Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə
münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya
ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb.
Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının
yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk
dövlətlərindən biri də Qazaxıstandır.
Son dövrlərdə Azərbaycan və Qazaxıstan dövlət başçılarının qarşılıqlı silsilə səfərləri
iki ölkə arasında münasibətlərdə yeni mərhələnin yaranmasına təkan verib. İki ölkə arasındakı
çoxtərəfli əməkdaşlıqlar çərçivəsində tranzit imkanlarının genişləndirilməsi, multimodal
nəqliyyat dəhlizlərinin mövcudluğu ilə biznesin inkişafı və investisiya qoyuluşlarının artması
Mərkəzi Asiya, Cənubi Qafqaz, ümumilikdə Türk dünyasında qarşılıqlı əlaqələrin inkişafına
töhfə verir. Regionda yaranmış yeni reallıqlar çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin
açılması istiqamətində aparılan işlər və postmünaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizi
Mərkəzi Asiya regionu, o cümlədən Qazaxıstan üçün də yeni fürsətlər yaradır. Ölkələrimizin
maraqları bu məsələdə də üst-üstə düşür.
Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki
ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq
əlaqələri əsrlərə söykənir.
İşğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq
Mərkəzinin inşası bilavasitə Qazaxıstanın Prezidenti Kasım-Jomart Kemeleviçin
təşəbbüsüdür. Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, bu, Qazaxıstanın
Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir.
Hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır Onlar bu ölkənin elm,
incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda
yaxından iştirak edirlər.
Hər iki ölkənin regionda bütün sahələr üzrə lokomotiv rolunda olması və qarşılıqlı
müsbət əlaqələrin inkişafına meyillənməsi Avrasiya regionu üçün çox mühüm hesab edilir:
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına 1999-cu ildə yaradılmış Ticari-İqtisadi
Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya da mühüm töhfə verir. Azərbaycan –
Qazaxıstan arasında ticarət əlaqələri müsbət tendensiya ilə inkişaf edir. İxrac-idxal mallarının
nomenklaturalarının genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya
qoyuluşlarının təşviq edilməsi, nəqliyyat-logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi
kimi məsələlər qarşıya qoyulan hədəflər sırasındadır.
Xəzər təkcə ölkələrimiz arasında yox, həm də bir çox ölkələr arasında körpüdür, çünki
TransXəzər nəqliyyat dəhlizi bu gün öz potensialını tam şəkildə açır. TransXəzər nəqliyyat
marşrutu möhkəm bazaya malikdir. Çünki həm Qazaxıstanda, həm də Azərbaycanda əvvəlki
illərdə bu sahəyə böyük investisiyalar yatırılıb.
Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soy-kök və tarixi-mədəni əlaqələrə malik
ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına
uyğun inkişaf edəcək və genişlənəcəkdir.
Elçin Nəsibov,
Sabirabad rayonu "Muğanın Səsi" qəzetinin baş redaktoru