KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanın sülhə və əməkdaşlığa əsaslanmış enerji siyasəti

1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və yorulmaz fəaliyyəti nəticəsində
imzalanmış Əsrin Müqaviləsi o zaman dünyanın və regionun gələcək inkişafında bütün
tərəflərin maraqlarını təmin etməklə bu günə qədər öz dayanıqlılığını qoruyub saxlayıb. Əsrin
Müqaviləsinin icrası eyni zamanda Azərbaycan dövlətinin dünyada tanınmasına, nüfuzunun
artmasına gətirib çıxarmış, eləcə də etibarlı tərəfdaşa çevirmişdir. Məhz müstəqilliyimizin
əsaslarından biri olan neft müqaviləsi iqtisadiyyatımızın inkişafına, İkinci Qarabağ-Vətən
Müharibəsində Zəfərimizin əldə olunmasında mühüm maliyyə mənbəyinə çevrildi.
Prezident İlham Əliyev Azərbaycanın çoxvektorlu xarici siyasətində enerji siyasətini
prioritet elan edərək, onu Azərbaycanın bütövlüyünün, regionda sabitliyin, təhlükəsiz davamlı
inkişafın təmin olunmasında əsas alət kimi istifadə etməkdədir. Ölkəmizin son 20 ildə Qərb-
Şərq, Şimal-Cənub birləşdirici logistik dəhlizlər üzrə çoxsaylı vacib layihələri həyata keçirməsi,
eləcə də dünya siyasi arxitekturasının dəyişdiyi bir dönəmdə yeni çağırışlara əsaslanan enerji
siyasətinə olan sadiqliyi Avropa İttifaqının, eləcə də Avropa İttifaqına üzv dövlətlərin
Azərbaycana olan marağını artırmaqdadır.
Bu gün Azərbaycan neft müqavilələrinin uğurlu idarə olunması ilə yanaşı, qaz
hasilatının həcmini artırmağa ildən-ilə müvəffəq olmaqdadır. Eyni zamanda dördüncü sənaye
inqilabının çağırışlarından olan alternativ enerji mənblərinin müəyyən edilməsi, yaşıl
gündəliyin zənginləşdirilməsi Azərbaycanın enerji siyasətinin tərkib hissəsi kimi, gələcək
layihələrin hazırlanması və həyata keçirilməsində mühüm rol oynayır.
Son illərdə ölkəmiz təbii enerjinin dünya dövlətlərinə çatdırılması istiqamətində mühüm
nailiyyətlərə imza atıb. Belə ki, 20-dən çox ölkəni, 40-dan çox beynəlxalq şirkətləri əhatə
edən, 3500 kilometrdən artıq uzanan TAP və TANAP qaz kəmərlərinin şaxələndirilməsi işinə
töhfə verərək bu gün istehsal etdiyi qazın Avropa bazarına çatdırmağa nail olub.
Etibarlı tərəfdaş olduğunu artıq bütün dünyaya sübut etmiş Azərbaycan Cənub Qaz
Dəhlizi layihəsində iştirakı ilə bu gün yeni uğur hekayəsi yazır. 01 mart 2024-cü il tarixində
Bakı şəhərində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl
Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında Prezident İlham Əliyevin çıxışı
zamanı qeyd etdiyi kimi, “Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza
qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir.”
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yubiley iclası ilə yanaşı, Yaşıl Enerji Məşvərət
Şurası nazirlərinin 2-ci iclasının da keçirilməsi ölkəmizin alternativ enerji mənbələrinin inkişaf
etdirilməsinə, eləcə də dünyada ekoloji problemlərin həllinə göstərdiyi pozitiv siyasətdir.
Eyni zamanda Azərbaycan öz təbii neft-qaz yataqlarından başqa, bağlanmış
müqavilələr əsasında qısa müddətdə küləkdən, günəşdən əldə olunan alternativ enerjinin
istismarına başlayacaq. Bu da Paris İqlim Sazişində nəzərdə tutulduğu kimi, təbii ehtiyatların
mühafizəsi, iqtisadiyyatın dekarbonizasiyası, ümumilikdə ətraf mühitin çirklənməsinin
qarşısının alınması üçün əlavə yeni imkanlar yaradacaqdır.
Beləliklə, artıq üç ildir fəaliyyət göstərən Cənub Qaz Dəhlizi layihəsi Avrasiyanın ən
böyük infrastruktur layihələrindən biri olmaqla yanaşı, eyni zamanda kəmər üzərində yerləşən
dövlətlərin xalqlarının iqtisadi, mədəni, siyasi əlaqələrinin genişlənməsinə və dünyada sülhün
dayanıqlılığına öz töhfəsini verir.
Təsadüfi deyil ki, Azərbaycan bütün dünya dövlətlərinin yekdil qərarı ilə bu il COP29-a
ev sahibliyi edəcək. Bu, ölkəmizin dünyada həyata keçirdiyi enerji layihələrinə, ümumilikdə
enerji siyasətinə verdiyi qiymətin bariz göstəricisidir.
Vüsal Əsgərov,
Sabirabad Gənclərin İnkişafı və Kariyera Mərkəzinin könüllüsü


06:09 06.03.2024