KANAL24.AZ
Az Iw En Ru

Yeni Azərbaycan Partiyasının VII qurultayından 3 il ötür

Regionun ən böyük siyasi təşkilatı, hakim Yeni Azərbaycan Partiyasının VII qurultayından 3 il
ötür. Üç il öncə partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən qurultayda
qəbul olunmuş qərarlar və müəyyən edilmiş hədəflər qısa zaman ərzində ölkəmizin siyasi mühitində öz
müsbət nəticələrini göstərməyə başladı. Bütün bunlar ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 30
il öncə yaradılmış Yeni Azərbaycan Partiyasının gələcək uğurlarının və hədəflərinin ilk göstəriciləridir.
Ötən əsrin 90-cı illərinin əvvələrində böyük bir uçurumun astanasında olan Azərbaycan siyasi
hərc-mərliyin mərkəzinə çevrilmişdi. Yarıtmaz hakimiyyətin şəxsi maraqlara yönəlmiş addımları
ölkəmizin varlığını böyük bir sual altına qoyurdu. Belə bir zamanda xalqın arzusu və mütləq dəstəyi ilə
hakimiyyətə gələn ulu öndər Heydər Əliyev təkcə Azərbaycanı və xalqını xilas etmədi. O, əsasını
qoyduğu Yeni Azərbaycan Partiyası ilə ölkəmizə siyasi peşəkarlığı və mədəniyyəti gətirdi. Bunun
nəticəsi idi ki, bütün seçkilərdə YAP ard-arda parlaq qələbələr qazandı.
Təbii ki, Azərbaycan xalqının bütün seçkilərdə Yeni Azərbaycan Partiyasını dəstəkləməsi təkcə
siyasi peşəkarlıq və uğurlu başlanğıcdan qaynaqlanmırdı. Burada digər önəmli bir məqam əvvəlcə
Ümummilli Liderin 10 illik prezidentliyi dövründə, daha sonra isə Müzəffər Ali Baş Komandan,
Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın parlaq inkişafında, regionun lider
dövləti rolunu daha da gücləndirməsində Yeni Azərbaycan Partiyasının öz siyasi rolunu oynaması idi.
Bu rol istər partiya təmsilçilərinin öz fəaliyyətlərində, istərsə də xalq-iqtidar birliyində özünü açıq
şəkildə büruzə verirdi.
Dünyada sürətlə baş verən dəyişikliklər, yeniliklər onlara eyni şəkildə cavab verməyi, çevik
adaptasiyanı tələb edir. Şübhəsiz ki, Azərbaycan və bütün regionumuz üçün ən böyük dəyişikliklər
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun Vətən müharibəsində qazandığı Qələbə ilə
bağlıdır. 2020-ci ildə, 44 gündə qazanılmış Qələbə təkcə 30 ilə yaxın davam edən işğala son qoymadı.
Ərazi bütövlüyünü bərpa edən Azərbaycan regiona yeni reallıqlar gətirdi. Dövrünün ən böyük
liderlərindən olan Prezident İlham Əliyevin bu reallıqları ilk gündən nəzarətdə saxlaması, atdığı
addımlar Azərbaycanı sadəcə dəyişikliklərə uyğunlaşdırmadı, bu dəyişiklikləri özü üçün avantaja
çevirən qalib ölkə statusuna gətirdi. Həyata keçirilən siyasi-iqtisadi islahatlar, qəbul olunan sosial
proqramlar ölkəmizin regional güc mərkəzi obrazını daha da möhkəmləndirdi. Təbiidir ki, bu
dəyişikliklər və islahatlar siyasi mühitdə də daha çevik addımların atılmasını tələb edirdi. Bunun nəticəsi
idi ki, 3 il öncə keçirilən  Yeni Azərbaycan Partiyasının VII qurultayı həm partiyanın həyatında, həm də
bütövlükdə ölkəmizin siyasi arenası üçün yeni bir başlanğıc oldu. Yeni reallıqların və çağırışların
məntiqi ardıcıllığı olan bu başlanğıcın təməli partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin
rəhbərliyi ilə qəbul olunmuş qərarlar və dəyişikliklərdə özünü göstərdi. Yenilənmiş struktur və heyət,
çevik idarəetmə mexanizmləri, innovativ yanaşma, qəbul olunmuş proqramların milli kimlik, tarixi
ənənələrimiz və dövrün çağırışlarının vəhdəti əsasında hazırlanması Yeni Azərbaycan Partiyasının
gələcək obrazını əks etdirirdi. Bu dəyişikliklərin praktiki nəticələrinin ən başında, ilk ilində özünü
göstərməsini yenilənmənin gətirdiyi uğurların başlanğıcı hesab etmək olar. Əlbəttə ki, xüsusi
vurğulanmalı məqam Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini vəzifəsinə Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təyin olunmasıdır. Mehriban xanım
Əliyevanın öz fəaliyyəti, idarəetmə prinsipləri, ölkəmizdə həyata keçirilən islahatlarda oynadığı əvəzsiz
rol və  Azərbaycanın beynəlxalq nüfuzunun artması yönündə atdığı addımlar Yeni Azərbaycan
Partiyasının gələcək uğurlarına olan inamı xüsusi ilə artırır. Yenidən formalaşdırılmış Mərkəzi Aparat,
İdarə Heyəti, Veteranlar Şurası və Gənclər Birliyi cənab Prezident İlham Əliyevin rəhbərliyi altında
Azərbaycanın gələcək uğurları və ölkəmizin daha da güclənməsi yolunda xidmət etməyi hədəfləyir.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri cənab Tahir Budaqovun
rəhbərliyi altında yenidən formalaşdırılmış mərkəzi struktur isə yenilikçi yanaşması, ümummilli
maraqların qorunması və çevik idarəetmə prinsipləri ilə Yeni Azərbaycan Partiyasının ölkəmizdə
formalaşdırdığı yeni siyasi mühitin əsas rolunu oynayır.
Sevinc Mikayılova,
Sabirabad rayonu Ulacalı kənd uşaq bağçasının müdiri


18:57 04.03.2024