirici mövqe sərgiləyiblər və
təhlükəsizliyin qorunmasında mühüm addımlar atıblar. Hər iki dövlətin genişlənən
əməkdaşlığı xalqların və dövlətlərin marağına uyğundur. Eyni zamanda, bu, həm də
bütövlükdə regionda təhlükəsizliyin qorunub saxlanmasına xidmət edir.
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərini əhəmiyyətli saymaq olar.
Keçmişdə Rusiya ilə münasibətlərdə müəyyən gərginliklər, suallar olub. Lakin ikinci Qarabağ
müharibəsindəki qələbəmizdən, separatizmə son qoyduqdan və rus hərbi kontingenti
Qarabağı tərk etdikdən sonra münasibətlərdə elə bir problemli mövzu qalmayıb. Tərəfdaşlıq
var, ticarət mübadiləsi artır, Şimal-cənub nəqliyyat dəhlizinin işə düşməsində əsas açar
dövlətlərdən biri də Azərbaycandır. Azərbaycan da bu nəqliyyat dəhlizinin işə düşməsində
maraqlıdır. Sadəcə bunun üçün Rusiya və İran Rəşt-Astara dəmir yolunun tikintisini
sürətləndirməlidirlər.
Görüşdə Prezident İlham Əliyev Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razı
olduğunu bildirib. Azərbaycan dövlətinin başçısı vurğulayıb: “Biz əlaqələrimizin inkişafından
çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada – Kremldə imzaladığımız və
əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən
müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”.
Digər tərəfdən Moskvadakı görüşdə Baykal-Amur magistralının tikintisinin 50 illiyi ilə
bağlı toplantının keçirilməsi və bu tikintidə keçmişdə mərhum dövlət başçısı Heydər Əliyevin
iştirakının xüsusi vurğulanması da əlamətdar hadisə idi. Bunun özü də iki dövlət arasında
münasibətlərin hazırda inkişaf dövrünü yaşadığını göstərir. Biz Rusiya ilə münasibətlərdə
problemlər istəmirik. İqtisadi-ticarət əlaqələrinin inkişafı da diqqətimizdədir. Bu baxımdan
hesab edirəm ki, yaxın gələcəkdə, siyasi münasibətlərdə də hər hansı sualların
yaranmayacağını ehtimal etmək olar.
Azərbaycan Prezidenti İlham Əliyev Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi
münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşdə Ulu Öndər Heydər
Əliyevin xatirəsinə göstərdiyi ehtirama görə Rusiya Prezidenti Vladimir Putinə minnətdarlığını
bildirib. Azərbaycan dövlətinin başçısı deyib: “Əlbəttə, Heydər Əlirza oğlu Əliyevin xatirəsinə
ehtiramla yanaşdığına görə Vladimir Vladimiroviç Putinə xüsusi təşəkkür sözləri ifadə edirəm.
Biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasında dostluq, mehriban qonşuluq
münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev
qoyublar. 2001-ci ildə Vladimir Vladimiroviç Putin Azərbaycana səfər etdi və bu, bizim birlikdə
keçdiyimiz uzun bir yolun başlanğıcı oldu”.
Prezident İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri ikitərəfli əlaqələrin yüksək
səviyyədə olmasının daha bir bariz sübutudur. Bu səfər regionun gələcək mənzərəsi,
ölkəmizin daxili və xarici siyasəti baxımından çox böyük əhəmiyyətə malikdir. Dünya
siyasətində əsas söz sahiblərindən biri olan Rusiya ilə hazırda da münasibətlərimizin
inkişafının dönməz, dayanıqlı və davamlı əsaslara söykənməsi bunu bir daha sübut edir.
Lalə Əliyeva,
Sabirabad rayonu Salmanlı kənd tibb məntəqəsinin müdiri