İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan yeni reallıqları, o cümlədən
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün əldə olunan razılaşmanı
həzm edə bilməyən Qərb bu dəfə başqa “taktika” seçib. Azərbaycana qarşı apardıqları istənilən çirkin
kampaniyanın uğursuzluğa düçar olduğunu görən dairələr indi də güclərini mətbuata yönləndiriblər.
Son həftələrdə Qərb mediasında anti-Azərbaycan isterikasının genişlənməsi bunu deməyə əsas
yaradır. Azərbaycanın guya yenidən Ermənistana hücum edəcəyini iddia edən antiazərbaycançı
şəbəkə bu yalan iftiralarla ictimai rəyi planlaşdırdıqları təxribata hazırlayır. Qərb mediasında tirajlanan
bu cür iddiaların əsas məqsədi isə bu məsələdə informasiya fonunu yaratmaqdır.
İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olması üçün
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində “vasitəçilik”
missiyasını üzərinə götürmək istəyən Qərb dairələri, əslində, məkrli planlar hazırlayıblar.
Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olub. Ermənilər torpaqlarımızın 20 faizini
işğal edərək həmin əraziləri dağıdıblar, o vaxt 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə
düşüb. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının
məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl
qoymayıb, Xocalı soyqırımını törədib. 2020-ci ildə Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü
bərpa etdi və Qarabağda separatizm yuvasını dağıtdi. Məhz bundan sonra ölkəmiz müxtəlif
istiqamətlərdə, Makron, Borrel və onlar kimi digər insanlar tərəfindən günahlandırılaraq hücumlara
məruz qalıbdır.
Fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi
nümayəndə heyətini qəbulu zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında
bildirib ki: “Təəssüflər olsun ki, otuzillik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ
və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Azərbaycan öz
torpaqlarını azad etməyə başlayanda isə bu üç ölkə ölkəmizə müxtəlif təzyiqlər göstərməyə başladılar.
Onlar Azərbaycan torpaqlarının azad edilməsini açıq-aydın istəmədiklərini öz fəaliyyətləri ilə
göstərdilər. 2023-cü ilin sentyabrında ölkəmizdə separatizmə son qoyuldu, ərazilərimiz tam azad edildi
və dövlət suverenliyimiz bərpa edildi. Bu zaman da bu ölkələr yenə öz iç üzlərini göstərdilər. Bu gün
də bu davam edir, xüsusilə ABŞ və Fransa öz ikiüzlü siyasətlərini davam etdirirlər”.
Ümumiyyətlə, istər işğal dövründə, istərsə də müharibədən sonrakı zamanlarda, həmçinin
günü bu gün də Fransa açıq-aşkar Ermənistana havadarlığını gizlətməyib və hazırda da bu prosesi
davam etdirir. Qərb mediasında tirajlanan iddialardan görünür ki, Fransa tək deyil. Bəzi dairələr, adını
beynəlxalq təşkilat qoyan “xristian klubları” artıq Azərbayana qarşı səlib yürüşünə başlayıblar. Bunun
da əsas səbəblərindən biri Azərbaycanın Cənubi Qafqazda əss güc mərkəzinə çevrilməsi, bu regionda
sülhün təminatı bəzi Qərb dövlətlərinin “maraqlarına” zidd imiş. Bu xüsusda Fransanın timsalında bəzi
Qərb dövlətlərinin sərgilədikləri mövqe onu göstərir ki, bu qüvvələr Cənubi Qafqazda sülhün bərqərar
olmasında maraqlı deyillər. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmaması
üçün hər cür oyunlara əl atan Qərb, xüsusən də Fransa regionu yenidən “müharibə ocağına” çevirmək
arzusundadır.
Qalib Komandan kimi İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra region dövlətlərini
yeni formatlı birgə əməkdaşlığa çağırdı və bu, bölgədə təhlükəsizliyin təminatını şərtləndirəcək yeganə
yol idi. Çünki Ermənistanla sülh müqaviləsi bağlanacağı halda yaranacaq yeni əməkdaşlıq
platformalarının regionun inkişafına müsbət impuls verəcəyi qaçılmazdır. Prezident İlham Əliyev qeyd
edib ki, Azərbaycan sülh prosesinə sadiqdir. Ona görə də İkinci Qarabağ müharibəsi başa çatdıqdan
sonra Azərbaycan sülh danışıqları təşəbbüsü ilə çıxış edib. Yəni Azərbaycan savaş deyil, sülh
tərəfdarıdır. Azərbaycan öz torpaqlarını iğaldan azad edib və bu gün dünya da görür ki, 30 il
ermənilərin viran qoyduqları ərazilərdə Azərbaycan yalnız öz iqtisadi qüdrəti hesabına möhtəşəm
layihələr gerçəkləşdirir. İllərlə yurd həsrətində olan vətəndaşlarının dogma el-obasına Böyük qayıdışını
təmin edir. Bu da ölkəmizin sülhsevər mövqeyinin əyani sübutudur.
Prezidentin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi
nümayəndə heyətini qəbulu zamanı səsləndirdiyi fikirlər həm də Azərbaycana iftira atan Qərbə mesaj
verdi ki, bu gün Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir və hər hansı qeyri-dost hərəkət
müsbət nəticələnməməklə yanaşı, adekvat şəkildə cavablandırılacaq.
İnqilab Hüseynov,
Sabirabad rayon Yaşıllaşdırma sahəsinin rəisi