Prezident Kasım-Jomart Tokayevin martın 11-də ölkəmizə dövlət səfəri çərçivəsində
müzakirə olunan məsələlər, əməkdaşlığın müxtəlif sahələrdə inkişafının daha da
möhkəmləndirilməsinə xidmət edən addımlar xüsusilə diqqətdədir. Bu reallıq hər zaman önə
çəkilir ki, tarixi Zəfərimizdən sonra türk dünyasının birliyi, həmrəyliyi məsələsi daha da
aktuallaşdı və bu, özünü türkdilli ölkələrin dövlət başçılarının qarşılıqlı səfərlərində aydın
ifadəsini tapır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri də
bunun bariz nümunəsidir. Cənab İlham Əliyev mətbuata bəyanatında bu mühüm məqamı
xüsusi qeyd etdi ki, ikitərəfli əməkdaşlığın gündəliyi zəngindir. Ali Dövlətlərarası Şuranın
birinci iclasında qarşılıqlı fəaliyyətimizin müxtəlif aspektləri ətraflı müzakirə olundu. Qarşılıqlı
iqtisadi-ticari fəaliyyət sahəsi böyük inkişaf potensialına malikdir. Prezidentlər Qazaxıstandan
keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının
rəmzi qarşılanması mərasimində iştirak etdilər. Bu, TransXəzər nəqliyyat dəhlizinin artıq
reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini
müəyyən etməsinin rəmzlərindən biridir. Dövlət başçısı İlham Əliyev bu mühüm məqamı
xüsusi qeyd etdi ki, qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil.
Belə olan halda həm Qazaxıstan, həm də Azərbaycan bu istiqamətdə regional əməkdaşlığa,
qonşularla münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirir.”
Azərbaycan və Qazaxıstan dövlət başçılarının sıx münasibətləri ölkələrimiz arasında
əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da
güclənməsinə xidmət edir: “Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan Prezidentlərinin son illər
qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib.
Azərbaycan daim türk dünyasının birliyinə davamlı töhfələri ilə diqqətdədir. “Gücümüz
birliyimizdədir” çağırışı dövlət başçısı İlham Əliyevin türk dünyasının həmrəyliyinə verdiyi
önəmi nümayiş etdirir. Dünya daim Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda
türk dünyasının birliyinin şahidinə çevrilib. Bu gün bu birlik digər türkdilli dövlətlərlə
münasibətdə də özünün aydın ifadəsini tapır. Tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş
ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri türk dünyasının birliyinə bir daha
işıq salır. Belə ki, Qazaxıstan Prezidentinin göstərişi əsasında Azərbaycanın işğaldan azad
edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsi və martın
12-də hər iki ölkənin dövlət başçılarının iştirakı ilə açılış mərasiminin keçirilməsi də bunun
təsdiqidir. Qazaxıstan Prezidentini Füzulidə qarşılayan cənab İlham Əliyev sözügedən Uşaq
Yaradıcılıq Mərkəzinin açılışında belə bir fikri böyük inam və qürur hissi ilə qeyd etdi ki, bu,
təkcə Uşaq Yaradıcılıq Mərkəzi deyil, həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və
qardaşlıq mərkəzi olacaq. Bu gün, Qarabağın dirçəldiyi bir vaxtda əziz qardaşımızı, Türk
dünyasının ən böyük ölkəsinin, sürətli inkişafa malik, beynəlxalq arenada iri aktor olan,
Azərbaycanın müttəfiqi qardaş Qazaxıstanın Prezidentini salamlamaqdan böyük şərəf hissi
duyuruq. Ünsiyyətimizin bütün işgüzar komponenti ilə yanaşı, məhz mənəvi bağlar bizə güc
verir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dövlət səfəri mühüm məqamları ilə
yadda qaldı. Prezidentlər, eyni zamanda, Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi
Şuşada oldular. Bu gün nəinki paytaxt Bakının, işğaldan azad edilmiş ərazilərimizin
Azərbaycanın xarici siyasət uğurlarına şahidlik etməsi, günün əsas çağırışlarının müzakirə
edildiyi məkana çevrilməsi hər birimizi qürurlandırır. 30 il işğal altında qalan, ermənilər
tərəfindən tamamilə dağıdılaraq yerlə-yeksan edilən bu torpaqlarda aparılan quruculuq işləri,
dost ölkələrin Azərbaycana dəstəyi bir daha belə bir reallığı təsdiqləyir ki, ölkəmizin xarici
siyasətinin dəyişməz prinsipləri uğurlarımızın davamlılığının təmin edilməsində əsas amildir.
Ötən ilin avqust ayında isə Azərbaycan və Özbəkistan Prezidentləri Füzulidə oldular və
burada inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində
iştirak etdilər. Özbək və qazax xalqlarının Azərbaycan xalqına hədiyyələri hər birimizi
qürurlandırır. Qazaxıstan Prezidenti belə bir inamı da ifadə etdi ki, Azərbaycanın müqəddəs
regionu güclü inkişaf edəcək. Füzuli şəhərinin Baş planı ilə tanış olduq və əlbəttə ki, o,
miqyası, intensivliyi ilə bizi valeh edir.”
İki ölkənin əlaqələri yalnız ikitərəfli deyil, beynəlxalq təşkilatlar çərçivəsində uğurla
inkişaf edir. Hər iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq əlaqələrinin
genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır. Prezident İlham Əliyev bu il
keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində belə bir
çağırışı etdi ki, beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq. İlk
növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün
prioritetdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.
Leyla Qəhrəmanova,
Sabirabad rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi