KANAL24.AZ
Az Iw En Ru

Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi

Prezident İlham Əliyev: “Layihə həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə
bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir”
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın əhəmiyyətli rolu
var. Regionun əsas infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizi bu baxımdan
Azərbaycan üçün çox böyük iqtisadi və siyasi üstünlük gətirib. Hərçənd on il öncə bir çoxları
üçün bu layihə xəyal kimi görünürdü və həyata keçilməsində şübhələri var idi. Lakin
Azərbaycan dövləti bu layihənin də reallaşmasında öz gücünü ortaya qoydu. Bu haqda
Prezident İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində
nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı
“Euronews” televiziyasına verdiyi müsahibədə deyib ki, Cənub Qaz Dəhlizi layihəsi ilə
əlaqədar çoxlu müxtəlif ideyalar var idi: “Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi.
Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik”. Bu layihə
vasitəsi ilə Azərbaycanın Avropaya kommersiya məqsədli qazının nəqli mühüm tarixi
hadisədir. Cənub Qaz Dəhlizi Azərbaycanın qaz ixracı baxımından meqa layihə hesab edilir.
Azərbaycan bu mürəkkəb layihəni uğurla icra etməyi bacardı. Çünki eyni vaxtda
Azərbaycanda, Gürcüstanda və Türkiyədə Cənub Qaz Dəhlizinin seqmentləri əlaqələndirililib
və həmçinin istismara verilib. Bütün bu işlər daha aşağı xərclə edilib. Cənab Prezidentin
dediyi kimi, uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır: “Layihə getdikcə
daha çox ölkələri əhatə edir. Çünki bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan
verən yeni interkonnektorlarımız var”. Məlumat üçün bildirək ki, 2011-ci ildə Avropa
Komissiyası və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların
yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalanıb. Birgə Bəyanat TANAP və TAP-la bağlı
Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaradıb.
2012-ci il iyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyənin Baş
naziri Rəcəp Tayyip Ərdoğan TANAP-la bağlı müqavilə imzalayıb. 2014-cü il sentyabrın 20-də
“Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 17 mart 2015-ci ildə Türkiyənin Qars şəhərində
TANAP-ın təməlqoyma mərasimi keçirilib və boru kəmərinin inşasına başlanılıb. 2016-cı il
mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib və boru
kəmərinin inşasına başlanılıb. 29 may 2018-ci il tarixində Bakıda Cənub Qaz Dəhlizinin, 12
iyun 2018-ci il tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu
(TANAP) qaz boru kəmərinin açılışı olub. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-
Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə nəqlinə başlanılıb. 30 noyabr 2019-cu ildə
TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan təbii qazının 31
dekabr 2020-ci ildə TAP vasitəsilə Avropa bazarına tədarükünə başlanılıb.
Cənub Qaz Dəhlizinin seqmentləri üzrə işlər qrafikə uyğun şəkildə icra edilib. Hazırda
layihənin reallaşması TANAP vasitəsilə həyata keçirlir. Prezident İlham Əliyevin fikrincə,
Layihə həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını
tamamilə dəyişir. “On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə,
əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir”,- deyə dövlətimizin başçısı əlavə edib.
Bildiyimiz kimi, Cənub Qaz Dəhlizinin əsas məqsədi “Şahdəniz” qaz-kondensat yatağının
istismarının ikinci mərhələsi zamanı hasil edilən təbii qazın genişləndirilmiş Cənubi Qafqaz
Boru Kəməri, TANAP və TAP vasitəsilə Türkiyəyə və Cənubi Avropaya ixracını təmin
etməkdir.
Cənab Prezident müsahəbəsində Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün
beynəlxalq əməkdaşlığın önəminə də toxunub: “Layihəni reallaşdırmaq üçün geniş beynəlxalq
əməkdaşlığa ehtiyac var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri
üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər
arasında bu əməkdaşlığı qurmağa başladıq”. Bu baxımdan Cənub Qaz Dəhlizinin həm də
siyasi əhəmiyyəti var. Çünki bu layihəyə adi olan ölkələr arasında sıx əməkdaşlıq da yaranıb.
Xüsusən reagion ölkələri olaraq Azərbaycan, Gürcüstan və Türkiyənin Cənub Qaz Dəhlizinin
icrası zamanı əməkdaşlığı daha da güclənib. Bu əməkdaşlıq Cənub Qaz Dəhlizinin keçdiyi
digər ölkələr arasında da özünü göstərib. Prezident İlham Əliyevin iştirakı ilə Cənub Qaz

Dəhlizi ilə bağlı marşurut boyunca olan ölkələrdə saysız açılış və təqdimatlar təşkil edilib. Bu
tədbirlərdə boru kəmərinin keçdiyi ölklərin liderləri layihənin baş tutmasında Azərbaycanın
rolunu və mənbə ölkə olmasını qeyd edirlər. Onlar, bu işdə Prezident İlham Əliyevin
qətiyyətini xüsusi vurğulayırlar. Əlbəttə ki, bütün bunları Avropa liderlərindən eşitmək
qürurvericidir.
Artıq Azərbaycan Avropada, ümumiyyətlə, dünyada qaz ixrac edən ölkə olaraq tanınır.
Bu gün Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsi ilə bir sıra Avropa Birliyi ölkələrini qazla
təmin etməsi dövlətimizin iqtisadi potensialının əsas göstəricisidir. Bununla Avropa ölkələri
alternativ təchizat mənbələrini əldə etmək imkanı qazanmış olurlar.
Oqtay Babayev,
Sabirabad RİH başçısının Güdəcühür kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


08:12 06.03.2024