Azərbaycan Respublikasının hər gün artan beynəlxalq nüfuzu ölkəmizin dünya
birliyində özünə layiqli yer tutmasını şərtləndirən vacib amildir. Demokratik dəyərlərə,
beynəlxalq hüququn norma və prinsiplərinə daim sadiqlik nümayiş etdirən Azərbaycan
davamlı inkişaf edən ölkədir. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə
əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət kursumuz ölkəmizin dünya
dövlətləri ilə əməkdaşlıq istiqamətlərini daha da şaxələndirir. Azərbaycan Respublikasının
nəhəng beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, ölkəmizin dünya birliyində nə qədər yüksək
nüfuza sahib olmasının bariz göstəricisidir.
28 fevral 2024-cü il tarixində Cənab Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq
Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən
Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin 30 il ərzində işğala məruz qaldığını,
bir milyona yaxın soydaşımızın məcburi köçkün vəziyyətinə düşdüyünü bildirdi. Torpaqlarımızı
işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum
qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl
qoymadı. İşğalın acı fəsadları barədə danışan dövlət başçımız suverenliyimizi və ərazi
bütövlüyümüzü bərpa etdikdən sonra da ölkəmizin hücuma məruz qaldığını qeyd etdi.
Aydın məsələdir ki, beynəlxalq institutlar, Avropada və ümumilikdə dünyada aparıcı rol
oynayan beynəlxalq təşkilatlar keçmiş münaqişə haqqında ikili standart mövqeləri ilə yadda
qaldılar. Əslində, münaqişənin həll edilməsi üçün yaradılmış ATƏT-in Minsk qrupunun üç
həmsədr ölkəsi-Fransa, ABŞ və Rusiya münaqişənin həll olunması üçün heç bir addım
atmadılar. Bu mənfi mövqe isə çox təəssüf ki, münaqişənin uzanmasına gətirib çıxardı. Dövlət
başçımızın qeyd etdiyi kimi, biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə
təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən
istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək.
44 günlük Vətən müharibəsi və keçən ilin 19-20 sentyabr tarixində həyata keçirilmiş
lokal antiterror tədbirləri ərazi bütövlüyümüzün və suverenliyimizin bizim üçün qırmızı xətt
olduğunu dünyaya bir daha göstərdi. Bizim üçün mənfi fəaliyyətlərlə yadda qalan,
münaqişənin dondurulması üçün çalışan keçmiş ATƏT-in Minsk qrupunun həmsədr
ölkələrindən ABŞ və Fransa bu gün də eyni mövqeyi nümayiş etdirir. Lakin şimal qonşumuz
Rusiya nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir.
Dünyada və regionda sülhün tərəfdarı olan Azərbaycan dövləti hər zaman atdığı
addımlarla bu istəyini ortaya qoyur. Çünki, hər birimiz gözəl bilirik ki, qarşılıqlı faydalı
əməkdaşlıq olmadan inkişaf və tərəqqi mümkün deyil. Müasir Azərbaycan Respublikası
mühüm beynəlxalq layihələrdə aparıcı rola malikdir. Təsadüfi deyil ki, ölkəmiz Avropanın
enerji təhlükəsizliyinə əvəzsiz töhfələr verməkdədir. Azərbaycan region dövlətləri ilə
əməkdaşlıqda da maraqlıdır. Bu Cənubi Qafqazda qalıcı sülhü bərqərar etmiş olar. Lakin
təəssüf ki, Ermənistan Azərbaycanın sülh çağırışlarını cavabsız qoymaqla sülh prosesini
əngəlləyir. Buna baxmayaraq, Azərbaycan dövlətinin mövqeyi ədalətlidir, qəti və sarsılmazdır.
Mirtaleh Ağazadə,
Sabirabad rayon Mədəniyyət Mərkəzinin direktoru