KANAL24.AZ
Az Iw En Ru

Qadın ülviyyətin, zərifliyin, gözəlliyin rəmzidir

Hər il yüksək səviyyədə qeyd olunan 8 Mart – Beynəlxalq Qadınlar Günü bu tarixi günün
önəmini bir daha xatırladır, qadınlara  dəyərin bariz nümunəsi kimi vurğulanır.
Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra qadınların ölkənin ictimai-siyasi
həyatında fəallığının artırılması istiqamətində davamlı addımlar atıldı. Qadınların cəmiyyətdə, ictimai
həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib. Müstəqil Azərbaycanın  1995-ci ildə qəbul
olunmuş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət
quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı. Müstəqil Azərbaycan dövlətinin
qurucusu, ulu öndər Heydər Əliyev daim  qadınlara  diqqət və qayğı ilə yanaşıb, ölkənin ictimai-siyasi
həyatında fəal iştiraklarını təmin etmək üçün davamlı  tədbirlər həyata keçirmişdir.
Dövlətimizin başcısı İlham Əliyev öz çıxışlarında daim bu məqamı xüsusi qeyd edilir ki, milli
varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizin, ana dilimizin və adət-ənənələrimizin
əsrlərdən bəri qorunub saxlanmasında Azərbaycan qadınlarının müstəsna xidməti vardır. Tariximizin
mürəkkəb sosial-siyasi dəyişikliklərlə müşayiət olunduğu dövrlərdə onlar cəmiyyətin sarsılmaz mənəvi
dayağına çevrilmişlər. Qürurverici haldır ki, müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və
texnikanın bir çox sahələri üzrə ilk addımı məhz mənəviyyatında milliliklə müasirliyin əsl vəhdətini
yaratmış Azərbaycan qadını atmışdır.
Azərbaycan qadınlarının cəmiyyətdə rolundan bəhs edərkən təbii ki, fəaliyyəti hər birimiz üçün
örnək olan  Azərbaycanın Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın xidmətləri göz önünə gəlir. Mehriban xanım Əliyevanın fəaliyyətinə diqqət yetirdikdə
görürük ki, atdığı hər addımın əsasında xeyirxahlıq, humanizm, səmimiyyət, vətəndaşlıq təəssübkeşliyi
dayanır. Azərbaycan reallıqlarının təbliği istiqamətində dünyanın müxtəlif ölkələrində keçirilən
tədbirlər, təqdimatlar,  hazırlanan vəsaitlər, nəşr edilən kitablar məqsəd və məramın açıqlanmasına
yardımçı olur. Mehriban xanım Əliyevanın fəaliyyətinə verilən ən böyük qiymət təbii ki, xalqın
sevgisidir. Məhz bu etimad, inam onun Azərbaycanın Birinci Vitse-prezidenti təyin olunmasını
şərtləndirən əsas amillərdəndir.
Dünyanı cənginə almış koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi
istiqamətində atılan addımlara böyük dəstək olan Mehriban xanım Əliyevanın bu münasibətlə xalqımıza
müraciətlərinə diqqət yetirdikdə mərhəmətin, sədaqətin, xeyirxahlığın, ən əsası vətənpərvərlik
duyğularının nə qədər böyük olduğunu görür, onun hər zaman dövlətimizin inkişafı, xalqımızın firavan
yaşaması istəyini ortaya qoymasının şahidi oluruq. 44 günlük İkinci Qarabağ müharibəsi və
postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərimizə dövlətimizin başçısı İlham Əliyevlə birgə
səfərləri, həmçinin ölkə Prezidenti ilə birgə müharibə başa çatandan sonra ilk olaraq yaralı döyüşçülərə
baş çəkmələri və sair kimi biri-birindən diqqət çəkən addımlar vətənpərvərlik hissinin böyüklüyündən
xəbər verir.
Bu  gün hər bir Azərbaycan qadını, anası xoşbəxtdir, qürurludur. Yetişdirdikləri övladlar 30 ilə
yaxın işğal altında olan torpaqlarımızı azad etdi, torpaq həsrətinə son qoydu, vaxtilə itirilmiş
qürurumuzu özümüzə qaytardı. Bu gün analarımız Beynəlxalq Qadınlar Gününü qələbə sevinci ilə qeyd
edirlər. Şəhid anaları, bacıları, bütün qadınlarımız üçün ən böyük bayram hədiyyəsi qəhrəman
oğullarımızın yazdığı tarix, torpaqlarımızı işğaldan azad edib düşməni diz çökdürməsi,
müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən
şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmamasıdır. Bayramınız mübarək, əziz
qadınlar!
Telman Əzimov,
Sabirabad rayonu, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəis müavini


08:22 08.03.2024