KANAL24.AZ
Az Iw En Ru

Müasir dövrün bütün tələb və çağırışlarına cavab verən Yeni Azərbaycan Partiyası

Yeni Azərbaycan Partiyasının VII qurultayından iki il ötür. Qurultayda  qəbul olunmuş qərarlar
partiyanın fəaliyyətində keyfiyyət etibarı ilə əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Məlumdur ki,
qurultayda Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev dərin
məzmunlu çıxış edərək qarşıda dayanan vəzifələrlə bağlı tövsiyə və tapşırıqlarını verdi. VII qurultayda
müasir dövrün bütün tələb və çağırışlarına cavab verən partiyanın yeni Nizamnaməsi qəbul  olunub.
Yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın
orqanları qismində müəyyən edilib. Partiya Sədrinin birinci müavini vəzifəsi təsis edilib, həmçinin
partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və
onların aparatlarının daxil olduğu təsbit edilib.  VII qurultayda İdarə Heyəti, Təftiş Komissiyası və
Veteranlar Şurasının say tərkibi də müəyyən edilib, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri,
Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilib. Qurultayda partiyanın yeni Proqramının
hazırlanması və qəbulu barədə qərar qəbul olunub.
Qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın - Azərbaycan Xalq Demokratik
Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat
Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası Yeni Azərbaycan
Partiyasına qoşuldular. Həmçinin, partiyanın daha təkmil idarəetmə forması müəyyən olunub.
Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva
Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik
edəcək müavini təyin edildi. Eyni zamanda, Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya
işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanıb.
Qurultaydan sonra partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilib, Gənclər Birliyinin say
tərkibi müəyyən edilib, üzvləri, sədri və sədr müavinləri seçiliblər. Partiyanın Veteranlar Şurası, Gənclər
Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələri, Təftiş Komissiyasının reqlamenti
hazırlanaraq təsdiq edilib.
Ümumiyyətlə, peşəkarlıq, dövlətçilik və vətənpərvərlik  YAP-da aparılan yeni kadr siyasətinin
əsas meyarlarıdır. 2021-ci il sentyabr 10-da və 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının
İdarə Heyətinin iclaslarında YAP-ın 76 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilib. Bununla da 76
yerli təşkilatın 48-də yeni sədrlər təyin olunub. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin dialoq
siyasəti YAP-ın fəaliyyətində öz əksini tapır. Bu gün Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası
kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz
töhfəsini verməkdədir. YAP əməkdaşlığa açıq və yerlərdə siyasi dialoq ilə bağlı olan prosesləri
stimullaşdıran partiyadır. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi
Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə
görülən işlərə bir nümunədir. Yerlərdə müxalifət partiyalarının yerli təşkilatları ilə sağlam
münasibətlərin qurulması YAP-ın yerli təşkilatlarının fəaliyyət istiqamətlərindən biridir.
Zülfəli Musayev,
Sabirabad RİH başçısının Kürkəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


09:59 05.03.2024