“Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır.
Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol
oynayırlar” Ulu Öndər Heydər Əliyev
15 aprel Oftalmologiya elminin ölkəmizdə inkişafında müstəsna xidmətləri olan böyük
oftamoloq, Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anım günüdür. Alimləri sabaha inamla, gələcəyə
ümidlə yaşamağa ruhlandıran mənəviyyatca pak və nəcib insan, görkəmli şəxsiyyət olan Zərifə
xanımın müqəddəs xatirəsi, ülvi insani kefiyyətləri, elmi fəaliyyəti təkrarsız bir insan olaraq hər zaman
xatırlanır.
Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvan MR-nın Şərur rayonunun Şahtaxtı kəndində,
görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Əziz Əliyev - Azərbaycanın
səhiyyə sisteminin inkişafında misilsiz xidmətləri olan, ayrı – ayrı vaxtlarda rektor, nazir, Mərkəzi
Komitənin Katibi, Baş Nazirin müavini kimi vəzifələrdə çalışan, həmişə yüksək intellekti, təşkilatçılıq
bacarığı ilə seçilən ziyalı olmuşdur. Zərifə xanım belə bir şəxsiyyətin ailəsində boya-başa
çatmışdı.Zərifə xanım Əliyeva 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika
fakültəsinə daxil olur və 1947-ci ildə həmin institutu əla qiymətlərlə bitirir. Oftalmoloq peşəsinə
yiyələnmək istədiyi üçün Moskva şəhərinə gəlir və Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə
İnstitutunda ikiillik ixtisasartırma kursu keçərək, həkim-oftalmoloq ixtisasına yiyələnir.
Azərbaycanda bir sıra göz xəstəliklərinin geniş yayıldığı və traxoma deyilən dəhşətli bəlanın
tüğyan etdiyi dövrdə Zərifə xanım “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə
müalicəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Onun təklifi ilə yeni müalicə metodu
tezliklə geniş təcrübi tətbiqini tapır və nəticədə, respublikada traxoma bir xəstəlik kimi ləğv edilir.
Sonrakı elmi fəaliyyətində Zərifə xanım “Azərbaycanın kimya sənayesi işçilərində görmə
orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, apardığı tədqiqatlar “Şin
istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod
sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarda öz əksini tapmışdır.
Onun elmi fəaliyyəti o qədər çoxşaxəli ve genişdir ki, zaman-zaman bu barədə danışmaq olar.
Ümumilli liderimiz onun alim kimi fəaliyyətini belə səciyyələndirirdi: “Zərifə xanım çox böyük alim olub.
Mən hələ onunla həyat quranda o artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti
məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm,
ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu
üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə
unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-
ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar.” Ölkə başçısı cənab İlham Əliyev də anasının həkimlik
fəaliyyətindən bəhs edərkən “Zərifə xanım sözün, əsl mənasında, böyük həkim idi” – deyə, fikir
bildirmişdir.
Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev
çıxışlarının birində: “Mən xoşbəxtəm ki, Zərifə xanım kimi anam olub” – deyə, öz hissini ifadə etmişdir.
İndi Zərifə xanımın ruhu şaddır. Ona görə ki, böyük məhəbbət və məsuliiyətlə boya-başa
çatdırdığı oğlu – möhtərəm Prezidentimiz 44 günlük Vətən müharibəsində Azərbaycanın adını dünya
tarixinə yazdı. İlk dəfə olaraq qətiyyətli və uzaqgörən, düzgün hədəflənmiş siyasətilə böyük sərkərdə,
böyük lider İlham Əliyev torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda çəng elədi, xalq öz
sərkərdəsinin yanında ordu oldu və ərazi bütövlüyümüzü təmin elədi.
Yaşanılan ömür yolunun sərlövhələri Onu zamanımızın seçilən xanımı etməklə yanaşı, gələcək
nəsillər üçün örnək olacaq bir simaya çevirdi. Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi hər kəsə bəlli bir
nümunəvi yoldur. Zərifə xanımı hörmətlə anırıq, xatirəsi qarşısında böyük ehtiramla baş əyirik!
Mirtaleh Ağazadə,
Sabirabad rayon Mədəniyyət Mərkəzinin direktoru