KANAL24.AZ
Az Iw En Ru

1918-ci ilin mart soyqırımları təkcə Azərbaycan deyil, dünya tarixində törədilən ən qanlı faciələrdən biridir

Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri olan 1918-ci ilin mart
soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər
tarixində də ən qanlı faciələrdən biridir. Tarixin müxtəlif mərhələlərində mifik “Böyük
Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə,
deportasiya və soyqırımları həyata keçirmiş erməni millətçiləri 1918-ci ilin mart-aprel aylarında
da Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə
dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirmiş, insanları işgəncələrə məruz
qoymuşlar. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar
yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani
əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə
kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər. Bu ərazilərdə dinc əhali
kütləvi surətdə qətlə yetirilmişdir. Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri
ümumilikdə 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından
qovmuşlar.
1918-ci ilin mart soyqırımları zamanı erməni cəlladları uşaq, qoca, qadın demədən dinc
əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi,
yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri
yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri
dağıtmışlar. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni
zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam
edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları
məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər. Mart
soyqırımları zamanı Şamaxıda törədilən cinayətlər xüsusilə diqqət cəlb edir. Belə ki,
Şamaxının 72 kəndində ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965
uşağın öldürdüyü bildirilir. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar  tərəfindən
aparılan bir sıra araşdırmalardan sonra  müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı
şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetiriblər.
Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.
Ermənilərin kütləvi soyqırımı törətdikləri digər bir bölgə isə Quba olub ki, burada
öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən
artıq olduğu qeyd olunur. Soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə
dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Qubada ermənilər tərəfindən törədilmiş
soyqırımın daha amansız və qəddarlıqla həyata keçirilməsini 2007-ci ilin aprelində Quba
stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində aşkarlanan kütləvi məzarlıq
əyani şəkildə sübut edir.
Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və
həqiqətlərin dünyaya yayılması işi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə
başlanılmışdır. Belə ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd
etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların
soyqırımı haqqında” Fərman imzalamış və Fərmana əsasən martın 31-i “Azərbaycanlıların
Soyqırımı Günü” elan edilmişdir. Fərmanda  deyilirdi:  “Azərbaycanın  XIX-XX  əsrlərdə baş
verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara
qarşı  düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini
təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart  soyqırımına siyasi qiymət vermək
cəhdi göstərilmişdir. Azərbaycan Xalq  Cümhuriyyətinin  varisi kimi  Azərbaycan  Respublikası
bu gün  onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı
hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.
Soyqırımı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək
nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi
məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli
Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar

vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol
sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Kompleksin ümumi sahəsi
3,5 hektardır və 5 hissədən ibarətdir. Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin
açılışı zamanı qeyd etmişdir ki, 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri
Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş
ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba
qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda,
Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir.
Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi
cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan
tarix elmində geniş şəkildə tədqiq edilməlidir.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru


19:48 31.03.2024