Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli əməkdaşlıq
istiqamətində qazanılan uğurlar davamlılığı ilə diqqətdədir. İkitərəfli münasibətlərin inkişafı öz
növbəsində yeni əməkdaşlıq formatlarının yaranmasına, əlaqələrin coğrafiyasının
genişləndirilməsinə öz müsbət təsirini göstərir.
Şübhəsiz ki, əməkdaşlığın möhkəmləndirilməsində qarşılıqlı səfərlər, bu zaman
imzalanan sənədlər, keçirilən görüşlərdə müzakirə olunan və gündəmə gətirilən məsələlər
mühüm rol oynayır. Bu baxımdan dövlət başçısı İlham Əliyevin aprelin 22-də Rusiya
Federasiyasına işgüzar səfəri, Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşündə,
həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin
veteranları və işçiləri ilə birgə görüşdəki çıxışında səsləndirilən fikirlər iki ölkə arasında
münasibətlərin dünəninə, bu gününə və gələcəyinə bir daha işıq saldı. Məlumdur ki,
Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və
məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz
təkcə böyük nəqliyyat layihələri həyata keçirmir, həm də Şimal-Cənub Beynəlxalq Nəqliyyat
Dəhlizinin yaradılmasında fəal iştirak edir, həm iqtisadi, həm siyasi, enerji, humanitar və bir
çox digər sahələrdə fəal əməkdaşlıq aparırıq. Bu mühüm məqam da xüsusi vurğulandı ki,
hazırda 50 illik yubileyi qeyd olunan bu nəhəng layihənin həyata keçirilməsində Ümummilli
Lider Heydər Əliyevin böyük rolu olub. Dövlətimizin başçısı sözügedən görüşdəki çıxışında
bu mühüm məqamı xüsusi qeyd etdi ki, Heydər Əliyev amili dövlətlərarası
münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaq. Çünki o, Kremldə işlədiyi
illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər
göstərib. Onlardan biri də nəqliyyat sahəsi idi. Fəxr edirik ki, Azərbaycan inşaatçıları və
mütəxəssisləri də bu nəhəng layihənin tikintisində fəal iştirak ediblər. Tarixin müxtəlif
məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də
ardıcıl inkişafına töhfə verir.
Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Dövlət
başçısı İlham Əliyev çıxışında bu reallığı da xüsusi vurğuladı ki, 2000-ci illərin əvvəllərində
ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Rusiya
Prezidenti Vladimir Putin və Ulu Öndər Heydər Əliyev qoyublar. Vladimir Putinin 2001-ci ildə
Azərbaycana, Ümummilli Lider Heydər Əliyevin 2002-ci ildə Rusiyaya dövlət səfəri bu gün
birlikdə şahidi olduğumuz böyük yolun başlanğıcı olub. Ümummilli Lider Heydər Əliyevin
Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən
yüksək səviyyədə inkişaf etdirilməsinə başlanıldı. Müstəqillik tariximizdə iki ölkənin
əlaqələrinin inkişafına xidmət edən sənədlərin say tərkibinin çoxluğu da bu dostluğun,
müttəfiqliyin möhkəm təmələ əsaslandığını təsdiqləyir. Ulu Öndər Heydər Əliyevin
hakimiyyəti dövründə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ildə
imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə” əlaqələrimizdə
yeni səhifə açdı. 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri zamanı
imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində
əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun
müəyyənləşdirilməsi baxımından mühüm sənəd oldu. Bu sənəd Rusiya-Azərbaycan
münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirdi.
Faiq Əhmədov,
Sabirabad RİH başçısının Qalağayın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi