Zərifə xanım Əliyeva zəngin, şərəfli ömür yolu bugünkü və gələcək nəsillər üçün parlaq
nümunədir. O, həm peşəkar həkim-mütəxəssis, həm ləyaqətli ziyalı, həm vəfalı ömür-gün
yoldaşı, həm də qayğıkeş ana kimi Azərbaycan tarixində silinməz izlər buraxmışdır. Zərifə
xanımın çoxşaxəli fəaliyyəti ictimai əhəmiyyətli və faydalı olub. O, həm insanlara nur və şəfa
bəxş edib, həm savadlı, peşəkar mütəxəssislərin yetişməsində fəal rol oynayıb, həm də gənc
nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi üçün örnək yaradıb. Yəni, Zərifə xanım
Əliyevanın fərdi və ictimai portreti rəngarəng, həyat yolu mənalı və nümunəvidir. Zərifə xanım
Əliyevanın zəngin irsindən bəhs edərkən, ilk növbədə, oftalmologiya elminə müstəsna
töhfələrinə xüsusi diqqət yetirmək lazımdır. Onun apardığı tədqiqatlar Azərbaycan tibb elminin
parlaq səhifələrini təşkil edir.
Azərbaycanda traxomanın xəstəlik kimi ləğv edilməsi Zərifə xanım Əliyevanın adı ilə
bağlıdır. Görkəmli alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını
araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin – peşə
oftalmologiyasının əsasını qoyub. O, həmçinin oftalmologiyanın aktual problemlərinə həsr
edilmiş çoxprofilli tədqiqatlar aparıb. Oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə
akademik Zərifə xanım Əliyeva keçmiş ittifaqın oftalmologiya sahəsində ən böyük mükafatı
olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Zərifə
xanım Əliyeva həmin mükafata layiq görülən ilk qadın alim idi. 150-dən artıq elmi əsərin
müəllifi olan akademik çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərinə
görə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Bunlarla yanaşı, görkəmli
alim SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin
müavini kimi fədakarcasına çalışıb. O, respublika “Bilik” Cəmiyyəti İdarə Heyətinin və keçmiş
ittifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü, o cümlədən “Oftalmologiya
xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olub. Bu, Zərifə xanımın ictimai fəaliyyətinin də
cəmiyyətimiz və respublikamız üçün faydalı, səmərəli olduğunu göstərir.
Zərifə xanımın insani keyfiyyətləri onun elmi və peşə fəaliyyətindən heç də az dəyərli
deyil. Alicənablıq, sadəlik, nur, nəciblik, qayğıkeşlik, ailəsinə bağlılıq onu ən gözəl
səciyyələndirən sözlərdir. Təsadüfi deyil ki, ölkəmizin bugünkü sürətli inkişafını, beynəlxalq
nüfuzunu, möhtəşəm uğurlarını təmin edən Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev, dövlətimizin ərazi bütövlüyünü bərpa edən Müzəffər Ali Baş Komandan məhz
belə bir ailədə dünyaya gəlib, formalaşıb. Azərbaycan Prezidentinin bilik və bacarığının,
qətiyyət və müdrikliyinin təməlində ulu öndər Heydər Əliyevlə yanaşı, sözsüz ki, Zərifə
xanımın da təsiri var. Zərifə xanım kimi müdrik bir insanın ocağının hər bir üzvünə onun
nurundan pay düşüb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyeva ehtiyacı olanların pənah yeri kimi tanınır,
insanlara qayğısı ilə hər kəsin sevgisini qazanıb. Ölkəmizdə hazırda səhiyyə sahəsində əldə
olunan nailiyyətlərdə, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafında onun böyük zəhməti var.
Zərifə xanım Əliyeva Vətən üçün – Azərbaycan naminə misilsiz işlər görüb. Vəfalı
ömür-gün yoldaşı, qayğıkeş ana kimi də bu missiyasını ləyaqətlə yerinə yetirib. Zərifə xanım
ümummilli lider Heydər Əliyevlə ailə məsuliyyətini paylaşaraq cənab İlham Əliyev kimi övlad
yetişdirib. Heydər Əliyev və Zərifə Əliyeva məktəbindən dərs alan Prezident İlham Əliyev ata
vəsiyyəti ilə yanaşı, xalqa, dövlətə, Vətənə sədaqət andını gerçəkləşdirərək Azərbaycana
tarixi nailiyyətlər qazandırıb, ölkəmizin adını qalib və qüdrətli dövlətlər sırasına yazdırıb. Bir
sözlə, cənab İlham Əliyev tarix yazıb və adını tarixə əbədi yazdırıb – həkk etdirib. Əlbəttə,
övladının yüksək məqama çatması, Vətən, xalq üçün faydalı işlər görməsi hər bir valideynin
ülvi məqsədi və arzusudur. İlham Əliyev isə arzuları gerçəkləşdirib. Ona görə də həm Ulu
Öndər Heydər Əliyevin, həm də Zərifə xanım Əliyevanın ruhu şaddır.
Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Amma ən böyük
mükafat, ən üstün dəyər xalqın ona sevgisi, düşüncələrdə və qəlblərdə silinməz yeri, əziz
xatirəsidir. Azərbaycan qadınlarına məxsus ləyaqətli, şərəfli bir ömür yaşamış Zərifə xanım
Əliyevanın işıqlı obrazı həmişə bizimlə olacaq, əziz xatirəsi daim anılacaq, qədirbilən
xalqımızın qəlbində əbədi yaşayacaq!
Leyla Qəhrəmanova,
Sabirabad rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi