KANAL24.AZ
Az Iw En Ru

Unudulmaz alim, mehriban ana, qayğıkeş insan

Bu gün bütün səviyyələrdə etiraf olunur ki, akademik Zərifə xanım Əliyeva
oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmış, fədakar
həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsinə, o cümlədən, Azərbaycanda traxomanın
kökünün kəsilməsinə böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və
müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparmışdır. Alimin elmi
fəaliyyətinin istiqamətlərindən biri gözün oftalmoloji, histomikroskopik və histokimyəvi
tədqiqinə həsr edilmişdir. Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri onun "Yaşla
əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi", "Gözün hidrodinamik sisteminin
anatomo-fizioloji xarakteristikası" adlı monoqrafiyalarında geniş və ətraflı şəkildə öz əksini
tapmışdır.
Zərifə xanımın elmi fəaliyyətinin digər sahələrindən biri klinik diaqnostik istiqamətdə
apardığı tədqiqatlardır ki, onların da nəticələri həkimlər üçün yazılmış dərs vəsaiti və
monoqrafiyalarda cəmləşmişdir. Bu əsərlər arasında "Kəskin virus konyuktivitləri", "Keratitlər,
gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar", "Qlaukoma və
gözün hipertenziyası", "Görmə orqanının zədələnməsi", "Göz yaşı axmasının fiziologiya və
histologiyası", "Şəkərli diabetdə göz xəstəlikləri", "Gözün mikrocərrahiyyəsi", "Göz bəbəyi
haşiyəsinin adaptasiya və müdafiə funksiyası" və s. oftalmologiya elmində böyük rəğbətlə
qarşılanmışdır. Alim göz yaşı aparatının xəstəliklərinin öyrənilməsinə xüsusi diqqət yetirmiş,
bu sahəyə həsr etdiyi "Yaşaparıcı yolların fiziologiyası", "Yaşaparıcı yolların cərrahi
müalicəsi", "Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları" və s. əsərləri ilə Azərbaycan
lakrimologiyasının əsasını qoymuşdur. Bunlarla yanaşı, Zərifə xanım Əliyeva nadir sahə olan
iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olmuş, bu sahəyə dair iki
monoqrafiya hazırlamışdır. Bu monoqrafiyalardan "İridodiaqnostikanın əsasları" rəngli
illüstrasiyalarla "Azərnəşr" tərəfindən, digər monoqrafiya isə "İridodiaqnostika" adı ilə 1988-ci
ildə Moskvada nəşr edilmişdir. Qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya
aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazmışdır.
Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də peşə
oftalmologiyasına həsr edilmişdir. Zərifə xanım, sözün əsl mənasında, bu sahənin ilk pioneri
olmuşdur. Alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-
tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin, "peşə
oftalmologiyası"nın əsasını qoymuşdur. Oftalmologiyada peşə xəstəlikləri problemi Zərifə
xanımın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr
etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirmiş və onu dünya oftalmologiyası
məkanında məşhurlaşdırmışdır. Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi
işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və bu xəstəliklərin
profilaktika tədbirlərini işləyib hazırlamışdır. Onun bu istiqamətdə apardığı elmi-tədqiqat işləri
dünya ədəbiyyatında analoqu olmayan nadir tədqiqatlar sırasındadır.
Zərifə xanım uzun illər respublikanın ondan artıq iri sənaye müəssisələrində
genişmiqyaslı elmi-tədqiqat işləri aparmışdır. Göstərilən istiqamətdə apardığı elmi-tədqiqat
işlərinin nəticələri alimin "Şin istehsalatında gözün peşə patologiyası", "Xronik yod
intoksikasiyası zamanı oftalmologiya" və "Yod sənayesində gözün peşə xəstəliyinin
profilaktikası" kimi qiymətli monoqrafiyalarında öz əksini tapmışdır. Görmə orqanının peşə
patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik
Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb
Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Məşhur oftalmoloq
akademik M.Krasnov Zərifə xanımın görmə orqanının peşə patologiyasının öyrənilməsinə
həsr etdiyi tədqiqatları yüksək qiymətləndirərək qeyd etmişdir ki, əcəl Zərifə Əziz qızına bir
neçə il də möhlət versəydi, o, oftalmologiya elmi sahəsində yeni kəşflərin rəhbəri ola bilərdi.
Ülvi keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əliyeva öz elmi fəaliyyətində etika
və tibbi deontologiya məsələlərinə xüsusi yer vermişdir. O, bu mövzuya dair baxışlarını
oftalmoloji ictimaiyyət və praktik həkimlər tərəfindən böyük rəğbətlə qarşılanmış "Həkimin
yüksək vəzifəsi" və "Oftalmologiyanın aktual problemləri" monoqrafiyalarında ətraflı
işıqlandırmışdır. Zərifə xanımın mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və
deontologiyaya dair baxışları onun "Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq

məsələləri" əsərində daha ətraflı şəkildə əks olunmuşdur. Zərifə xanım dəfələrlə deyirdi ki,
həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir,
orqanizmin xəstəliyə qarşı müqavimətini artırır və bəzən dava-dərmandan da güclü təsir
göstərir. Zərifə xanım həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib
etmiş, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərmiş, bütün
tibb işçilərinin təkcə təhsilinin yox, həm də tərbiyəsinin vacibliyini ön plana çəkmişdir. Alim
həkim-xəstə münasibətlərinə toxunaraq, insanlar arasında ən incə, yaxın və həssas
münasibətlərin məhz həkimlə xəstə arasında olduğunu göstərmiş, "həkim xəstənin ən doğma
adamıdır" demişdir. Zərifə xanımın tibbi etika və deontologiyaya dair məqalə və əsərləri ilə
yaxından tanış olduqda, onun bu sahəyə dair işlərinin daha geniş miqyasda olduğu və təkcə
tibbdə deyil, bütövlükdə cəmiyyətdə insanlar arasında münasibətlərə həsr edildiyi məlum olur.
Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva
təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli
elmi-tədiqat işləri aparmaqla kifayətlənməmiş, yüksəkixtisaslı gənc alim kadrların
yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət
yetirmişdir. Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında
tarixi sözlər demişlər. Moskva oftalmoloji məktəbi Zərifə xanımı "oftalmologiyanın mirvarisi"
adlandırırdı. Dünya şöhrətli oftalmoloq akademik A.Nesterov demişdir: "Zərifə Əliyeva çox
ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm.
Oftalmologiyada o, bir nömrəli idi". Akademik N.Puçkovskaya "Xeyirxahlıq Zərifə xanımın
həyat tərzi idi" deyərək, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulamışdır.
Professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Professor
N.Şulpina Zərifə xanımı dünya şöhrətli alim adlandıraraq, "biz onu sevmişik, sevirik və
ömrümüzün sonuna qədər sevəcəyik" demişdir.
Praktik əməli həkim fəaliyyəti ilə yanaşı, Zərifə xanım elmi axtarışlarını davam etdirirdi.
Onun ilk tədqiqatlarının mövzusu həyatdan götürülmüşdür. Özünün tədqiqat işlərini
traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə, traxomanın və onun ağır nəticələrinin
müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin
öyrənilməsinə həsr etmişdir. Bu tədqiqatların nəticələri Zərifə xanım Əliyevanın 1960-cı ildə
"Sintomisin terapiya metodlarının başqa birləşmələri traxomanın müalicəsi"ndə mövzusunda
müvəffəqiyyətlə müdafiə etdiyi namizədlik dissertasiyasının əsasını təşkil etmişdir. 1968-ci
ildən başlayaraq Zərifə xanım Əliyeva professional oftalmologiyanın məsələləri ilə ciddi
məşğul oldu. Bu sahənin əhatə dairəsinin çox geniş olmasına baxmayaraq, gözün peşə
xəstəlikləri probleminə dərin və çoxsahəli marağını Zərifə xanım Əliyeva bütün həyatı boyu
itirməmişdir. Uzunmüddətli müşahidələrin və tədqiqatların nəticələri görkəmli həkimin,
"Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərinin görmə üzvünün vəziyyəti"
mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil etdi. 1976-cı ildə Q.Helmqolts adına
Moskva Göz Xəstəlikləri İnstitutunda həmin dissertasiyanın müdafiəsi zamanı Sovet İttifaqının
aparıcı alimləri Zərifə xanımın elmi əsərlərini çox yüksək qiymətləndirdilər.
Bütün bu elmi fəaliyyəti ilə yanaşı Zərifə xanım, eyni zamanda, qayğıkeş ana, gözəl,
vəfalı ömür-gün yoldaşı olmuşdur. Deyirlər, ana övladını özündən də çox istəyir. Tanrının
bəxş etdiyi övladlarına qarşı Zərifə xanım da məhz belə ana idi. Enişli-yoxuşlu ömür
yollarında birgə addımladığı həyat yoldaşı, ümummilli liderimiz Heydər Əliyev gərgin
fəaliyyətlə məşğul olan, həyatını bütövlükdə Azərbaycana həsr edən böyük şəxsiyyət kimi
yorulmadan müqəddəs amallar yolunda öz qüvvəsini əsirgəmirdi.
Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır.
Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və
qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona
həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır. Unudulmaz alim,
qayğıkeş ana olan Zərifə xanım xalqımız tərəfindən ehtiramla yad olunmağa layiqdir.
Vüsalə Həsənova,
5 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


10:27 16.04.2024