Azərbaycanda 11-ci ildir ki, Qlobal Bakı Forumu keçirilir. Prezident İlham Əliyevin
himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə “Parçalanmış
dünyanın bərpası” mövzusunda keçirilən builki tədbirə 70-dən artıq ölkədən 350-dən çox
qonaq qatılıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran
və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib.
Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Martın
16-dək davam edəcək Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal
müzakirələr aparılacaq, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən
təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada
dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran
çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə,
o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulacaq. Eyni zamanda,
qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və
onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı
artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə
toxunulacaq, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri
barədə müzakirələr aparılacaq.
Göründüyü kimi, Bakı artıq dünyanın qlobal məsələlərin müzakirə edildiyi və
problemlərdən çıxış yolunun tapıldığı siyasi mərkəzinə çevrilib. 2013-cü ildən bəri keçirilən
Qlobal Bakı Forumu artıq Davos Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi müasir
dünyamızın aktual problemlərinin müzakirə olunduğu, perspektivi müəyyən edən ideyaların
yarandığı və təşəbbüslərin irəli sürüldüyü gələcəyə nəzər salmağa imkan verən beynəlxalq
diskussiya platforması statusunu alıb.
Forumun ilk günündə Prezident İlham Əliyev və tədbir iştirakçıları tərəfindən
səsləndirilən fikirlər bir daha sübut edir ki, dünya ictimaiyyəti, siyasi elitalar Azərbaycanı
Cənubi Qafqazda güclü dövlət, Avrasiya geostrateji məkanında həyata keçirilən çox mühüm
qlobal layihələrin əsas təşəbbüskarı kimi tanıyır və onunla hesablaşırlar. Forum Azərbaycan,
dünya ölkələri üçün siyasi-sosial və geosiyasi, eyni zamanda, humanitar aspektdən önəmlidir.
Hər bir beynəlxalq tədbirdə olduğu kimi, bu dəfə də Prezident İlham Əliyev dünyanı sarsıdan
münaqişələrin həlli yollarından bəhs etdi. Ölkə Prezidenti artıq tarixə gömülmüş Qarabağ
münaqişəsinin timsalında belə münaqişələrə yanaşmanı və çağırışları ifadə etdi.
Məlumdur ki, Azərbaycan 30 il münaqişənin sülh yolu ilə ədalətli həllini tapacağına
ümid etdi. Bu dövrdə danışıqların imitasiya naminə aparıldığı diqqətdən yayınmasa da rəsmi
Bakı ədalətin sonda qalib gələcəyinə, məsələnin sülh danışıqları əsasında həll ediləcəyinə
böyük ümid bəslədi. Lakin 2020-ci ildə erməni silahlı birləşmələri növbəti dəfə təxribatlar
törətməyə cəhdlər göstərməklə Azərbaycan dövlətinin, xalqının səbir kasasını doldurdu. Belə
ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də Azərbaycan ərazilərini müxtəlif
istiqamətlərdən raket atəşinə tutmaları Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan
İlham Əliyevin əmri əsasında əks-hücum əməliyyatına başlaması və nəticədə ölkəmizin
qələbəsi ilə nəticələndi. “Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi
- birincisi, bu, beynəlxalq hüququn tam pozulması, ikincisi isə bu, belə bir ölkə üçün çox böyük
iddia idi - bu fikirləri Prezident İlham Əliyev Forumda çıxışı zamanı səsləndirib: “Onlar hesab
edirdilər ki, əbədi olaraq bizim torpaqlarımızı işğal altında saxlaya bilərlər” deyən dövlətimizin
başçısı əlavə edib ki, onlar bundan 2020-ci ilin sentyabr-noyabrında dərs götürdülər.
Dövlət başçısı əlavə etdi ki, indi Qarabağ məsələsi artıq bağlanıb, hazırda biz sülhə
çox yaxınıq. Azərbaycanın sülh prosesini davam etdirməyə hazır olduğunu vurğulayan
dövlətimizin başçısı deyib: “Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər hazırda
bərpa olunub. Biz görürük ki, sülhə nail olmaq olar, biz bunu istəyirik. Biz tarixi ədaləti,
beynəlxalq hüququ bərpa etdik. İndi isə artıq bu regionda ədavətə son qoymaq vaxtıdır”.
Ölkə başçısı Fransanın son dövrlər Azərbaycana qarşı sərgilədiyi mövqeyinə də
toxunub. Bildirib ki, bu beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir. 1990-cı illərin
əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf
etdiyini xatırladan dövlətimizin başçısı Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və
antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti Forum iştirakçılarına, həmçinin beynəlxalq qurumlarda ölkəmizə
sanksiya cəhdləri və Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş
vandalizm aktları barədə də məlumat verdi. Bildirdi ki, bir neçə ay sərf edildi ki, həmin abidə
(Natəvanın vandalizm aktına məruz qalmış heykəli – red.) Eviandan götürülüb Azərbaycanın
Mədəniyyət Mərkəzinin həyətinə gətirilsin. Hazırda Natəvanın abidəsi oradadır: “Bu, əslində,
onu göstərir ki, biz suverenliyimizi bərpa etdikdən sonra nə ilə üzləşmişik. Bu, əslində, ikili
standartların nümayişidir”. Fransanın ərazi bütövlüyünü bərpa etməyə kömək olmaq üçün
Ukraynaya hərbi qüvvələrini göndərməsi ilə bağlı bəyanata toxunan Prezident İlham Əliyev
vurğulayıb ki, bizim ərazi bütövlüyümüzün bərpasına gəldikdə, onlar Azərbaycanı
cəzalandırmağa çalışırlar.
Forumun mövzusundan da bəlli olur ki, səsləndirilən çağırışlar sadəcə bir fikir olaraq
deyil, gələcəklə bağlı ümidlərin yaranmasına, bu arzu və istəklərin reallıqda öz əksini
tapmasına xidmət etməlidir. Bu gün Azərbaycan təkcə sivilizasiyalararsı dialoqa deyil,
əməkdaşlıqlar üçün də müəyyən bir şərait yaradır. Qarşıdurmalar, ikili standartlar, dünyanı
təhdid edən təhlükələrin qarşısını almaq üçün birgə fəaliyyət mütləqdir. Çünki hazırkı
dünyanın qlobal problemlərinin həlli də məhz bu yoldan keçir. Bu forumların da əhəmiyyəti
sülh şəraitinin formalaşmasıdır. Şübhəsiz ki, budəfəki Forumda da rəsmi Bakı öz baxışları ilə
dünyanın tanınmış siyasi liderlərinə və bəzi güc mərkəzlərinə mühüm ismarışlarını verəcək.
Elburus Məmmədbəyov,
“Azərpambıq ASK” MMC-nin Sabirabad rayon filialının direktoru