Azərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyəti olan hadisələr arasında Yeni
Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur. Müstəqilliyimizin bərpasının ilk illərində
yaşananlar ölkəmizi düşdüyü çətin vəziyyətdən xilas edə biləcək bir siyasi qüvvənin yaradılmasını
qarşısıalınmaz tələbə çevirdi. Azərbaycanın gələcək taleyini düşünən insanlar ölkəni böhrandan
çıxara biləcək yeni bir siyasi partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək bu məqsədlə zəngin
dövlətçilik təcrübəsinə malik Liderin, Heydər Əliyev şəxsiyyətinin ətrafında birləşdilər. Xalq Heydər
Əliyev ətrafındakı dönməz və sarsılmaz birliyini siyasi cəhətdən təşkilatlandırmaq, liderin ölkəyə
demokratik yolla rəhbər seçilməsini qanuniləşdirmək istəyirdi.
2021-ci ilin 5 mart tarixində keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı əlamətdar
tarixi hadisə, Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq atılan addım kimi dəyərləndirildi.
Qurultayda ölkə həyatının bütün istiqamətlərində, o cümlədən YAP-ın qarşısında dayanan vəzifələr
diqqətə çatdırılmışdır. Möhtərəm Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin vurğuladığı
kimi, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük
ənənələri var: “Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni
Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki,
partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu
oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı
siyasi qüvvəsi olaraq qalsın.”
VII qurultaydan sonra Yeni Azərbaycan Partiyasına 17940 qadın, 15120 gənc olmaqla 29829
yeni üzv qəbul olunub. 773770 nəfər partiya üzvü respublika üzrə fəaliyyət göstərən 85 yerli təşkilatın
6628 ərazi partiya təşkilatında uçotdadır ki, onların da 376884 nəfərini (48,7%) qadınlar, 267470
nəfərini (34,6%) gənclər təşkil edir. 773 770 nəfər YAP üzvündən 343 607 nəfəri (44,4%) ali təhsillidir.
VII Qurultaydan ötən 3 il ərzində YAP-ın Mərkəzi Aparatı, Veteranlar Şurası, Gənclər Birliyi və
yerli təşkilatları tərəfindən milli maraqların qorunmasına siyasi-ideoloji dəstəyin verilməsi, o cümlədən
sağlam ictimai rəyin formalaşdırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi – milli şüurun
gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər istiqamətlərdə
mühüm işlər görülüb. YAP Mərkəzi Aparatının, o cümlədən Veteranlar Şurası və Gənclər Birliyinin
təşkilatçılığı ilə 147 tədbir keçirilib. Bunlarla yanaşı, YAP yerli təşkilatları tərəfindən ümumilikdə 7 minə
yaxın müxtəlif səpkili ictimai-siyasi aksiya və tədbir təşkil edilib. YAP Gənclər Birliyinin tərkibində hər
biri 6 üzvdən ibarət olmaqla 5 komitə – Beynəlxalq əlaqələr, Dayanıqlı inkişaf, YAP yerli təşkilatları ilə
əlaqələr və QHT-lərlə iş, Şəhid ailələri və qazilərlə iş, Milli dəyərlər komitələri yaradılaraq qeyd olunan
istiqamətlər üzrə 5500-dən çox gəncin iştirakı ilə müxtəlif tədbirlər həyata keçirilib.
Son 21 ildə Azərbaycanın Prezident İlham Əliyevin təkmil və uzaqgörən inkişaf strategiyası
nəticəsində qazandığı uğurlar xalqımızın seçimində yanılmadığını təsdiqləyir. Ölkəmiz dayanıqlı və
davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı, regionun siyasi, iqtisadi və
mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atdı.
Xüsusilə qürurvericidir ki, bu proses günümüzdə daha təkmil şəkildə davam etdirilməkdədir.
Azərbaycan dövlətinin daxili və xarici siyasəti sahələrində qazandığı uğurları və 30 illik torpaq
həsrətimizə son qoyulması görülən işlərin, əldə olunan uğurların aydın mənzərəsini yaradır. Prezident
qətiyyəti, rəşadətli ordu, xalq birliyi, ən əsası torpaq, Vətən sevgisi 30 ilin işğalına 44 gündə son
qoydu. 2023-cü ilin sentyabrında isə ərazi bütövlüyümüz tam bərpa edildi. Bu il fevralın 7-də
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ölkəmizin bütün suveren ərazilərini əhatə
etməsi baxımından müstəsna əhəmiyyət kəsb etdi. Qədirbilən xalqımız öz vicdan və vətəndaşlıq
borcunu yerinə yetirmək üçün böyük sevinc hissi ilə seçki məntəqələrinə axışdı. Qalib Xalqımız Qalib
Liderini yenidən öz rəhbəri seçdi.
Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin uğurları sayəsində
bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin energetika sektorunda əldə etdiyi nəticələrin
yalnız müəyyən bir hissəsidir.
Ziyadxan Gözəlov,
Sabirabad rayonu Ulacalı bələdiyyəsinin sədri