Qlobal Bakı Forumları dünyanı narahat edən vacib məsələləri müzakirə edilən
beynəlxalq əhəmiyyətli platformaya çevrilmişdir. Martın 14-16-da keçirilən forum sayca on
birincidir. XI Qlobal Bakı Forumunda bu gün dünya üçün daha çox vacib məsələlər müzakirə
olunub. Qlobal Forumun təşəbüsçüsü Azərbaycandır. Ölkəmiz bu forumları keçirməklə dünya
ictimaiyyətinin diqqətini Azərbaycana cəlb edir və dünya birliyinin ləyaqətli üzvü olduğumuzu
nümayiş etdirir.
Forumun mövzusu Parçalanmış dünyanın bərpasıdır. Bəli, bu gün dünya nizamında
tarixdə heç vaxt olmadığı kimi parçalanmalar baş vermişdir. Təəssüf ki, son illər dünya gücləri
münaqişələri diplomatik yollarla həll etməkdən daha çox silahların işlədilməsinə
yönəldiltmişdir. Rusiya Ukrayna və İsrail Fələstin müharibələri dünyanı Üçüncü Dünya
Müharibəsinin başlanılması səviyyəsinə gətirib çıxartmışdır. Bu baxımdan parçalanmış
dünyanın bərpası məsələsi bu gün heç vaxt olmadığı qədər vacibdir. Azərbaycan öz
ərazilərində suverenliyini bərpa etməklə pozulmuş beynəlxalq hüququn bərpası məsləsinə
töhfə vermiş, dünyada baş verən münaqişələrin dayandırılmasının nümunəsini təqdim
etmişdir.
Forumdakı çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycanın qeyri-
qanuni işğalın qurbanı olduğu və etnik təmizləməyə məruz qaldığını bildirərək qeyd edib:
“Bütün tarixi faktlar tam aydın idi və biz ədaləti, beynəlxalq hüququ özümüz bərpa etdik. Heç
kəs bizə kömək etmədi. Biz bunu özümüz etdik və göstərdik ki, güclü siyasi iradəmiz,
həmçinin potensialımız var. Çünki güclü hərbi imkanlar və xalqın birliyi olmadan biz uğur
qazana bilməzdik”.
Bu gün işğaldan azad olunmuş ərazilərin sürətlə yenidən qurulub bərpasının həyata
keçirilməsi və keçmiş məcburi köçkünlərin öz ata yurdlarına qayıtması dünya üçün etalondur.
Amma təəssüf ki, bu gün yeni müharibələrin başlanmasına rəvac verən güclər regionumuzda
sabitliyin yaranmasını həzm edə bilmir. Təbii ki, bu məsələnin forumda müzakirə edilməsi
dünyaya bir çağırış olmuşdur.
XI Qlobal Bakı Forumunda həm də iqlim dəyişiklikləri, sağlamlıq, pandemiya, yeni
texnologiyalar məsələləri də müzakirə edilib. Bu gün iqlim dəyişikliklərə qarşı mübarizədə
dünyada həmrəyliyin yaradılması heç vaxt olmadığı qədər vacibdir. Baş verən iqlim
dəyişiklikləri planetimizin istiləşməsinə yol açır. Bu da quraqlıqların, daşqınların çoxalması ilə
dünya əhalisini yeni fəlakətlərlə qarşılaşdırır. O cümlədən iqlim dəyişiklikləri Azərbaycandan
da fəsadlarsız keçmir. Ölkəmizin şirin su ehtiyatları azalmaqdadır. O cümlədən Xəzər
dənizinin səviyyəsinin sürətlə azalması bizi və Xəzəryanı ölkləri yeni problemlərlə üzləşdirir.
Bu baxımdan iqlim dəyişiklikləri ilə bağlı məsələ heç də davam edən müharibələrdən az
aktual məsələ deyil. Azıərbaycan qlobal iqlim dəyişikliklərə qarşı mübarizədə könüllü öhdəlik
götürmüşdür. Belə ki, 2030 cu ilə qədər istehsal olunan elektrik enerjisinin 35%-ni, yəni 5
qiqavatı bərpa olunan enerji üzərinə keçirilməsi planlaşdırmışdır.
Bu ilin noyabrında Bakıda keçiriləcək COP 29 beynəlxalq konfransa da iqlim
dəyikliklərinin müzakirəsinə dünyanın liderleri qoşulacaqdır. COP 29-nun yüksək səviyyədə
keçirilməsi iqlim dəyişikliklərinə qarşı mübarizədə həmrəyliyin əldə olunmasının nə qədər
vacib olduğunu göstərir. Forumda müzakirə olunan pandemiya və yeni texnologiyalarla bağlı
mövzular da dünya üçün çox əhəmiyyətli məsələrdir. Ümumdünya Səhiyyə Təşkilatı COVİD
infeksiyasının yeni növlərinə qarşı mübarizənin qlobal şəkildə aparılması üçün çağırışlar
edilib. COVİD-19-un dünya üçün yaratdığı problemlərin yenidən təkrarlanmaması üçün
vaxtında qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.
Qlobal Bakı Forumları dünyada baş verən qlobal problemlərin müzakirəsi və həlli
yollarının araşdırılması baxımından nüfuzlu platformaya çevrilmişdir. Forumda 400-ə yaxın
qonaq, o cümlədən fəaliyyıətə olan və keçmiş prezidentlər, baş nazirlər, beynəxalq
təşkilatıların rəhbərləri, alimlər, siyasətçilər iştirak ediblər. Bu, bir daha Qlobal Forumun
əhəmiyyətini göstərir.
Ramil İsayev,
Sabirabad rayonu Əhmədabad bələdiyyəsinin sədri