KANAL24.AZ
Az Iw En Ru

Zəngin mədəni irsə malik xalqımız

Novruz Bayramı Azərbaycanda, eləcə də türk və islam inanclı xalqların tarixində önəmli
bir bahar bayramı kimi qeyd olunur. İnsanlar baharın gəlişini həvəs və həsrətlə
gözlədiklərindən Novruzun 4 çərşənbələri olan suyun, odun, küləyin, nəhayətdə torpağın
oyanışı kimi bir qədər mifik, bir qədər gerçəklik nişanəsi olaraq xüsusi həvəslə bayram edirlər.
Çərşənbələr bu xalqların əsas bayramı olan Novruza doğru gedilən yoludur. Məqsədə,
sonluğa, oyanışa, nəhayət güllü-çiçəkli yaşıllıqlara, bar-bərəkətin ilkin cücərtilərinin
hərəkətləndiyi Bahara yetişmək! Bu insan arzusunun və “yaşama davam” fəlsəfəsinin əsas
qayələrindəndir. Baharı və ona yol açan Novruzu sevmək, həm də torpağı, zəhməti, onun
yetirdiyi ruzini sevməkdi. Ona görə İlaxır çərşənbə və Novruz bayramının əsas  dualarından
biri və bəlkə də başlıcası qarşındakına “bol-bol ruzi” arzulamaqdı.
Novruzun əsrlərlə zaman-zaman kəsb etdiyi və bəlkə də kəşf etdiyi çoxlu sayda
atributları vardır. Tonqal qalanması, tonqaldan atlanmaq, plov dəmlənməsi, səməni, xonça,
qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma, balıq ləvəngisi, dünyasını dəyişənlərin
ziyarət olunması, uşaqların papaq atması, indi az qala unudulan yumurta döyüşdürülməsi,
süfrəyə “s” hərfilə başlayan yeddi təam və əşyanın qoyulması və bir çox digər adət-
ənənələrimiz də var. Novruzda qulaq falına çıxan qızların da öz istək və arzularına çatdığını
deyirlər, Elə ahıl və orta yaşlıların da niyyətlərinə, gözlədikləri xoş xəbərlərə qovuşmaq
diləyilə eşitdiyi ilk sözdən sevinib və ya pərişan olması da adətlərimizin sırasındadır. Bir sözlə,
Novruzdan hər kəs bolluq, bərəkətlə yanaşı, mənən rahatlanma, gələcəyə ümid cücərtiləri də
gözləyirlər. Deməli   Novruz təkcə dadlı yeməklərin deyil, həm də mənəviyyatımızın
bayramıdı.
Novruz bayramında keçirilən kütləvi bayram şənlikləri xalqımızın birlik-bərabərlik və
həmrəyliyindən xəbər verir. Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə hər il Novruz
bayramında el şənliklərində iştirak edən ulu öndər Heydər Əliyev xalqımızın milli bayramına
böyük önəm verir, Novruz bayramının mahiyyətini izah edən dəyərəli fikirlər söyləyirdi.
Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev Novruz bayramını xalqın gözəl neməti və dostluq,
həmrəylik, yüksək mənəviyyat bayramı adlandırmışdır. Eyni zamanda bildirmişdir ki, böyük
mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar
olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə
yaşadır.
Müstəqilliyini əldə etdikdən 30 ilə yaxın bir müddətdə xalqımızın ümdə bir arzusu var
idi. İşğal olunmuş torpaqlarımızın azad edilməsi və həmin ərazilərdə digər bayramlarla
bərabər Novruz bayramının da qeyd olunmasını xalqımız böyük həsrətlə gözləyirdi. Bu gün
Müstəqil Azərbaycan dövlətinin milli bayramı olan Novruz xalqımız tərəfindən indi daha böyük
coşqu və təmtəraqla qeyd olunur. Dört il öncə Prezident, Müzəffər Ali baş Komandan İlham
Əliyevin sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbəmiz ilə
xalqımızın arzusunu və Ulu Öndərin vəsiyyətini reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi ilə
müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və xalqımız artıq
üçüncü ildir ki, həmin ərazilərdə Zəfər təntənəsi ilə Novruz bayramını qeyd edir.
Azərbaycan xalqının qədim adət-ənənələrini özündə ehtiva edən Novruz bayramı
xalqımızın milli bayramı olaraq artıq bütün dünyada geniş təbliğ edilir. Aparılan uğurlu dövlət
siyasəti nəticəsində artıq Novruz bayramı haqqında dünyanın bir çox ölkələri və xalqıları
məlumatlıdırlar. Belə ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük
səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə
Reprezentativ siyahısına daxil edilib, Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-
Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb, həmçinin martın 21-i «Beynəlxalq
Novruz Günü” elan olunub.
Bayramınız mübarək, əziz Azərbaycan xalqı!
Oktay Mehdiyev,
Sabirabad Olimpiya İdman Kompleksinin direktoru


10:05 20.03.2024