KANAL24.AZ
Az Iw En Ru

Xalqımıza qarşı törədilən qanlı faciə

1918-ci ilin mart qırğınından 106 il keçir. 1918-ci ilin mart-aprel aylarında dinc
Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilmişdir. Bakı şəhərində, habelə Bakı
quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini
mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışlar. 1918-ci ilin 30
mart - 3 aprel tarixlərində Bakı şəhərində, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz,
Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni
silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz
torpaqlarından qovmuşlar. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və
qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni
millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan
və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.  Dinc
azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda
“Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Zaman hadisələri düzgün
dəyərləndirmək üçün zəngin mənbədir. İllər keçdikcə yeni araşdırmaların miqyasının
genişləndirilməsi fonunda yeni faktlar aşkarlanır. Ermənilərin vəhşilikləri ölçüyəgəlməzdir.
Azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı.  Qaradağlı,
Xocalı, Ağdaban, Ballıqaya, Başlıbel və sair kimi faciələrimiz erməni vəhşiliklərinin heç bir
sərhəd tanımadığını bir daha bütün dünyaya göstərdi. Xocalı faciəsi minlərlə azərbaycanlının
məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. Xocalı qətliamı
Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımları kimi insanlıq tarixinə düşmüş qanlı
olaylarla müqayisə olunur. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı
avantürist hərəkətin nəticəsi olaraq bir milyondan artıq soydaşımız öz doğma yurd-
yuvalarından didərgin salındı. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı
zamanı minlərlə vətəndaşımız şəhid oldu. Bunlar tariximizin faciəli səhifələridir. Faciələrimizi
heç zaman unutmuruq, unutmayacağıq. Onların beynəlxalq ictimaiyyətə çatdırılması qarşıda
dayanan əsas vəzifələrdəndir.”
Xalqımızın başına gətirilən soyqırımı faciələrinə siyasi-hüquqi qiyməti Ümummilli Lider
 Heydər Əliyev vermişdir: “Ulu Öndər Heydər Əliyevin  1998-ci il 26 mart tarixli
“Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə martın 31-i “Azərbaycanlıların Soyqırımı
Günü” elan edildi. Bu sənəd tariximizin faciəli səhifələrinin daha dərindən öyrənilməsinə,
 həqiqətlərin üzə çıxarılması istiqamətində səylərin artırılmasına, araşdırmaların miqyasının
genişləndirilməsinə imkanlar yaratdı. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Ulu
Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ilk
görüşü ziyalılarla oldu. Tarixin saxtalaşdırılmasına yol verilməməsi, yeni araşdırılmaların
aparılması qarşıya mühüm vəzifə kimi qoyuldu.”
Tarixi araşdırmaların miqyası genişləndikcə erməni vəhşiliyinin tükürpədən səhnələri
üzə çıxır: “Son 20 ildən artıq  dövrdə Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən
Prezident İlham Əliyev həqiqətlərimizin təbliği istiqamətində mühüm addımlar atır. Cənab
İlham Əliyev tarixi araşdırmaların genişləndirilməsini, yeni faktların aşkarlanmasını,
Azərbaycanın başına gətirilən faciələri özündə ehtiva edən kitabların müxtəlif dillərdə nəşrini
qarşıya əsas vəzifə kimi qoyur. Tarixi həqiqətlərimizin ölkə və dünya ictimaiyyətinə
çatdırılması istiqamətində cənab İlham Əliyevin atdığı addımlar sırasında  2018-ci ilin
ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini, həmçinin həmin ildə “1918-ci il
azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamın imzalanmasını xüsusi qeyd
etməliyik. “Azərbaycan Xalq Cümhuriyyəti İli” tariximizin ayrı-ayrı dövrlərinin geniş təhlilinə,
zəngin tariximizin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına geniş imkanlar yaratdı.
Ümummilli Lider Heydər Əliyevin gələcəyimiz kimi dəyərləndirdiyi gənclərin qarşısında
qoyduğu əsas vəzifələrdən biri tariximizin öyrənilməsi idi. Bu çağırışın davamı olaraq
Prezident İlham Əliyev bildirir ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə
olunmalıdır. Müzəffər Ali Baş Komandan son üç ilin qürurverici hadisəsi olan tarixi
Zəfərimizdən bəhs edərkən gənclərimizin Vətən, torpaq sevgisini xüsusi qeyd edir.”

Tariximizin, həqiqətlərimizin təbliğində Heydər Əliyev Fondunun xidmətlərini də xüsusi
qeyd edib: “Heydər Əliyev Fondu yarandığı 2004-cü ildən etibarən Xocalı həqiqətlərinin
dünyaya çatdırılması istiqamətində dövlət tərəfindən görülmüş tədbirlərə dəstək olaraq bir sıra
layihələr həyata keçirib. 2008-ci ildən isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası həyata
keçirilir. “Xocalıya ədalət!” kampaniyasının sistemli fəaliyyətinin nəticəsidir ki, dünyanın bir
sıra ölkələri Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar
və qətnamələr qəbul edib. Tarixi Zəfərimizdən sonra Azərbaycan xalqı bu dəhşətli
soyqırımının ildönümünü artıq fərqli şəkildə anır. Ermənilər tərəfindən işğal edilmiş
torpaqlarımızın  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz
tərəfindən azad edilməsi nəticəsində Xocalı soyqırımı qurbanlarının, həmçinin Vətən uğrunda
həlak olmuş  şəhidlərimizin qanı yerdə qalmadı, qisası alındı. XX əsrin dəhşətli faciəsi, erməni
vəhşiliyinin  təqdimatı olan Xocalı faciəsinin soyqırımı kimi tanıdılması dövlətimizin həyata
keçirdiyi siyasətin əsas tərkib hissəsidir. Qürurvericidir ki, bu gün Xocalı şəhərində
Azərbaycan Bayrağı dalğalanır. Xocalı faciəsinin 32-ci ildönümü Xocalı şəhərində keçirildi.
Fevralın 26-da  Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının
təməlini qoyduqdan sonra  rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu mühüm
məqamı böyük qürur hissi ilə vurğuladı ki, bu gün  biz buradayıq, burada olmağımız tarixi
ədalətin tam bərpası deməkdir. Xocalı bu gün qurulur.  Cənab İlham Əliyev onu da qeyd etdi
ki, bu diyarın, bu bölgənin artıq yeni, parlaq tarixi var, o da 20 sentyabr - Xocalının,
Xankəndinin azad olunması günüdür. 26 fevral dəhşətli, faciəvi bir gün kimi heç vaxt bizim
yaddaşımızdan silinməyəcək. Amma 20 sentyabr artıq bu bölgənin əsas azadlıq və bayram
günüdür.”
Dövlətimizin qətiyyəti, Ordumuzun gücü, xalqımızın birliyi sayəsində qazandığımız
tarixi Zəfər, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi  bir daha xalqımızın
yenilməzliyini, məğrurluğunu, tarixinə, hər qarış torpağına sahib çıxan xalq olduğunu dünyaya
nümayiş etdirdi.
Heydər Yaqubov,
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru


17:40 30.03.2024