Dostluğu, birliyi, həmrəyliyi, sülhü, tolerantlığı tərənnüm edən Novruz bayramı Azərbaycan
xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük
mədəniyyət hadisəsidir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə, Novruz bayramı ərəfəsində
bayram hazırlıqları başlanır. Buraya ev-eşiyin, həyət-bacanın təmizlənməsi, yeni paltarların alınması,
bayram bazarlığı, bayram yeməklərinin hazırlanması və s. daxildir. Bayramda müqəddəs yerlər ziyarət
edilir, qohumlara baş çəkilir, bayramlaşılır, küsülülər barışır, kasıblara yardım edilir, bayram payı
paylanır və s. Təmizlənməmiş həyət-baca, köhnə paltar, kasıblıq və aclıq xaosu simvolizə
edir. Təmizlik, təzə paltar, yeməklər, xaosun natəmizlik, köhnəlik, aclıq kimi formalarını aradan qaldırır
və onları yeni nizamla əvəz edir. Küsülülük barışla əvəzlənəndə sosial harmoniya bərpa olunur.
Bayramda yumurta döyüşdürülməsi iki dünyanın-qışla yazın, soyuqla istinin, xaosla-kosmosun
mübarizəsini nümayiş etdirməkdir. “Toxum cücərtmək” və ya “Səməni göyərtmək” də bir şəkildə təbiəti
canlandırmaq, ona təsir etmək vasitəsi kimi anlaşılır. “Qulaq falı” və ya “qapı pusmaq” yeniləşmənin
məlumat səviyyəsini əks etdirir.
Ulu Öndər Heydər Əliyev 2000-ci ilin 21 mart tarixində Azərbaycan xalqını Novruz bayramı
münasibətilə təbrik edərkən demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan
ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır,
ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və
Azərbaycan xalqının arzularını reallaşdırdı. 2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı. Şanlı
Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazanaraq xalqımızın 30 illik həsrətinə son
qoydu, bizi tarixi yurd yerlərimizə qovuşdurdu. Tarixi Qələbənin zirvəsi Azərbaycanın dilbər guşəsi,
mədəniyyət ocağı, milli qeyrət, milli mənlik simvolu olan Şuşa şəhərinin azad edilməsi oldu. 2021-ci il
martın 20-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada
Cıdır düzündə bayram tonqalı alovlandırdılar. O əziz, müqəddəs gündə ölkəmizin başçısı demişdi: “Biz
bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən
başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki,
biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa
edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda
qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın
mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah
Azərbaycan xalqının dualarını eşitdi”.
Xalqımız bu il öz milli bayramını, ən ali bəşərəi dəyərləri özündə cəmləşdirən Novruz bayramını
uzun illərdən sonra Xankəndidə, Xocalıda qeyd edəcək. Bu tarixi torpaqlarımızda 30 ildən sonra
yenidən bayram tonqalları yandırılacaq, ilaxır çərşənbəsi xoş əhval-ruhiyyə ilə qeyd ediləcək. Hər il
Novruz bayramı münasibətilə xalqımıza təbrik ünvanlayan dövlət başçısı vətəndaşlarımıza xoş arzu və
niyyətlərini bildirəcək.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi
Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu qərar 28 sentyabr-2 oktyabr 2009-cu il
tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi
Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 4-cü sessiyasında qəbul olunub.
Novruz əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən şən və gözəl bayramlardan biridir.
Novruza Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz və s. də
deyilmişdir. Novruz haqqında məlumatlara Biruni Əbu Reyhanın “Asarul Baqiye”, Mahmud Kaşğarinin
“Divanü Lüğat-it Türk”, Balasaqunlu Yusif Has Hacibin “Kutadqu biliq”, Ömər Xəyyamın “Novruznamə”,
Nizamülmülkün “Siyasətnamə”, Nizami Gəncəvinin “İsgəndərnamə” və başqa əsərlərində rast gəlirik.
Novruz anlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənməkdədir. Bütövlükdə bu
bayram təkcə türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Kökləri
İslamdan əvvəlki tarixi dövrə gedib çıxan Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd
olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında hər il martın 21-
i “Beynəlxalq Novruz Günü” elan olunub.
Yurdumuza Novruz gəlir, Şuşaya, Xankəndinə, Xocalıya yaz gəlir, bolluq, bərəkət gəlir…
Fatma Hüseynova,
Sabirabad rayonu Qaratəpə bələdiyyəsinin sədri, Sosialist Əməyi Qəhrəmanı, 1 dərəcə
Əmək ordenli