Qadın olmaq güclü, cəsarətli, baxımlı, əzmkar, savadlı olmağı tələb edir. Hər bir qadın irqindən,
peşəsindən, milliyyətindən asılı olmayaq hər yerdə və hər zaman öz sözünü deməyi, haqqlarını tələb
etməyi bacarmalıdır. Ailələrdə əsasən də qız uşaqlarının təlim-tərbiyəsinə , təhsilinə önəm verilməlidir.
Onların sabah bütün çətinliklərin öhdəsindən gələ bilmələri üçün onlara bu gündən güclü olmağı
öyrətmək lazımdır. Həm mənəvi ,həm də fiziki baxımdan. Güclü qadın deyəndə nə başa düşürük? Güclü
qadın özünü müdafiə etməyi , özünü təsdiq etməyi bacaran, öz azad düşüncələri olan qadındır. Qadınlar
zərif ola bilərlər ,amma, heç vaxt zəif deyillər. Qadınlarımız özlərini müxtəlif sferalarda sınayıb və
əksəriyyəti uğurlu alınıb. Həkim, müəllim kimi ixtisaslardan başqa mühəndislik, dövlət başçısı kimi
əksər sahələrdə xanımlar çalışır.Qadınlar hər zaman diqqət mərkəzində olmağı çox sevirlər. Mənim üçün
bir qadın ilk öncə təhsilli biri olmalıdır, o , vətəninə , millətinə xeyirli şəxsiyyət kimi formalaşmaldır.
Həmişə öz haqlarını tələb etməli, özünü ilk öncə diqqətə almalıdır.Təssüflər olsun ki, öz ayaqları
üzərində dura bilməyən qadınlar da var ,hər gün şiddətə məruz qalan, əzilən,hüquqları tapdalanan…
İstər ölkəmizdə istərsə də digər ölkələrdə qadın hüquqlarının qorunması ən vacib məsələlərdən biri kimi
bilinməkdədir Ölkəmizin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq məqsədi
daşıyan Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin “Qadınlara
münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli
gələn öhdəliklərini daha geniş miqyasda həyata keçirmək üçün 1998-ci il 14 yanvar tarixində
“Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalanmışdır.
Bundan başqa 2000-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti 2000-2005-ci illər üçün
nəzərdə tutulan “Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı”nı qəbul
etmişdir. Milli Fəaliyyət Planı milli prioritetləri nəzərə alaraq, siyasət, iqtisadiyyat, sosial, mədəniyyət,
təhsil və səhiyyə sahələrini,həmçinin qaçqın və məcburi köçkün qadınların problemlərinin həlli
istiqamətində görüləcək işləri əhatə etmişdir.
Bu miqyasda bir çox işlər görülmüşdür. Bütün bunlar təqdirə layiqdir. Ən mühümü isə başqa
diqqəti çəkən cəhətdir: cəmiyyətləri idarə edən səlahiyyətli adamlar arasında qadınların sayı getdikcə
artır: siyasətdə, iqtisadiyyatda, elmdə, təhsildə, mətbuatda bunu hər addımda görüb duymaq olar və bu
sevindirici haldır. Bizim ölkəmiz də istisna deyil: hökumətdə, nazirliklərdə, milli məclisdə qadınlarımız
fəaldır və öz işlərinin öhtəsindən layiqincə gəlirlər. Lakin bütün bunlar azdır. Bu istiqamətdə görülən
işlərin sayı artırılmalıdır. Hər bir qadın xoşbəxt olmağa layiqdir.Bizim gələcəyimizin parlaq olması da
özümüzdən asılıdır.Hər birimiz dəyərliyik,gözəlik,əziz xanımlar!
Nobar Qasımova,
Sabirabad rayon Surra kənd uşaq bağçasının müdiri