Azərbaycan və Albaniya dost ölkələrdir. İki ölkə arasında olduqca fəal siyasi dialoq və
müxtəlif sahələrdə fəal əməkdaşlıq mövcuddur. Ölkələrimiz bir-birini beynəlxalq təsisatlarda
dəstəkləyir. Azərbaycan və Albaniya enerji təhlükəsizliyi məsələlərində fəal əməkdaşlıq edir.
Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP
heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji
Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı zamanı Prezident İlham Əliyev
Azərbaycan-Albaniya münasibətlərini yüksək qiymətləndirməklə bərabər əməkdaşlığın yeni
perspektivlərindən də bəhs etdi. Ölkə başçısı bildirdi ki, enerjinin şaxələndirilməsi və enerji
təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat
coğrafiyasının yaradılmasına xidmət etmişdir.
Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı enerji təhlükəsizliyi məsələləri
həmişə müzakirə olunub. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub. Enerji
təhlükəsizliyin təmin olunması ölkənin milli təhlükəsizlik məsələsi hesab olunur.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan qazı yeni mənbədir. Bu gün
Avrasiyadakı geosiyasi vəziyyət gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir.
Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar –
interkonnektorlar əlavə edilib. Ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin
Azərbaycana məxsus sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında təbii qazın
kommersiya hasilatı oldu. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi
deməkdir. “Abşeron” qaz-kondensat yatağı Azərbaycanın gələcək şaxələndirmə layihələrinin
resurs bazasını təşkil edəcək. “Abşeron” layihəsinin ilk fazası artıq təsdiq edilib. Orada illik
hasilatın 1.5 milyard kubmetr həcmində olmasını gözləyirik. İkinci faza ilə bağlı razılıq əldə
edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcəkdir ki, onun böyük əksəriyyəti
beynəlxalq bazarlara nəql olunacaq.
Ölkə başçısı çıxışında onu da vurğuladı ki, Azərbaycanın Avropaya qaz təchizatının
coğrafiyası genişlənir. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa
ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk
növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar Avropada mümkün qədər çox
məntəqələri əhatə etməklə bağlı səyləri davam etdirməyə imkan verəcəkdir. Azərbaycan
qazına olan mövcud tələbat var, ixtiyarımızda mənbələr var və nəqliyyat marşrutlarımız
yerindədir. Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığı
əldə olunub. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir. Daha
artıq alternativlər və seçimlər ola bilər.
Azərbaycan yaşıl enerjiyə keçid prosesində də iştirak edir. Bu il Azərbaycanda “Yaşıl
dünya naminə həmrəylik ili” elan olunmuşdur. Ölkəmizin bərpaolunan enerji layihələri yüksək
göstəricilər nümayiş etdirir. Azərbaycanın bərpaolunan enerji ehtiyatları baxımından nəhəng
pontensialı var, istər Xəzər dənizində, istərsə də qurudakı potensial olsun. Ölkəmiz “Qara
Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olacaq.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji
Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı zamanı Prezident İlham Əliyev
bəyan etdi ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız
qədər dəyərlidir. Qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru