KANAL24.AZ
Az Iw En Ru

Qarabağ və Şərqi Zəngəzurda böyük suvarma layihələri nəzərdə tutulur

Azərbaycan dayanıqlı inkişafı ilə daim dünyanın diqqətindədir. Buna əsas verən iqtisadiyyatın
düzgün əsaslar üzərində qurulmasıdır. Ümummilli Lider Heydər Əliyevin «İqtisadiyyatı güclü olan
dövlət hər şeyə qadirdir» tezisi bütün dövrlər üçün aktuallığını qoruyur. Ulu Öndərin iqtisadiyyatın
inkişafında neft amilinə önəm verməsi bugünümüzə və gələcəyimizə xidmət edən addımları
sırasındadır. Yeni neft strategiyasının uğurları hazırda Azərbaycanın bütün bölgələrinin, o cümlədən
işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında, infrastrtuktur layihələrinin uğurlu icrasında
özünün aydın ifadəsini tapır. Azərbaycanın qısa müddətdə sabitlik diyarı kimi tanınması, normal
iqtisadi mühitin yaradılması böyük investisiyalar məkanına çevrilməsini şərtləndirdi.
Hazırkı dövrün çağırışlarına diqqət yetirsək görərik ki, iqtisadiyyatın inkişafında üç mühüm
sahənin inkişafı əsasdır: enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi. Regional inkişaf proqramlarının
uğurlu icrası nəticəsində yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması
istiqamətində həyata keçirilən mühüm tədbirlərin miqyası genişdir. Prezidentin Fərman və
sərəncamlarına uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada
keçidləri inşa olunub və olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Dövlət
başçısı İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının
təməlinin qoyulması mərasimindəki çıxışında «Azərbaycan xalqı da tam əmindir ki, dediyimiz bütün
sözlər, verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir və bu gün dediyim, bu layihələrin icrası da
tam təmin ediləcək» söyləyərək belə bir əminliyi də ifadə etmişdir ki, biz üç ildən sonra – uzaqbaşı
2027-ci ilin sonuna qədər Şirvan kanalının da açılışını qeyd edəcəyik.
Prezident İlham Əliyev sözügedən çıxışında bu məqamlara xüsusi diqqət yönəltdi. «Mən bir
həftə bundan əvvəl Hacıqabul rayonunda yerləşən aqroparkın fəaliyyəti ilə tanış olmuşam. Mənə
məlumat verildi ki, burada 4 mindən çox hektarda taxıl əkini aparılmışdır və məhsuldarlıq hər
hektardan buğda üzrə 7 tona yaxın olmuşdur. İndi müqayisə üçün deyim ki, ölkəmizdə orta
məhsuldarlıq hər hektardan 3 tondan bir qədər çoxdur. Burada – Hacıqabulda heç vaxt o sahələrdə
əkin aparılmamışdır – nə sovet vaxtında, nə müstəqillik dövründə. Çünki su yox idi və torpaq da o
qədər münbit deyil. Su olanda, yeni texnologiyalar tətbiq ediləndə, texnika, dövlətin dəstəyi, özəl
sektorun fəaliyyəti – bütün bu amillər birləşəndə, bax, biz bu nəticəni görürük –Hacıqabulda hər
hektardan 7 ton» söyləyən cənab İlham Əliyev onu da qeyd etdi ki, biz hələ idxaldan asılıyıq. Əgər bu
texnologiyalar təkcə Şirvan kanalı boyunca, ərazilərdə tətbiq olunsa, onda idxaldan asılılığı böyük
dərəcədə azaldacağıq. Sadaladığım digər layihələr icra edildikdə bəlkə də nə vaxtsa idxaldan,
ümumiyyətlə, imtina edəcəyik.
Qarabağ və Şərqi Zəngəzurda digər böyük suvarma layihələri də nəzərdə tutulur. Həkəriçay,
Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi planlaşdırılır. Təbii ki, bütün bunlar böyük
vəsait tələb edir. Ölkəmizin iqtisadi və maliyyə imkanları hər bir layihənin zamanında icrasına geniş
imkanlar yaradır. Hazırkı dövrün əsas çağırışlarından biri işğaldan azad edilmiş ərazilərimizin yenidən
qurulması və bərpası, həmçinin soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Bu torpaqlarda
soydaşlarımızın məşğulluğunun təmin edilməsi üçün zəruri olan şərait yaradılıb. Ənənəvi kənd
təsərrüfatı sahələrinin bu ərazilərdə də inkişafı əsas prioritetlər sırasındadır. Ən müasir
texnologiyaların tətbiqi nəticəsində ərazilərimizdə həm taxılçılıq, həm də meyvəçilik, bostançılıq,
üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir
və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının – çayların, bulaqların, yaylaqların
mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Cənab İlham Əliyev
bildirdi ki, hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum
səmərə götürək və bunu edəcəyik.
Əvvəldə də qeyd etdiyimiz kimi, ölkəmiz böyük investisiya imkanlarına malikdir. Yaxın
zamanlarda Qarabağ və Şərqi Zəngəzur investisiyalar məkanına çevriləcək. Ölkə iqtisadiyyatına
yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici
investisiyaları üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir.
Son illərdə əksər kənd təsərrüfatı məhsullarının istehsal həcminin artım tempi ölkədə kənd
əhalisinin sayının artım tempini dəfələrlə üstələyib. Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji
təhlükəsizliyi qədər önəmlidir. Gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar
ərzaq təhlükəsizliyimizin tam təmin edilməsinə böyük kömək göstərəcək.
Yeganə Cəbiyeva,
S.Vurğun adına 3 saylı Sabirabad şəhər tam orta məktəbinin tarix müəllimi


10:42 18.04.2024