KANAL24.AZ
Az Iw En Ru

Beynəlxalq arenada Azərbaycana artan marağın və etimadın göstəricisi

Bu gün Avropa İttifaqına üzv olan heç də bütün ölkələr Cənubi Qafqazda məhz hansı
formada təmsil olunmaq, regionda əməkdaşlıq əlaqələrinin qurulmasında hansı prioritetlərə
əsaslanmaq kimi məsələlərdə ortaq mövqelərdən çıxış edə bilmirlər. Ermənipərəst qüvvələrin
daha çox təsirinə məruz qalan Fransa hökuməti birmənalı olaraq anti-Azərbaycan siyasəti
yürüdür və regionda gərginliyi artırmağa çalışır. Təkcə Ermənistanın silahlandırılması kimi,
avantürist bir qərar artıq Fransanın Cənubi Qafqaz siyasətinin bu regionun ölkələri və xalqları
üçün, o cümlədən ermənilər üçün yaxşı heç nə vəd etmədiyini açıq-aşkar göstərir.
Prezident İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri
Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bu məsələyə ətraflı
toxunaraq, Fransanın və bu ölkənin əlində alətə çevrilmiş AŞPA-nın qərəzli və haqsız
mövqelərinə dair fikirlərini bildirmişdir. Həqiqətən də, Azərbaycan özünün ərazi bütövlüyünü
və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli heç bir addım
atmayıb. Təəssüflər olsun ki, bu gün ikili standartların tətbiqi bəzi böyük dövlətlər, eləcə də
Avropa İttifaqı üçün adi hala çevrilib. Azərbaycan özü ilə bu cür davranmağa heç kimə icazə
verməyəcəyini də artıq dəfələrlə nümayiş etdirib. Ölkəmizə qarşı tutduqları mövqelərindən
asılı olmayaraq bütün Qərb dairələri yaxşı bilirlər ki, Azərbaycanın rəyi və iştirakı olmadan
Cənubi Qafqazda heç bir layihə reallaşdırıla bilməz. Məhz buna görə də Avropanın işgüzar
dairələri Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olduqlarını gizlətmirlər.
Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri hər halda
Avropada sağlam düşünən insanların üstünlük təşkil etdiyini deməyə əsas verir. Görüş
zamanı Almaniyanın ölkəmizdəki səfiri Ralf Horlemann Azərbaycan Prezidenti cənab İlham
Əliyevin Münxen səfəri zamanı Almaniya Kansleri ilə keçirdiyi görüşlərinin təəssüratı altında
olduqlarını qeyd etməklə, ölkələrimiz arasında münasibətlərin məhz ikitərəfli formatda
inkişafının bəlkə də daha səmərəli ola biləcəyini vurğulamış oldu. Səfir, eyni zamanda,
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün Berlində keçirilməsindən
məmnunluqlarını ifadə etməklə, ölkəsinin sülh prosesini konstruktiv şəkildə dəstəklədiyini
diqqət mərkəzinə çəkmiş oldu. Nəhayət, səfir birmənalı olaraq bəyan etdi ki, iş adamlarından
ibarət böyük nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədlərindən biri də
ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını nümayiş etdirməkdən ibarətdir. Azərbaycan-
Almaniya ikitərəfli münasibətlərində iqtisadi sahə həmişə mühüm rol oynayıb. Cənab
Prezident İlham Əliyev görüş zamanı bu məqamı xüsusi qeyd etdi. Dövlətimizin başçısı
münasibətlərin müsbət inkişaf dinamikasını şərtləndirə biləcək önəmli amil kimi, Almaniyanın
neytrallıq nümayiş etdirdiyini və Fransadan fərqli olaraq Ermənistanı silahlarla təchiz
etməməsini vurğuladı. Əlbəttə ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan
nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul etməsi
təşəbbüsünün Almaniya parlamentinin üzvü, həm də birbaşa Kansler Şoltsun rəhbərlik etdiyi
partiyanın üzvü tərəfindən irəli sürməsi təəssüf doğuran bir haldır. Bununla belə, cənab
Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya Kansleri ilə görüşündə iqtisadi
əməkdaşlıq məsələlərinin də müzakirə olunduğunu qeyd etdi və Kansler Şoltsun təşəbbüsü
ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh
prosesinə dinamizm gətirilməsi baxımından önəmini də vurğuladı. Bütün bunlar, əlbəttə ki, iki
ölkə arasında əlaqələrin genişləndirilməsi və dərinləşməsi üçün zəmin rolunu oynaya bilər.
Əvəz Məmmədov,
Sabirabad rayonu Qaragüney kənd yaradıcılıq evinin direktoru


15:38 13.03.2024