Avropa Parlamentinin illik hesabatı Azərbaycan və Ermənistan xarici işlər nazirləri
arasında Berlində sülh danışıqlarının başladığı gün-fevralın 28-də yayıldı. Bu, sülh gündəliyini
Fransa kimi ermənipərəst ölkələrin diktə və mövqeyinə uyğunlaşdırmaq üçün göstərilən təzyiq
cəhdi kimi də qiymətləndirilə bilər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev elə həmin gün
qəbul etdiyi Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın və onun rəhbərlik
etdiyi geniş nümayəndə heyətinin diqqətinə çatdırdı ki, bəzi Avropa dairələrinin ikili standartlar
siyasəti sülhə mane olur və cəmiyyətimiz tərəfindən haqlı olaraq anlaşılmır. Prezident həmin
siyasətə açıq etirazını bu cür ifadə etdi: “Siz hamınız bəyan edirsiniz ki, Ukrayna öz ərazi
bütövlüyünü təmin etməlidir. Bəs bizim ərazi bütövlüyümüz?! Məgər bu məsələ Ukrayna
məsələsindən daha az önəmlidir? Əfsuslar olsun ki, biz Cənubi Qafqazda ayırıcı xətlərin
qurulması cəhdlərini görürük”.
Azərbaycana qarşı ayrı-seçkilik, bir çox hallarda isə qərəzli münasibət o dərəcədə
üzdədir ki, bu, cəmiyyətimizin də diqqətindən yayınmır. Necə yayına bilər ki, Avropa
Parlamentinin və AŞPA-nın hesabat və qətnamələrində Qarabağı könüllü şəkildə, öz istəyi ilə
tərk etmiş ermənilərin guya “etnik təmizləməyə” məruz qaldığı iddia olunur. Hətta o da nəzərə
alınmır ki, BMT missiyası mülki ermənilərə qarşı güc tətbiq edilmədiyini, antiterror tədbiri
zamanı dinc əhalinin və mülki infrastrukturun hədəf seçilmədiyini dəfələrlə rəsmən bəyan
edib. Avropa Parlamentinin ölkəmizlə bağlı hesabat və qətnamələrinin qərəzli olduğunu
görmək üçün əlahiddə sübut axtarmağa ehtiyac da yoxdur, bunun üçün parlamentdə
mütəmadi şəkildə səslənən, bir-birini təkrar edən çıxışlara diqqət yetirmək kifayətdir: “erməni
xristian qardaşlarımızı müdafiə etməliyik”, yaxud “xristian erməni qardaş və bacılarımızın
yaşadığı “Dağlıq Qarabağın” Azərbaycan tərəfindən işğal olunmasına imkan verməməliyik”.
Prezident İlham Əliyevin yüksək səviyyəli nümayəndə heyətinin diqqətinə çatdırdığı növbəti
fikri də Azərbaycan cəmiyyətinin haqlı qənaətini ifadə edirdi: “Bununla bağlı Azərbaycanda
bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan
və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə
yeganə çıxış yolu bizim İslam dinimizdir. Mən demirəm ki, bu mənim şəxsi fikirimdir,
insanların çoxu belə düşünür”.
Digər beynəlxalq təşkilatda-AŞPA-da iki qeyri-xristian ölkəsindən biri olan
Azərbaycanın hədəf seçilməsi, nümayəndə heyətimizin səlahiyyətlərinin məhdudlaşdırılması
həm də bu cür səbəblərə görə cəmiyyətimiz tərəfindən ayrı-seçkiliyin və açıq qərəzin nəticəsi
kimi dəyərləndirilir. Son üç ildə Azərbaycana qarşı artan hücumların, qəbul olunan qərəzli
hesabat və qətnamələrin gerçək səbəblərinə gəldikdə isə, Azərbaycan Prezidentinin
çıxışlarından iki iqtibas gətirmək istərdim, onlar anti-Azərbaycan mövqeyinin səbəblərinə
kifayət qədər aydınlıq gətirir. Prezident İlham Əliyev 2022-ci il aprelin 22-də Şuşada keçirilən
Dünya Azərbaycanlılarının V Qurultayında indiyədək üzləşdiyimiz, bundan sonra da
üzləşəcəyimiz qərəzin, ədalətsizliyin, əslində, gözlənilməz olmadığını bu cür ifadə etmişdi:
“Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə
aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə
Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür“. İkinci iqtibas
isə Prezidentin andiçmə mərasimində söylədiyi bu fikirlərdir: “Biz, -İkinci Qarabağ müharibəsi
zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, -sarsılmaz hesab olunan
elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə
hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir”.
Elə bütün bunlara görə, əldə etdiyimiz tarixi Zəfər, yerindən oynatdığımız daşlar istər
ətrafımızda, istərsə də Avropada bəzilərini ciddi şəkildə narahat edir və belələri Cənubi
Qafqazdakı yeni siyasi reallıqla barışmaq istəmir. Baxmayaraq ki, Azərbaycan bu gerçəkliyi
yaratmaq üçün atdığı bütün addımlarında yalnız tarixi ədalətə və beynəlxalq hüquqa
söykənib.Tarixi Zəfərimiz Ermənistanın himayədarlarını o dərəcədə məyus edib və
qıcıqlandırıb ki, onlar Azərbaycanın hüquqi cəhətdən legitim addımlarına kölgə salmaqdan,
həqiqətləri təhrif etməkdən, guya Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması ilə
bağlı açıq-aşkar yalan məlumatı yaymaqdan belə çəkinmirlər, bütün qərarlarında işğalçı
Ermənistanın tərəfini tuturlar. Çünki həmin siyasi dairələrə güclü, sözün həqiqi mənasında
siyasi və iqtisadi cəhətdən müstəqil, tam bərabərhüquqlu Azərbaycan deyil, Ermənistan kimi
ələbaxan, satellit ölkələr gərəkdir. Prezident İlham Əliyev elə bu səbəbdən martın 1-də Bakıda
keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji
Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında çıxışı zamanı yüksək səviyyəli
qonaqların diqqətinə bir həqiqəti də çatdırdı: “Azərbaycana COP29-a sahiblik edən ölkə
olmaq şərəfi nəsib olmuşdur. Keçən ilin dekabrında qərar qəbul olunan kimi biz dərhal, yalnız
bir səbəbdən müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldıq. Çünki bizim
neftimiz var və bu, bizim ən böyük nöqsanımız hesab olunmuşdur. Baxmayaraq ki, qeyd
etdiyim kimi bu, qüsur deyil, Allahdan bir hədiyyədir”.
Bədxahlarımız çox arzu edərdi ki, Yaxın Şərqdə olduğu kimi, təbii sərvətlərimiz ya
onların nəzarətində olsun, ya da Azərbaycan məlum müsəlman ölkələrinin acı aqibətini
yaşasın. Avropa Parlamentinin və AŞPA-nın ölkəmizlə bağlı qərəzli qətnamələrinə insan
haqları və demokratiya adı altında bəndlərin daxil edilməsi isə qərəzi gizlətmək, onu
pərdələmək və təhrif etdikləri məlumatlara dünya ictimaiyyətini inandırmaq məqsədini güdür.
Çünki bu cür bəndlərdən ya əvvəl, ya da sonra Laçında sərhəd-keçid məntəqəsinin və
antiterror tədbirinin qanuniliyi şübhə altına alınır, ardınca ermənilərin guya “etnik təmizləməyə”
məruz qaldığı iddia olunur, onların Qarabağa xüsusi statusla qaytarılması və beynəlxalq
mexanizmlər vasitəsilə hüquqlarının qorunması Azərbaycandan tələb edilir. Milyona yaxın
azərbaycanlı qaçqın və köçkünün hüquqları, viran qoyulmuş şəhər və kəndlərimiz, təhqir
olunmuş məscid və qəbirlərimiz, bu günün özündə də mina partlayışlarının qurbanı olan
vətəndaşlarımız, vəhşicəsinə qətlə yetirilən Xocalı soyqırımı qurbanları ədalətdən,
demokratiyadan danışan qətnamə müəlliflərinin heç yadına da düşmür. Ona görə də, belələri
fərqində deyillər ki, tarixi Zəfəri bizə heç kim hədiyyə etməyib. 30 il ərzində Azərbaycan xalqı
məhz onların boş vədlərinə inanaraq səbr göstərdi, amma görünən odur ki, bunun da qədir-
qiyməti bilinmir. Çünki Fransa başda olmaqla indi qərəzli qətnamə və hesabatlarla üzərimizə
gələnlərin yeganə məqsədi vaxtilə işğalın ömrünü uzatmaqdan və nə zamansa onun
nəticələrini Ermənistanın xeyrinə rəsmiləşdirməkdən ibarət olub.
Azərbaycan tarixi Zəfəri ilə onların arzularını, məkrli planlarını puç etdi, şəhidlərimizin
və qazilərimizin canı-qanı bahasına ərazi bütövlüyünü və suverenliyini savaş meydanında özü
bərpa etdi. Onlar nəzərə almırlar ki, Ermənistandan fərqli olaraq, Qarabağ Azərbaycan üçün
sadəcə torpaq yox, Vətənin, Dövlətin bir parçasıdır. Kimlərinsə istəyindən, arzusundan, təzyiq
və şantajından asılı olmayaraq, Vətəndən pay olmur! Bədxahlarımızı ciddi narahat edən
yalnız bir gerçəklik var, o da Azərbaycanda şahidi olduqları xalq və Lider birliyidir. Onlar
iyrənc üsullarla həmrəyliyimizə nə qədər kölgə salmağa çalışsalar da, bilməlidirlər ki,
Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində olduğu kimi, bundan sonra da şəksiz
Liderinin bütün qərarlarının arxasında bir nəfər kimi dayanacaq və tarixi Zəfərini kimlərəsə
yem etməyəcək!
Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağsaqqallar şurasının sədri