KANAL24.AZ
Az Iw En Ru

Ölkəmizin kifayət qədər təbii ehtiyatları var və ənənəvi ehtiyatlarımızın hələ uzun illər istismarı mümkündür

Dövlətimizin başçısı İlham Əliyevin hər bir çıxışı Azərbaycanın keçdiyi inkişaf yolunun
və onların fonunda qarşıda dayanan hədəflərin təqdimatıdır. Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində martın 1-də Bakıda öz işinə başlayan nazirlərin 10-cu toplantısında
Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil
olundu. 
Toplantının açılış mərasimindən sonra davam etdirilən sessiyaların mövzularına diqqət
yetirmək kifayətdir ki, hazırkı dövrün əsas çağırışları barədə aydın təsəvvür yaransın. “Cənub
Qaz Dəhlizi və Yaşıl enerji üzrə Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəyə
baxış” və “COP29 fonunda yaşıl enerji sessiyası: Bərpaolunan enerjinin imkanlarından
istifadə” mövzuları ətrafında aparılan müzakirələrdə Azərbaycanın bu ilin noyabr ayında ev
sahibliyi edəcəyi COP29-un ölkəmiz üçün əhəmiyyəti xüsusi qeyd edildi. Həmçinin Məşvərət
Şurası çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan
Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq
haqqında Saziş”in icrası məqsədilə nazirlərin 6-cı iclası və “Dənizdə külək enerjisindən
istifadənin inkişafı” üzrə Azərbaycan-Avropa İttifaqı dəyirmi masası keçirildi. 
Azərbaycan təbii qazın çıxarılması, istifadəsi ilə bir vaxtda alternativ enerjiyə böyük
önəm verir. Bu sahənin inkişafını, yaşıl enerji kimi vacib məqamlar dövlət siyasətimizin
gündəliyində xüsusi yer tutur. Bərpaolunan enerjiyə xüsusi diqqət ayrılır, alternativ enerji
mənbələri təsis olunur. 
Dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən 2024-cü ilin ölkəmizdə “Yaşıl
dünya naminə həmrəylik ili” elan olunması həm də yaşıl enerji kimi mühüm məsələyə verilən
diqqətin təzahürüdür. Dünyada çox azsaylı ölkə var ki, həm enerji resursları ilə əlaqədar
qazıntı işləri aparsın, paralel olaraq da yaşıl enerji kimi vacib məsələni ön planda saxlasın. 
“Dövlətimizin başçısı martın 1-də “Euronews” televiziyasına verdiyi müsahibə zamanı
bir daha yaşıl enerji məsələsinə diqqət çəkərək bildirdi ki, ölkəmizin kifayət qədər təbii
ehtiyatları var və ənənəvi ehtiyatlarımızın hələ uzun illər istismarı mümkündür. Lakin, elə bu
sahədən qazandığımız gəliri yaşıl enerjiyə yatırmaq bərpaolunan enerjiyə verdiyimiz xüsusi
töhfədir. Məhz Azərbaycanın bu sahədə atmış olduğu addımlar digər dövlətlər üçün
nümunəyə çevrilməli və onlar iqlimin qorunmasında bərabər iştiraka cəlb olunmalıdır.
Sahil İmanov,
Sabirabad rayonu Bulduq kənd tam orta məktəbinin direktoru


09:13 06.03.2024