Mart ayının 14-də ölkəmiz daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Həmin
gün Bakıda, Gülüstan sarayında Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası”
mövzusunda XI Qlobal Bakı Forumu keçirilib.
Qeyd ediməlidir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını
araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya
çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə
artmaqdadır
“Parçalanmış dünyanın bərpası” (“Fixing The Fractured World”) mövzusuna həsr
olunan XI Qlobal Bakı Forumunda bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların
nümayəndələri, ümumilikdə 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak ediblər.
Qlobal Bakı Forumu məxsusi təcrübəyə və müdrikliyə malik, fərqli rəyləri söyləyən tanınmış
insanları bir araya gətirən unikal azadlıq məkanı olaraq iki gün davam edib. Forumda COP28-
in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılıb, yeni dünya nizamına
təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün
perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə
nəzər salınaraq qarşıda duran çağırışların həlli yolları müzakirə olunub. Forumda dünyanı
sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi
problemlərinə də toxunulub. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların
rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər
siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii
ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunulub, süni intellekt, dronlar və kibersilahlar
dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparılıb.
Tədbirdə xüsusi olaraq qeyd edilib ki, Qlobal Bakı Forumu uzun illər ərzində qlobal
miqyasda aparıcı beynəlxalq konfranslardan birinə çevrilib. Forumunun açılış mərasimindəki
çıxışında Prezident İlham Əliyev bildirib ki: “Qlobal Bakı Forumu Davos Dünya İqtisadi
Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacibdir”.
Qeyd edilib ki, sonuncu Qlobal Forumdan sonra dünyada və regionda bir çox hadisələr
baş verib. Əsas geosiyasi dəyişiklik isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin
tam bərpası olmuşdur.
Bunun çox ciddi geosiyasi dəyişiklik olduğunu vurğulayan dövlətimizin başçısı qeyd
edib: “Biz bunun həllini çoxdan gözləyən münaqişələrin həlli ilə bağlı müsbət nəticələrini
gördük”.
Azərbaycanın qeyri-qanuni işğalın qurbanı olduğu və etnik təmizləməyə məruz
qaldığını bildirən dövlətimizin başçısı, həmçinin qeyd edib: “Bütün tarixi faktlar tam aydın idi
və biz ədaləti, beynəlxalq hüququ özümüz bərpa etdik. Heç kəs bizə kömək etmədi. Biz bunu
özümüz etdik və göstərdik ki, güclü siyasi iradəmiz, həmçinin potensialımız var. Çünki güclü
hərbi imkanlar və xalqın birliyi olmadan biz uğur qazana bilməzdik”.
Forumda iştirakçıların nəzərinə çatdırılıb ki, indi Qarabağ məsələsi artıq bağlanıb və
hazırda iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına çox yaxınlaşılıb. Azərbaycanın
sülh prosesini davam etdirməyə hazır olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Hər iki
ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər hazırda bərpa olunub. Biz görürük ki, sülhə
nail olmaq olar, biz bunu istəyirik. Biz tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdik. İndi isə
artıq bu regionda ədavətə son qoymaq vaxtıdır”.
Forumda qeyd edilib ki, 2023-cü ilin centyabrında həyata keçirilən 1 günlük antiterror
əməliyyatından sonra düşmənin hərbi sursatları, ağır silahları, zirehli maşınları müsadirə
edilib ki, onların dəyəri təqribən bir milyard dollar, İkinci Qarabağ müharibəsində götürülmüş
hərbi qənimətlərin dəyəri isə beş milyard ABŞ dollarına yaxın olub.
“Sual ondan ibarətdir ki, Ermənistan bütün bu pulları haradan götürüb? Aydın idi ki,
onların bizə qarşı istifadə etdiyi bütün silahlar onlara pulsuz verilmişdi”, – deyə dövlətimizin
başçısı qeyd edib.
Qlobal Forumda Ermənistanın əsas havadarlarından olan Fransanın da regionda və
ondan kənarlarda yürütdüyü siyasət tənqid edilib. Bildirilib ki, Fransanın mövqeyi beynəlxalq
ictimaiyyətin mövqeyinə tamamilə ziddir. 1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan
arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan dövlətimizin başçısı
Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının
tamamilə qeyri-adekvat olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti forum iştirakçılarına, həmçinin beynəlxalq qurumlarda ölkəmizə
sanksiya cəhdləri və Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş
vandalizm aktları barədə də məlumat verib.
Əliqulu Babaşov,
Sabirabad rayonu, “34 saylı Yol istismarı” MMC-nin direktoru