Günlərdir ki, yerli medianın gündəmini məşğul edən, dillərdə şou-biznes nümayəndələrindən çox adı hallanan şəxslərdən biri də Abşeron – Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevadır. Bu xanımın vəzifəyə gəlməsində “Körpü-Bina tikinti” MMC – nin rəhbəri Xəlil Göyüşovun birbaşa dəstəyi olduğuna dair mətbuatda bir sıra məlumatlar yer alıb. Sən demə Xəlil Göyüşov İlhamə Abdullayevanın doğmaca dayısı imiş. Deyəsən, bu qohumlar dövlət müəssisələrini “şəbəkə biznesi” kimi istifadə edirlər. Kimin hansı vəzifəyə təyinat vermək səlahiyyəti varsa, yalnız öz qohumlarının ərizəsinə imza atır. Bir sözlə, Xəlil Göyüşovun “zəhməti boşa getməyib”. “Əziyyətini”mi deyək, “xərcini”mi deyək çəkib vəzifəyə gətirdiyi bacıqızı da digər çoxsaylı qohumlarını çəkdi “qanadının altına”. Məsələn, Xəlil Göyüşovun qardaşı Xaliq Göyüşovun oğlu, eyni zamanda İlhamə Abdullayevanın doğmaca dayısı oğlu Qədim Göyüşov sözügedən təhsil idarəsində məsləhətçi vəzifəsində çalışır. Hələ üstəlik ona müəyyən imtiyazlar da verilib.
“Məsləhətçi” demişkən, etibarlı mənbənin redaksiyamıza verdiyi daha bir məlumatda isə bir vaxtlar adı Sumqayıt təhsil sektorunda məsləhətçi vəzifəsində gedən Elvin adlı şəxslə bağlıdır. Bildirilir ki, o, “ulya həzrət” İlhamə Abdullayevanın sürücüsü və şəxsi “buyruqçusu” kimi xidmət göstərir. Xanımın doğmaca bacısı – öz işində-gücündə olan iş xanımı, gözəllik salonu sahibəsi Ceyhunə Abdullayevanın adı isə Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə texniki işçi (laborant) kimi qeyd olunub və dövlətdən maaş alır. Bundan əlavə, etibarlı mənbənin redaksiyamıza verdiyi dəqiq məlumata görə, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktoru Arifə Balakişiyeva da xanım Abdullayevanın yaxın qohumudur. Bu qədər qohumları “qanadının altına yığan” İlhamə xanımın qohumları üçün etdiyi bu fədakarlıqları xalası nəvəsi – Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktoru Arifə Balakişiyeva tərəfindən elə bu yaxınlarda yüksək qiymətləndirilib.
Bu “qohumcanlılığı” onu (vəzifəli) qohumlarının gözündə o, qədər böyüdüb ki, hətta, xalanəvəsi Arifə xanım bu “sevgisini ilahiləşdir”məyi “özünə borc bilib”. Belə ki, bu ilin 16 mart tarixində Xırdalan şəhərində Heydər Əliyev parkında keçirilən bayram şənliyində İlhamə xanıma üzərinə rəsmi toxunulmuş xalça hədiyyə edib. Və bu “xüsusi anı əbədiləşdirmək” üçün facebook sosial şəbəkəsində paylaşım da ediblər. Lakin, qısa zaman keçdikdən sonra anlayıblar ki, işin bu qisminin adı “ağ eləməkdir”. Odur ki, dərhal həmin paylaşım sosial şəbəkələrdən qaldırılıb.
Bəli, qohumların siyahısı kifayət qədər genişdir. Xızı rayon Təhsil Şöbəsinin müdiri Oktay Abdullayevin də İlhamə Abdullayevanın yaxın qohumu olduğu deyilir. Elə oktay Abdullayevin qızı Gülnar Abdullayeva da təhsil idarəsində işlədiyi halda bu yaxınlara qədər adı Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbində texniki işçi (laborant) kimi qeydiyyatda olub. Məsələnin “üstü açıldıqda” isə yalnız kağız üzərində işçi olan bu xanımın adı işdən çıxarılıb.
Hələ bu yaxınlarda Quba-Xaçmaz regional Təhsil idarəsinə müdir təyin edilən Coşqun Əliyevin də bu xanımla qohumuq əlaqələrinin olduğu deyilir. Yeri gəlmişkən, heç bir pedaqoji təhsilinin olmadığı halda bir müddət İlhamə Abdullayevanın müavini vəzifəsində çalışan keçmiş nəqliyyat rəisi Coşqun Əliyevin də barəsində təhsil adına layiq olmayan məlumatlar yerli mətbuatda yer alıb. Amma, qeyd edək ki, bir zamanlar parkinglər hesabına “Küçələrdə pul yığan” xoşbəxt Əliyevin “himayədarı” kimi təkcə Abdullayevanın adını çəkməklə, bu müqəddəs ayda Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun “haqqına girmiş oluruq”. Axı, vəzifədə yüksəlişi üçün Eldar Əzizovun da Coşqun Əliyevin “boynunda ağır haqqı var”. Bir müddət Bakı meriyasında işləyən atası Vidadi Əliyevin rəhbərləri yanında olan “hörmət bağları” oğlunun hətta, bilik sahəsinə yad olan təhsildə rəhbər vəzifəyə qalxmasında “pilləkən” olub. (“DogruXeber.az”
Mövzunu davam etdirəcəyik . Bizi izləyin.
P.S: Qeyd edək ki, idarə telefonlarına cavab verməyən İlhamə Abdullayevanın da mövqeyini öyrənmək üçün etdiyimiz bütün cəhdlərimiz – hətta, məcburiyyət qarşısında facebook sosial şəbəkəsi vasitəsilə əlaqə yaratmaq cəhdimiz nəticəsiz qaldı. Dərc etdiyimiz məlumatlar barəsində yazıda adı çəkilən bütün şəxslərin də mövqeyini dinləməyə hazırıq.