Son iki yüz il ərzində ermənilərin öz havadarlarının köməyi ilə “böyük Ermənistan”
yaratmaq kimi xülyalarını həyata keçirmək istiqamətində atdıqları addımlar Azərbaycan
xalqına qarşı kütləvi qətllər və soyqırımı aktlarıilə nəticələnib. XX əsrin əvvəllərində ermənilər
təkcə hazırda Ermənistan adlanan ərazidə deyil, Cənubi Azərbaycanda, Borçalıda, Bakı
quberniyasında, Şamaxı, Quba, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda
da azərbaycanlılara qarşı kütləvi qırğınlar, talanlar, terror və digər zorakılıq aktları həyata
keçiriblər.
1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində
erməni-daşnak və bolşevik dəstələri azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədiblər.
Təkcə mart-aprel ayında baş verən bu qırğınlar nəticəsində 30 mindən çox azərbaycanlı qətlə
yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub. Dinc azərbaycanlıların qırğınında Bakı
Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı
dəstəsi iştirak edib. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi
ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, uşaqdan böyüyədək hər
kəsi qətlə yetiriblər. Təkcə Bakıda 12 min azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb,
Şamaxıda 58 kənd dağıdılıb, 7 min nəfər (1653 qadın, 965 uşaq)
məhv edilib. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan
quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə-yeksan edilib.
31 mart soyqırımı ermənilərin xalqımıza qarşı törədilmiş genosid siyasətinin davamı idi.
Bu qanlı faciəyə əsl hüquqi qiymət Ulu Öndər tərəfindən verildi. Məhz ümummilli lider Heydər
Əliyev 1998-ci il martın 26-da “1918-ci il mart soyqırımı haqqında” Fərman imzalayıb.
Fərmanda bu hadisələrlə bağlı Milli Məclisin sessiyalarının keçirilməsi, bu sahədə tədqiqat
işlərinin aparılması, hər il mart ayının 31-nin milli matəm günü kimi qeyd edilməsi, bu faciənin
dünya ictimaiyyətinə çatdırılması kimi konkret vəzifələr qoyulub.
Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan 31 mart
soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən
müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır. Qəhrəman
ordumuz düşməni darmadağın edərək bütün şəhidlərimizin, 31 mart soyqırım qurbanlarının
qisasını aldı.
Mirnizami Ağayev,
Sabirabad şəhər sakini, təqaüdçü