KANAL24.AZ
Az Iw En Ru

Araz Ağalarova məxsus bütün “Vegas” ticarət mərkəzləri bağlandı

Martın 22-də “Crocus City Hall” konsert zalında baş vermiş terror aktından sonra “Vegas Crocus City”, “Vegas Kuntsevo” və “Vegas Kaşirskoye” ticarət və əyləncə mərkəzləri müvəqqəti olaraq bağlanıb.

Bu barədə ticarət şəbəkəsi “Telegram”da məlumat verib.

“Bu gün, martın 25-də bütün “Vegas” ticarət və əyləncə mərkəzləri müvəqqəti bağlanıb. Alış-veriş və əyləncə komplekslərini ziyarət etməyin nə vaxt mümkün olacağı barədə sizə mütləq məlumat verəcəyik”, deyə məlumatda deyilir.

Bütün ticarət və əyləncə mərkəzləri Araz Ağalarovun sahib olduğu “Crocus Group”a məxsusdur. Obyekt sahibləri yanan konsert zalını bərpa edəcəklərini bildiriblər.

Xatırladaq ki, “Crocus City Hall” konsert zalına hücum martın 22-də axşam “Piknik” qrupunun çıxışından əvvəl baş verib. Silahlı şəxslər binaya soxularaq avtomatlardan atəş açıb, bir neçə dəfə partlayış səsləri eşidilib, yanğın başlayıb. Son məlumatlara görə, terror aktı nəticəsində 3-ü uşaq olmaqla 137 nəfər həlak olub. Rusiya Səhiyyə nazirliyinin siyahısına görə, xəsarət alanların sayı 180 nəfərdir.

FTX iş üzrə 11 nəfərin, o cümlədən hücumda birbaşa iştirak edən dörd cinayətkarın saxlandığını açıqlayıb. Təqsirləndirilən şəxslər Tacikistan vətəndaşları Dalerjon Mirzoyev, Saidakrami Murodali Racabalizoda, Shamsiddin Fariduni və Muhammadsobir Fayzovdur. Basmannı məhkəməsi onları mayın 22-dək həbs edib. Hücuma görə məsuliyyəti “İslam Dövləti” terror təşkilatı öz üzərinə götürüb.


12:45 25.03.2024