Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra, xüsusilə də Qərbin bəzi dövlətlərinin
ölkəmizə qarşı qərəzli münasibətləri fonunda xarici siyasi kursda korrektələr etməli oldu. Bölgədə yeni
reallıqlar yaradan Azərbaycan dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr
verməklə yanaşı, ortaq tarixi keçmişə malik ölkələrlə münasibətlərini daha da gücləndirdi. Türk
Dövlətləri Təşkilatına (TDT-yə) üzv dövlətlərlə əməkdaşlığa xüsusi önəm verən Azərbaycan Prezidenti
İlham Əliyev ötən ayın 14-də Milli Məclisdə and içərkən Türk dünyasının bütövləşməsinə xidmət edən
vacib mesajlar verdi. “Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim
ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”, - deyən Prezident İlham
Əliyevin bu fikri bütün Türk dünyasında coşqu, sevinclə qarşılandı. Təvazökarlıqdan uzaq olsa da,
qeyd etməliyik ki, TDT-nin fəaliyyəti 44 günlük Vətən müharibəsindən sonra daha dinamik xarakter
aldı. Hazırda Azərbaycanın xarici siyasət strategiyasının prioritet istiqamətlərindən biri Türk dövlətləri
ilə mövcud münasibətləri daha da inkişaf etdirmək, əlaqələri bütün sahələr üzrə genişləndirməkdən
ibarətdir.
Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanla diplomatik əlaqələr quran ilk Asiya
dövlətlərindən biri də Qazaxıstandır. Son il yarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd
dəfə səfər etmiş, Qazaxıstan Prezidenti isə bu müddət ərzində üç dəfə ölkəmizdə olub. Bu günə qədər
Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. Bu, təkcə 1 il 6 ay ərzində 40-a
yaxın mühüm ikitərəfli sənəd imzalanıb.
Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni soykökə malik olan hər iki xalq arasındakı
əlaqələrin tarixi qədim dövrlərə gedib çıxır. “Ortaq keçmişdən ortaq gələcəyə” şüarını reallığa çevirən
bu cür səfərlər Türk dünyasının gələcəkdə daha böyük siyasi güc kimi meydana çıxmasını şərtləndirir.
Prezident İlham Əliyev ilə qazaxıstanlı həmkarı arasındakı görüşdə qarşılıqlı fəaliyyətin digər
məsələləri, o cümlədən beynəlxalq strukturlarda, ilk növbədə, BMT və Türk Dövlətləri Təşkilatında
birgə fəaliyyət müzakirə olunub. “Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə
də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəldik. Çünki bu təşkilat yaxın, dost, doğma
ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir”, - deyə
Azərbaycan Prezidenti mətbuata bəyanatında bildirib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri zamanı
əməkdaşlığımızın əsas elementlərindən biri olan nəqliyyat-tranzit məsələsi müzakirə olundu. Dünyada
Orta Dəhlizin əhəmiyyətinin artığı bir zamanda Türk dünyasının güclü olması və ortaq mövqe
sərgiləməsi olduqca vacibdir. Çünki əvvəllər Çindən dəhliz vasitəsilə yüklərin Qara dəniz limanlarına
daşınması əgər 53 gün zaman alırdısa, hazırda bu, cəmi 18 günə mümkündür. Bu da əlavə böyük
vaxt itkisinin aradan qaldırılması deməkdir. Qazaxıstanın Nəqliyyat-Logistika Mərkəzi vasitəsilə
ölkəmizə ayda 10 konteyner qatarının yola salınması planlaşdırılır. Bu da dəhlizin gələcək inkişafından
xəbər verir.
Hər iki ölkə TDT çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində xeyli işlər görüb.
Azərbaycan ilə Qazaxıstan arasında bütün sahələrdə olduğu kimi, enerji sektorunda da uğurlu
əməkdaşlıq mövcuddur. SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin
genişləndirilməsi üçün geniş imkanlar yaradıb. Qarşılıqlı səmərəli əməkdaşlıq, neftin emalı, tranziti,
ticari-iqtisadi münasibətlər Azərbaycanın sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə
çevirib. Qazaxıstanın xam neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə dünya bazarına
çıxarılması buna əyani misaldır. Xam neftin Azərbaycanda emalı və onun dünya bazarına ötürülməsi
uğurlu əməkdaşlıqdan xəbər verir.
Azərbaycan-Türkiyə strateji münasibətlərində müşahidə olunan qızıl dövrü, elə Azərbaycan-
Qazaxıstan münasibətlərinə də şamil etmək olar. Ölkələrimiz arasındakı əlaqələr tarixinin çiçəklənmə
dövrünə qədəm qoyub. Hər iki ölkə müstəqil, cəsarətli və milli maraqlara xidmət edən xarici siyasətləri
ilə diqqət cəlb edir. Tokayev Azərbaycan və Türkiyə ilə əməkdaşlığa xüsusi önəm verir, türk dövlətləri
arasında inteqrasiyanın genişlənməsini dəstəkləyir. Qazaxıstan Azərbaycanın haqq işinə hər zaman
dəstək verib, ölkəmizin ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Ermənistanın işğalı nəticəsində
dağıdılmış, bu gün isə yenidən qurulan Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı
adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsi isə qardaş dövlətin qardaşlıq bağlarından xəbər verir.
Ərazilərimizin bərpasına verilən bu töhfə ölkəmizin rəhbərliyi və xalqımız tərəfindən də yüksək
qiymətləndirilir.
Cəmil Məmmədov,
Sabirabad rayonu Qasımbəyli bələdiyyəsinin sədri