KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanla Qazaxstan arasındakı dostluq münasibətləri davamlı və sarsılmazdır

Bu gün davam edən Azərbaycan və qazax xalqlarının dostluq ənənələrinin min illərlə
tarixi var. İki xalq arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında
əlaqələrin əsasını təşkil edir. Bu gün Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır.
Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-
siyasi həyatda yaxından iştirak edirlər.
Ölkəmiz  bu gün də Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə
münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya
ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb.
Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının
yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk
dövlətlərindən biri də məhz Qazaxıstandır.
Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksəksəviyyəli səfərləri
ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. Martın 11-də iki dost ölkə arasında əlaqələrin
daha da genişlənməsinə səbəb olacaq növbəti yüksəksəviyyəli görüş baş tutub. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Prezidenti
Kasım-Jomart Tokayev Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Həmin gün iki
dövlət başçısının məhdud tərkibdə görüşü keçirilib.Görüşdən sonra Azərbaycan Prezidenti
İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-
Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib. Dövlət başçıları Çinin Siyan
terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini
videobağlantı ilə izləyiblər.
Görüş çərçivəsində dövlət başçılarının iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin
imzalanması mərasimi keçirilib. Prezidentlər “Azərbaycan Respublikasının və Qazaxıstan
Respublikasının Ali Dövlətlərarası Şurasının 1-ci iclasının Qərarı”nı imzalayıb, daha sonra
prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.
Xüsusi vurğulamaq lazımdır ki, ölkəmizdə dost Qazaxıstan Prezidentinin dövlət
səfərinə böyük əhəmiyyət verilir. İki dövlət arasında münasibətlərin dinamikası Prezidentlərin
qarşılıqlı səfərlərinin xronologiyasından aydın görünür. Son ilyarım ərzində Azərbaycan
Prezidenti İlham Əliyev Qazaxıstana dörd səfər edib, həmçinin bu dövrdə Qazaxıstan
Prezidenti Kasım-Jomart Tokayev üçüncü dəfədir ki, Azərbaycana gəlib.
Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əlaqələrə gəldikdə qeyd etmək yerinə
düşər ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti
tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan
Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilib. Mətbuata bəyanatında ölkə başçısı
İlham Əliyev vurğulayıb ki: “İlk növbədə, istərdim ki, işğaldan azad olunmuş Füzuli şəhərində
Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına dair təşəbbüsünə görə Kasım-
Jomart Kemeleviçə bir daha təşəkkürümü bildirim. Bu, Prezidentin şəxsi qərarıdır və bu
qərardan həmin layihənin reallaşdırılmasına qədər çox az vaxt keçib.  Bu, Qazaxıstanın
Azərbaycana qardaş köməyidir, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş
ərazilərin bərpasına dəstəyidir”.
Həmçinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət
səfərindən əvvəl verdiyi müsahibədə Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq
Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin
daha bir simvoluna çevriləcəyini deyib.
Çox önəmli hadisədir ki, martın 12- də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev
Füzuli və Şuşa şəhərlərində olub. O,burada aparılan tkitnti- quruculuq işlərindən məmnun
olduğunu bildirib.
Gülgəz Məlikova,
Sabirabad Tarix-diyarşünaslıq muzeyinin kiçik elmi işçisi


08:47 14.03.2024