KANAL24.AZ
Az Iw En Ru

Başçı İmişlini BELƏ İDARƏ EDİR. O,Vilyam Haciyevin atasına Rəhmət oxutdurur…- İTTİHAM VAR…

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 21 may 2020-ci il tarixdə imzaladığı Sərəncam əsasında, 1967-ci il təvəllüdlü Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunur. Qeyd edək ki, Elçin Rzayev bu təyinata qədər Əmlak Məsələləri Dövlət Komitəsində çalışıb, Yasamal RİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və s. kimi vəzifələri də daşımışdır. Belə bir səbəbdən də, Elçin Rzayevin İmişli rayon rəhbərliyinə təyin olunması ilk vaxtlar tam əksəriyyətin nəzər-diqqətində müəyyən inam hissinin formalaşmasına səbəb olmuşdu, amma aylar, illər keçdikcə isə, məhz formalaşan inam hissi əməlli-başlıca inamsızlığa çevrildi. Bəli, ilk vaxtlarda hər kəs elə düşünürdü ki, İmişli RİH-nin başçısı mühüm strateji vəzifələri daşıdığından o, yetkin idarəçilik qabiliyyətinə malik olan vəzifə sahibidir.

Amma, vaxt keçdikcə düşüncələrdə formalaşan inam hissinin boş olması hər kəsə bəlli oldu. Yəni, atalar demişkən “sən saydığını say, gör fələk nə sayır” zərb-məsəli özünü doğrultdu. Məsələnin diqqəti cəlb edən tərəfi odur ki, bu günə kimi Prezident İlham Əliyevin məmurlardan əsas tələbi, vətəndaşlara qarşı münasibətdə onların siyasi mədəniyyət nümayiş etdirmələrini, insanlara qarşı hörmətlə yanaşma hissi ortaya qoymalarını, sakinlərə məxsus sosial problemlərin aradan qaldırılmasına dəstək olmalarını və s. tələb etməsi olmuşdur. Unutmaq olmaz ki, ölkə rəhbəri əksər çıxışlarında “Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır” deyə qeyd edir. Bundan əlavə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 1.2-ci hissəsində qeyd olunub ki, hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutmalı və bu Qanunun müddəalarına əməl etməyə də borcludurlar. Qəbul olunmuş Qanunda belə bir tələblərin olmasına baxmayaraq, İmişli RİH-nin başçısı üzərinə düşən vəzifə borcunu lazımi səviyyədə yerinə yetirmək əvəzinə, bu gün də o, bir növ “sabotaj”lıqla məşğul olur. Çünki, Elçin Rzayev rayonun Muradxanlı kənd sakinlərinin üzüzə qaldıqları sosial problemlərin həllinə dəstək olmur, əksinə bu şəxs özü üçün var-dövlət toplamaqla məşğul olur.

Qeyd edək ki, bir neçə gün bundan öncə İmişli RİH-nin başçısı Elçin Rzayev, rayonun bəzi kəndlərində səyyar-qəbul görüşlər keçirir. Elə ki, icra başçısı Muradxanlı kəndində olur, o halda kənd sakinlər çox ciddi su problemi ilə üzüzə qaldıqlarını və buna görə də susuzluqdan olduqca əziyyət çəkdiklərini rəhbərliyin diqqətinə çatdırıırlar. Sakinlər bildirdikləri şikayətlərində “Elə şəxslər var ki, onlar Muradxanlı kəndində torpaq sahələri alıb təsərrüfatla məşğul olurlar və həmin şəxslərin su ilə təmin olunmaları da ödənilir. Uzun illər ərzində bu kənddə yaşayan yerli sakinlər isə, bu gün də susuzluqdan əziyyət çəkirlər” deyə qeyd edirlər. Elə ki, günlər keçir və kənd sakinləri görürlər ki, onların etdikləri şikayətlə bağlı heç bir tədbir görən yoxdur. Belə olan halda sakinlər RİH başçısının qəbulunda olmaq və bir daha narazılıqlarını icra başçısı Elçin Rzayevin diqqətinə çatdırmaq qərarına gəlirlər. Təəssüf doğuran hal o olur ki, həmin vaxt rayon rəhbərliyi sakinləri qəbul edib dinləmək, yaxud da onların üzüzə qaldıqları problemin həllinə dəstək göstərmək əvəzinə, qəbula gələn və su çatışmazlığından əziyyət çəkən sakinlərin həbs olunmaları ilə bağlı tapşırığını verir. Bu da onu göstərir ki, Elçin Rzayev sakinlərin problemlərinə əhəmiyyət vermir və onları saya da salmır. Bir sözlə, bu şəxs sakinlərə qarşı qənim kəsilir.

Redaksiyamıza daxil olan məlumatlara görə, indiyə kimi rayon sakinlərindən bir çoxu İmişli RİH-nin başçısının “əndazəni aşan” addımları ilə üzüzə qalıblar. O halda sual oluna bilər ki, nəyə görə Elçin Rzayev bugünkü vəzifəsinə təyin olunub? Məgər bu şəxs sakinlərə məxsus problemlərin həlli ilə, yoxsa onları “dama soxdurmaq”la məşğul olmalıdır? Deməli, RİH-nin başçısı özünü İmişlinin “əlçatmaz, ünyetməz firon”u hesab edir ki, bu gün o, belə bir addımlarını atır. O halda sual oluna bilər ki, bu şəxs icra başçısı vəzifəsinə təyin olunarkən möhtərəm Prezidentin ona verdiyi tapşırıqlar əhəmiyyətini itirdimi? Yoxsa, İmişlidə dərəbəylikdir? Yəqin ki, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyyələrə əməl etməyən Elçin Rzayevlə bağlı yaxın vaxtlarda lazımi addınmlar atılacaq. O halda hər kəs şahidi olacaq ki, İmişli RİH-nin başçısı sələfinin aqibətini yaşamalı olan şəxsdir. Nəysə, yaşayarıq, görərik! Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.

GundemXeber.Az


18:28 23.04.2024