KANAL24.AZ
Az Iw En Ru

Zərifə xanım Əliyeva elmi xidmətlərinə görə Azərbaycanın elm tarixində böyük iz qoymuşdur

Hər bir dövlət tanınmasında, digərlərindən seçilməsində yetişdirdiyi ziyalıların böyük
rolu vardır. Azərbaycan tarix boyu parlaq zəkalı, uzaqgörən ziyalıları ilə tanınmış, rəğbət
qazanmışdır. XX əsr elm və mədəniyyət tarixində misilsiz xidmətlər göstərmiş onlarla görkəmli
şəxsiyyət ölkəizin adını, nüfuzunu dünya səviyyəsində tanıtmışdır. Belə ziyalılardan biri də
Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının
həqiqi üzvü Zərifə xanım Əliyevadır. Zərifə xanımın tanınmış dövlət və ictimai-siyasi xadim,
böyük şəxsiyyət Əziz Əliyevin qızı olması onun dövrünün ziyalı mühitində yetişməsinə,
formalaşmasına böyük təsir göstərmişdir.
Məhz Zərifə xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda oftalmologiya məktəbinin ilk
tədqiqat mərkəzi sayılan ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası yaradılmışdır. Zərifə
xanımın respublikada yüksək ixtisaslı kadrların hazırlanması, gənc alimlərin və həkim-
oftalmoloqların yetişməsində xidmətləri danılmazdır. 
Zərifə xanım 1960-cı ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə
müalicəsi” mövzusunda namizədlik dissertasiyanı uğurla müdafi etmişdir. Traxomanın sosial
xəstəlik kimi Azərbaycanda ləğvi məhz Zərifə xanımın araşdırmalarının nəticəsidir. 1977-ci
ildə isə “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti”
mövzusunda yazdığı dissertasiya işini H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz
Xəstəlikləri İnstitutunda uğurla müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini almışdır.
Doktorluq dissertasiyasını müdafiəsindən sonra Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilən Zərifə xanım, 1983-
cü ildə Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya
kafedrasına müdir seçilmişdir. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə
professor Zərifə xanım 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının
akademiki seçilmişdir.
Zərifə xanım Əliyevanın tibbi təcrübə və kadr hazırlığında böyük xidmətləri vardır. Alim
bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adını
almışdır.
Görkəmli alim, gözəl insan Zərifə xanım, 1985-ci il aprelin 15-də Moskva şəhərində
dünyasını dəyişmişdir. Akademik, tanınmış oftalmoloq alim Zərifə xanım Əliyeva elmi
xidmətlərinə görə Azərbaycanın elm tarixində böyük iz qoymuşdur.
Naqil İsgəndərov,
Sabirabad rayonu Həşimxanlı kənd tam orta məktəbinin direktoru


09:26 16.04.2024