Novruzun tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Müasir
dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman
onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu
kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz
Bahar bayramı kimi qeyd olunmaqdadır.
Novruzun əsasında əski xalq mərasimləri dayanır. Dünya xalqlarının bir çox mərasimləri də
belədir. Onlardan bəzilərinə sonralar dini mahiyyət qazandırılır və beləliklə də əski mərasim
mədəniyyəti ilə dini adətlər birləşdirilmiş olur. Yəni zaman keçdikcə insanlar imtina edə
bilmədikləri ibtidai dönəmin ənənələrini yeni dövrə uyğunlaşdırıb dini bayramlar olaraq qəbul
etmişlər. Novruzun da rəsmi bayram kimi keçirildiyi qədim və orta əsrlərdə o, dini əfsanələrlə
əlaqələndirilmiş və ona dini bir mahiyyət qazandırmağa cəhd göstərilmişdir.
Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya
tanıtdıran qədim el bayramıdır. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi,
onlardan qalan mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında,
insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan
Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri tərənnüm edir. Varlığın yenidən
canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt
gələcəyə aparıb. Bu bayram sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik
və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi
sağlam təməllər yaradıb.
Azərbaycanı qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan misilsiz dəyərlərimiz
sırasında Novruz bayramı müstəsna mövqeyə malikdir. Ümummilli lider Heydər Əliyevin
respublikamıza rəhbərliyi dövründə Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsi tarixi
köklərə qayıdışın parlaq nümunəsi olmaqla yanaşı, xalqımızın həmrəyliyini və bütövlüyünü
təcəssüm etdirmişdir. Ulu Öndərin siyasi kursunu ləyaqətlə davam etdirən dövlət başçısı cənab
İlham Əliyev öz fəaliyyətində adət-ənənələrimizə, milli-mənəvi dəyərlərimizə ehtiram və qayğı
ilə yanaşır, milli birlik və həmrəyliyimizi əks etdirən Novruz bayramı hər il ölkəmizdə yüksək
səviyyədə qeyd olunur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın
təşəbbüsü və dəstəyi ilə Novruz bayramı UNESKO-nun qeyri-mədəni irs siyahısına daxil
edilmiş, BMT-nin Baş Assambleyası tərəfindən 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan
olunmuşdur. Beləliklə, bu bayram regional müstəvidən çıxaraq beynəlxalq səviyyəli tədbirə
çevrilmişdir.
Bu ilki Novruz bayramı xüsusi sevinc və şənliklə qeyd olunan bayramdır. Müzəffər
ordumuz Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində
erməni faşistlərini məhv edərək qovmuş, torpaqlarımızı düşmən tapdağından azad etmişdir.
Şəhidlərimizin qanı bahasına əldə olunan bu inamlı qələbə hər bir Azərbaycanlının sevinc və
qürur hissinə çevrilmişdir. Odur ki, ilk növbədə bizə bu sevinci bəxş edən Şəhid övladlarımızın,
Vətən müharibəsində böyük şücayət göstərən qazilərimizin qarşısında baş əyib, onların
valideynlərini, övladlarını bu əziz bayram münasibətilə təbrik edirəm.
Kamran Mirzəyev,
Sabirabad bələdiyyəsinin sədri