Qədim tarixi olan, hələ islamdan əvvəlki dövrə təsadüf edən Novruz bayramı Azərbaycanla
yanaşı bütün Şərqdə geniş qeyd olunur. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə
bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz
bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Novruz bayramı haqqında belə deyib:
“Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır. Hər bir insanın, ailənin bayramıdır. Novruz
dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramıdır. Xalqın qəhrəmanlığını, rəşadətini, şücaətini
nümayiş etdirən bayramdır. Novruz xalqımızı bir-birilə həmişə daha sıx birləşdirib, insanlarımız
arasında mehribanlıq əlaqələri yaradıb, insanları bir-birinə dost edibdir”.
Artıq dördüncü ildir ki, Azərbaycan xalqı bu qədim bayramı böyük ruh yüksəkliyi ilə qeyd
edir. Dörd il bundan öncə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarının
torpaqlarımızdan qovdu, 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Bununla da Ulu Öndər Heydər
Əliyevin hələ uzaq 1998-ci ildə söylədiyi tarixi fikirlər reallaşmış oldu: “Gün o gün olacaq ki, Novruz
bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda,
Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”.
Novruz bayramının əhəmiyyəti nəzərə alınaraq 23 fevral 2010-cu ildə BMT Baş
Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28
noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun
Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan,
Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Ölkəmizin
mədəniyyət tarixində mühüm əhəmiyyət kəsb edən bu hadisə Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın təşəbbüsü və ciddi səyləri, bu istiqamətdə apardığı gərgin fəaliyyəti
nəticəsində baş verib.
Zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edən Novruz fəlsəfəsi təbiətin dörd ünsürü ilə
– Su, Od, Yel, Torpaq ilə bağlıdır.“Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”,
“səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər
Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruz
ənənələri incəsənətimizə də sirayət etmişdir. Belə ki, xalqımızın sənətkarları Novruz bayramı haqqında
mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə
Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin, Novruz haqqında
“Novruzun çələngi” və “Ocaq” kimi Azərbaycan filmləri də çəkilib. Novruz bütün ölkədə aşıqların,
xanəndələrin, xalq müğənnilərin, pəhləvanların, kəndirbazların iştirakı ilə şənliklər keçirilən kütləvi
bayramdır. Həqiqətən də Azərbaycana bu bayram çox yaraşır.
Nərmin Mehdiyeva,
Sabirabad rayon Heydər Əliyev Mərkəzinin bələdçisi