XX əsrin ən dəhşətli cinayəti olan Xocalı faciəsindən 32 il keçir. 613 insanın vəhşicəsinə qətlə
yetirildiyi, 150 insanın itkin düşdüyü, 1000-dən çox insanın girov götürüldüyü, 60-dan çox uşaq, 100-
dən çox qadın, 70 nəfər yaşlı insanın bir gecə içində erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə
qətlə yetirilməsi heç vaxt xalqımızın yaddaşından silinməyəcəkdir. Azərbaycan xalqı heç vaxt bu qanlı
cinayəti unutmayacaq.
2024-cü ilin fevraılın 26-da ilk dəfə olaraq Xocalı faciəsinin qurbanlarının əziz xatirəsi onların
doğma şəhərində, faciənin baş verdiyi yerdə anılıb. Həmin gün Prezident İlham Əliyev Xocalı
şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub. Ermənilərin Xocalı soyqırımı kimi bəşəri
cinayətlərindən keçən 32 ildən sonra artıq azad Xocalıya qayıdırıq. Bu, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin qətiyyətinin, rəşadətli Ordumuzun, xalqımızın milli birliyinin nəticəsidir. Xocalıda rayon
ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında Ali Baş Komandanımız demişdir: «Biz tarixi
ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların
qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın. Düzdür, buna 30 il vaxt lazım
oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada
yaşamaq üçün bizə imkan yaradırdı.»
Prezident İlham Əliyevin vurğuladığı kimi, təssüflər olsun ki, hələ də «Xocalıya ədalət!» çağırışımız
beynəlxalq ictimaiyyət tərəfindən cavabsız qaldı. Bir çox beynəlxalq təşkilatlar bu faciəyə biganəlik
nümayiş etdirdilər. Ötən müddət ərzində Azərbaycan dövləti, eyni zamanda, xaricdə yaşayan
azərbaycanlılar, Heydər Əliyev Fondu və ölkəmizin bir sıra ictimai təşkilatları Xocalı soyqırımını
dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərdilər. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət
almış «Xocalıya ədalət!» kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərdi, bir çox tədbirlər,
təqdimatlar həyata keçirildi, kitablar, məqalələr dərc edildi, sərgilər təşkil olundu. Bu qanlı cinayət
barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün bir çox səylər göstərildi. Görülən işlər
nəticəsində artıq 18 ölkə bu qanlı faciəni soyqırımı kimi tanıdı, lakin bu ölkələrin arasında hələ də
böyük dövlətlərin adlarına rast gəlinmir.
Bəli, bu gün Xocalı soyqırımını görməzdən gəlmək bəşəri cinayətlərə haqq qazandırmaq qədər
riyakarlıqdır. Bu həm də o Ermənistan kimi avantürist və barbar ölkəyə dayaq olmaq deməkdir. Lakin
İkinci Qarabağ müharibəsində dünya gördü və anladı ki, Azərbaycan dövləti işğalçı Ermənistanı necə
diz çökdürdü. Yəni, qiasa qiyamətə qalmadı. Ölkəmizin başçısı fevralın 26-da Xocalı şəhərində rayon
ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bu barədə deyib: «Bu gün dünyanın müxtəlif
yerlərində baş verən hadisələr, müharibələr, qanlı toqquşmalar bir daha onu göstərir ki, Azərbaycan
Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, həm də eyni zamanda, əməliyyatları
elə aparır ki, qısa müddət ərzində həlli mümkün olmayan kimi sayılan əməliyyatlar aparılmışdır,
onlardan da biri, bəlkə də birincisi Şuşa əməliyyatıdır. Bu gün isə biz buradayıq, burada olmağımız
tarixi ədalətin tam bərpası deməkdir. Xocalı bu gün qurulur, indi gedib quruculuq işləri ilə tanış olarıq.
Bütün digər ərazilərdə quruculuq işləri aparılır və bu gün burada Xocalı Soyqırımı Memorialının təməli
qoyulacaqdır. Xocalı qurbanlarının bu gün ruhu şaddır, Allah onlara rəhmət eləsin.»
Azərbaycanın hərbi qüdrəti kimi, iqtisadi qüdrəti də imkan verir ki, işğaldan azad edilmiş rayon
və kəndlərdə tikinti -quruculuq işləri sürətlə davam etsin. Hazırda işğaldan azad edilən ərazilərdə
genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirillir, keçmiş məcburu köçkün ailələri tədricən öz
döğma yurdlarına qayıdırlar. Həmin ərazilərdə bütün lazımı infrastrukturlar yaradılır, yollar çəkilir, evlər
və sosial obyektlər tikilir. Ötən il sentyabrın 20-də Xocalı işğaldan tam azad edildikdən sonra ölkə
başçısının tapşırıqlarına uyğun olaraq burada da bərpa işlərinə başlanılıb. Prezident bu haqda deyib:
«Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-
yə çatacaq. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu yaxın
yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri
bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb».
Rəfail Səfərov,
Sabirabad rayonu Gənclərin Kariyera və İnkişaf Mərkəzinin könüllüsü