Prezident İlham Əliyevin dünya siyasətində əsas söz sahiblərindən biri olan
Rusiyaya səfəri regionun gələcək mənzərəsi, ölkəmizin daxili və xarici siyasəti
baxımından çox əhəmiyyətlidir. Azərbaycan və Rusiya regionda sabitləşdirici mövqe
sərgiləyiblər və təhlükəsizliyin qorunmasında mühüm addımlar atıblar. Hər iki dövlətin
genişlənən əməkdaşlığı xalqların və dövlətlərin marağına uyğundur. Eyni zamanda, bu,
həm də bütövlükdə regionda təhlükəsizliyin qorunub saxlanmasına xidmət edir.
Aprelin 22-də Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti
Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin
inkişafına yeni və mühüm töhfə olub. Əvvəlcə iki dövlət başçılarının təkbətək görüşü
keçirilib. Görüş zamanı ölkələrimiz arasında iqtisadi-siyasi sahələrdəki əməkdaşlıq
əlaqələrinin müzakirəsi ilə yanaşı həm də bu il 50 illik ybileyi qeyd edilən Baykal-Amur
Magistralının tikintisi və bu zaman Ulu Öndər Heydər Əliyevin bu nəhəng layihənin
ərsəyə gəlməsində mühüm xidmətləri yad olunub.
Gürüşdə Prezident İlham Əliyev Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından
çox razı olduğunu bildirib. Azərbaycan dövlətinin başçısı vurğulayıb: “Biz əlaqələrimizin
inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada –
Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl
inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə
çərçivəsində işləyirik”.
Səfər çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur
Magistralının (BAM) 50 illik yubiley tədbirində iştirak ediblər. Tədbirdə hər iki dövlətin
rəhbərləri və dəmir yolu sahəsinin veteranları və işçiləri, tikintidə iştirak edən bir sıra
şəxslər iştirak ediblər. Bu yubiley tədbiri BAM-ın tikintisi məsələləri üzrə daimi
komissiyasının rəhbəri kimi bu nəhəng layihənin reallaşdırılmasında müstəsna
xidmətləri olan Ulu Öndər Heydər Əliyevin xatirəsinə və nümunəvi fəaliyyətinə
göstərilən yüksək ehtiramın daha bir ifadəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev Baykal-Amur Magistralının (BAM) 50 illik
yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşdə Ulu
Öndər Heydər Əliyevin xatirəsinə göstərdiyi ehtirama görə Rusiya Prezidenti Vladimir
Putinə minnətdarlığını bildirib. Azərbaycan dövlətinin başçısı deyib: “Əlbəttə, Heydər
Əlirza oğlu Əliyevin xatirəsinə ehtiramla yanaşdığına görə Vladimir Vladimiroviç Putinə
xüsusi təşəkkür sözləri ifadə edirəm. Biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində
ölkələrimiz arasında dostluq, mehriban qonşuluq münasibətlərinin əsasını məhz
Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. 2001-ci ildə Vladimir
Vladimiroviç Putin Azərbaycana səfər etdi və bu, bizim birlikdə keçdiyimiz uzun bir yolun
başlanğıcı oldu”.
Qeyd edilməlidir ki, bu gün Rusiya Federasiyasının iqtisadi inkişafında
əhəmiyyətli rol oynayan Sibir və Uzaq Şərqin təbii resursları məhz bu dəmir yolu ilə
mərkəzi və Qərbi Rusiyaya, eləcə də xarici dövlətlərə ixrac edilir. Rusiyanın əsas neft-
qaz yataqları, meşə və balıqçılıq, heyvandarlıq təsərrüfatları bu magistral boyunca
yerləşir ki, bunların da daşınmasında, ixracında, eləcə də yerli xalqların maliyyə və
sosial vəziyyətinin inkişafında BAM çox böyük rola malikdir. Bu magistralla ildə
təxminən 180 milyon ton yük daşınır. Rusiyanın vaxtilə insan ayağı dəyməyən, ucu-
bucağı görünməyən əyalətlərində BAM hesabına bu gün müasir şəhərlər yaradılıb. Bu
yol Rusiyanın tranzit sahəsində də inkişafına böyük təkan verib. Çin, Koreya
Respublikası, Vyetnam, Hindistan və digər cənub Şərqi Asiya və Orta Asiya dövlətləri
Avropa ilə ticarət əlaqələrini məhz BAM vasitəsi ilə qurublar. Rusiya mətbuatının
yazdığına görə, 2030-cu ilədək BAM daha 3,5 min kilometr uzadılacaq, yeni stansiyalar
tikiləcək.
1969-1982-ci illərdə Azərbaycana uğurla rəhbərlik edən, yüksək təşkilatçılıq
qabiliyyəti və cəsarətli ideyaları ilə bütün SSRİ məkanında tanınan Heydər Əliyevin
1982-ci il noyabrın 22-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi
Bürosunun üzvü seçilməsi və noyabrın 24-də SSRİ Nazirlər Soveti sədrinin birinci
müavini təyin edildi. Məhz həmin mühüm vəzifədə çalışdığı dövrdə SSRİ-də ən mühüm
və çətin layihələrə rəhbərliyin bilavasitə Ümummilli Lider Heydər Əliyevə həvalə
olunması dahi şəxsiyyətin liderlik, idarəçilik və təşkilatçılıq qabiliyyətinin geniş şöhrət
tapmasının göstəricisi idi. Həmin dövrdə Ümummilli Lider Heydər Əliyev Baykal-Amur
Magistralının həyata keçməsinə dəstək verən Siyasi Büro üzvlərindən biri idi. Sovet
İttifaqında nəqliyyat sisteminin inkişafına xüsusi diqqət yetirən SSRİ Nazirlər Soveti
sədrinin birinci müavini Heydər Əliyevin 1984-cü ildə magistral boyunca 10 günlük səfər
etməsi ilə BAM-ın tikintisində ciddi dönüş yarandı.
Qeyd edilməlidir ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi
hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək
səviyyədə inkişaf etdirilməsinə başlanılıb. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər
Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə
yeni mərhələnin əsasını qoyub.
Ulu Öndər Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət strategiyasını uğurla
davam etdirən Prezident İlham Əliyev də Rusiya ilə ikitərəfli əlaqələrin
genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının
Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq
əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir. Xüsusi vurğulanmalıdır ki, SSRİ-nin
süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi
yüksək səviyyədə olmayıb. Göründüyü kimi, hazırda hər iki ölkə arasında bütün
sahələrdə yüksək səviyyəli münasibətlər mövcuddur. Azərbaycan rəsmilərinin Rusiyaya,
həm də Rusiya rəsmilərinin ölkəmizə səfərləri bunun bariz sübutudur. Heç şübhəsiz ki,
2024-cu il Azərbaycan-Rusiya münasibətlərinin inkişafında daha məhsuldar bir il kimi
yadda qalacaq.
Prezident İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri ikitərəfli əlaqələrin
yüksək səviyyədə olmasının daha bir bariz sübutudur. Bu səfər regionun gələcək
mənzərəsi, ölkəmizin daxili və xarici siyasəti baxımından çox böyük əhəmiyyətə
malikdir. Dünya siyasətində əsas söz sahiblərindən biri olan Rusiya ilə hazırda da
münasibətlərimizin inkişafının dönməz, dayanıqlı və davamlı əsaslara söykənməsi bunu
bir daha sübut edir.
Adəm Mansurov,
Sabirabad rayonu Moranlı bələdiyyəsinin sədri