Azərbaycan qadını bütün dövrlərdə dövlətə öz sədaqəti və fədakarlığı ilə seçilib. Təsadüfi deyil
ki, Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti
dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak ediblər.
Dövlət müstəqilliyimizin bərpasından sonra da Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin
fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli
töhfələr verib.
Azərbaycan qadını tarix boyu mübarizliyi ilə tanınıb, Vətənin müdafiəsində və dövlətin idarə
olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərib.
Keçmişdə olduğu kimi müstəqillik illərində, birinci Qarabağ və 44 günlük Vətən müharibəsində də
düşmənə qarşı savaşan Azərbaycan qadınları sırasında şəhidlərimiz də var. Tibb işçisi, jurnalist, hərbçi
kimi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və qorunması naminə canlarından belə keçiblər.
Eyni zamanda, qadınlar doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə gənc nəslin
vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə
üzərinə düşən ağır yükü şərəflə daşıyıblar.
Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın
şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər qadınların dövlətin idarəolunması prosesində
iştirakını dəstəkləyib, ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırıb, onların hərtərəfli
fəaliyyətinə geniş meydan verib, hətta lider qadınlar yetişdirib. Sirr deyil ki, bu gün dövlət qadın
siyasətinin davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb.
Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl
tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və
bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak
edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
Mirtaleh Ağazadə,
Sabirabad rayon Mədəniyyət Mərkəzinin direktoru