KANAL24.AZ
Az Iw En Ru

31 Mart soyqırımı insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdəndir

Təxminən iki yüz il bundan əvvəl Rusiya imperiyasının maraqlarına uyğun olaraq Cənubi
Qafqazda, tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər ötən iki əsr ərzində yerli
sakinlərə – azərbaycanlılara qarşı olmazın cinayətlər törətmiş, kütləvi deportasiyalar, qətliamlar həyata
keçirmişlər. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş
amansız soyqırımı Azərbaycan tarixinin acı həqiqətlərindən biridir. Azərbaycan Xalq Cümhuriyyəti
yarandıqdan sonra milli hökumət tərəfindən tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi edilmişdir.
Xalqımız öz müstəqilliyini bərpa etdikdən sonra, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə,
tariximizə “31 Mart soyqırımı” kimi daxil olmuş bu faciənin araşdırılması və həqiqətlərin qlobal
miqyasda dünyaya yayılması işinə başlanılmışdır. 1998-ci il martın 26-da Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda
azərbaycanlılara qarşı 1918-ci ildə törədilmiş dəhşətli soyqırımı hadisələrinə müvafiq siyasi qiymət
verildi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan olundu. Məhz bundan sonra aparılmış
araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplandı, Quba şəhərində kütləvi məzarlıq
aşkarlandı. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni
millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının
sayının qat-qat çox olduğunu isbat etmiş oldu.
1918-ci il hadisələri Azərbaycan xalqının başına gətirilən dəhşətli müsibətlərdən biridir. Tarixi
dəlil və faktlar inkarolunmaz şəkildə göstərir ki, 1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz
iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başlayıblar. 1918-ci ilin mart ayında Stepan
Şaumyan Qafqazın fövqəladə komissarı təyin edildi və Bakıya göndərildi. Həmin vaxtdan “Əks-inqilabi
ünsürlərlə mübarizə” şüarı altında maskalanmış Bakı Kommunası daşnak-bolşevik Şaumyanın
rəhbərliyi ilə Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə
başladı. Həmin günlərdə, 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, habelə Bakı
quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik
və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid
və qəbiristanlıqlar yerlə-yeksan edilib. O dövrdə Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan,
Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və
daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz
torpaqlarından qovmuşdular. Soyqırımının gedişində on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə
ləzgi, yəhudi, rus, avar və talış millətinə mənsub insanlar da erməni daşnakları tərəfindən qılıncdan,
süngüdən keçirilmiş, diri-diri yandırılmışlar. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min
silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir.
Faciənin miqyasını təsəvvür etmək üçün Bakı qırğınları ilə yanaşı Şamaxı və Quba qətliamlarının da
ciddi şəkildə araşdırılması lazımdır. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçıların apardıqları
araşdırmalar nəticəsində isə müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-
16 min, şəhərin 40 kənd və obasında isə daha 6-8 min nəfəri qətlə yetiriblər. Şamaxı qəzasından
didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub. 2007-ci ilin aprelində Quba stadionunun təmiri
ilə əlaqədar aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda 500-dək insan kəlləsi tapılıb. Onlardan
50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Quba qırğınları zamanı şəhərdə öldürülənlərin
təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur.
Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi dağıdılmış, 2750-dən çox ev tamamilə
yandırılmışdır.
Azərbaycan xalqı tarix boyu başına gətirilən bütün faciələrə, üzləşdiyi çətinliklərə və
haqsızlıqlara baxmayaraq, özünün müstəqillik əzmini hər zaman qoruyub saxladı, möhkəm iradə,
yenilməz birlik və həmrəylik nümayiş etdirdi. Xüsusilə 2003-2020-ci illər ərzində Ölkə Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarının işığında öz gələcəyini quran
Azərbaycan dövlətimizin gücünün, qüdrətinin daha da artmasına nail oldu. Nəhayət, 2020-ci ilin
sentyabr-noyabr ayları ərzində aparılan və cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticəsi
olaraq, Azərbaycan 30 illik işğala son qoydu və öz ərazi bütövlüyünü bərpa etdi. Bu tarixi Qələbə ilə
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz artıq uzun illər boyunca bütün
Cənubi Qafqaz xalqlarını təhdid edən erməni faşizminin belini qırdı. Xalqımızın əldə etdiyi bu tarixi
Zəfər bütün şəhidlərimizin ruhlarını şad etdi. Dövlət başçımızın dediyi kimi, biz şəhidlərimizin qisasını
düşməndən döyüş meydanında aldıq.
Pəhlivan Qarayev,
Sabirabad rayon Təhsil sektorunun müdiri


17:47 31.03.2024