ABŞ-Aİ-Ermənistan arasında 5 aprel Brüssel görüşü başa çatar-çatmaz Vaşinqtonun Ermənistandakı səfiri Kristina Quinn ölkəsinin İrəvana hərbi yardım edəcəyini etiraf edib.
O, “Azututyun” radiosuna müsahibəsində deyib ki, ABŞ Ermənistana zirehli "Təcili yardım" maşınları verməyi planlaşdırır.
O həmçinin bildirib ki, Ermənistanın hərbi sahədə ehtiyacları ilə bağlı müzakirələr davam edir:
“Artıq bir sıra məsələlərlə bağlı razılaşmalar var. Həmin razılaşmalarda zirehli "Təcili yardım" maşınlarının Ermənistana verilməsi də var. Həmin maşınlarda daşınan insanlar müdafiə olunacaqlar”.
Səfir vurğulayıb ki, artıq bu məsələnin həlli ilə bağlı razılıq var və hazırda onun həyata keçirilməsi istiqamətində iş aparılır.
ABŞ-ın Ermənikstandakı səfiri, ondan bir müddət əvvəl isə Fransanın həmin ölkədəki səfirinin bu sayaq açıqlamaları açıq şəkildə göstərir ki, 5 aprel Brüssel görüşündə tərəflər arasında bunu inkar etsələr də əslində təhlükəsizlik paktı da müzakirə olunub.
“Ermənistana hərbi dəstək onsuz da gəlir”
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirir ki, ABŞ başda olmaqla Qərb öz maraqları çərçivəsində Ermənistana hərbi və təhlükəsizlik sahəsində dəstək verəcək. Bunda da məqsəd İrəvandan aktiv şəkildə özünün geosiyasi ambissiyaları üçün istifadə etməkdir:
“Əslində NATO baş katibi Stoltenberqin regiona səfərindən sonra Ermənistana təhlükəsizlik təminatlarının veriləcəyinin anonsu verildi. Dəfələrlə qeyd etdik ki, 5 aprel Brüssel görüşündə guya Ermənistanda islahatların aparılması ilə bağlı müzakirələrin keçirilməsi məsələsi prosesin yalnız görünən tərəfidir.
Məsələnin ən vacib tərəfi isə ictimailəşdirilməyən tərəfdir.
Qərb öz maraqları çərçivəsində Ermənistana hərbi və təhlükəsizlik sahəsində dəstək olacaq ki, ondan aktiv şəkildə özünün geosiyasi ambissiyaları üçün istifadə etsin. Vaşinqtonun İrəvandakı səfirinin ABŞ-ın Ermənistana hərbi dəstək verəcəyilə bağlı açıqlaması yenilik deyil, bu gözlənilən idi. Ermənistana onsuz da Qərbdən hərtərəfli hərbi dəstək gəlməkdədir”.
Deputat qeyd edir ki, Qərb Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyir:
“Ona görə də Ermənistana hərtərəfli dəstək verəcək. Cənubi Qafqazda baş verən hər hansı bir hadisə region dövləti olaraq mütləq şəkildə Azərbaycana da aiddir. Məsələnin ikinci tərəfi isə odur ki, İrəvan ABŞ və Avropanın ondan Rusiyaya qarşı istifadə edilməsinin müqabilində Azərbaycana qarşı dəstək tələb edir. Ermənistan ağır məğlubiyyətinin əvəzini çıxmaq xülyasına düşür.
Amma Qərb Ermənistana nə qədər dəstək olsa da, İrəvan özünün utopik fikirlərini həyata keçirə bilməyəcək. Hər halda, Qərb özünün Ermənistanda hərbi mövcudluğunu təmin etməkdədir. Bu da regionumuz üçün ciddi təhlükələrdən xəbər verir. Dünyanın aparıcı qüvvələrinin burada barışmaz maraqları var. Qərb regionu böyük bir döyüş meydanına çevirmək istəyir və Ermənistan da burada alət rolunda çıxış edir”.