KANAL24.AZ
Az Iw En Ru

Xalqın ümidlərini reallaşdıran peşəkar yanaşma və effektiv strategiya

Fevralın 26-da Prezident İlham Əliyev Xocalı şəhərində rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşdü və Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş memorial
kompleksin təməlini qoydu. Bu, kifayət qədər səmimi görüş, yaşanmış emosiyalar isə xalq-
dövlət birliyinin daha bir açıq təzahürü idi. Əminəm, Azərbaycan ictimaiyyəti gələcəkdə
yazılacaq müxtəlif memuarların səhifələrində bu görüşün təfərrüatları haqqında çox sayda
yeni və maraqlı faktlarla tanış ola biləcək. Hadisənin emosional yükünü nəzərə alaraq, habelə
Xocalı soyqırımının Azərbaycan xalqının tarixinin ən acı səhifələrindən birini təşkil etdiyi üçün
sözsüz ki, Xocalıda Soyqırımı Memorialının təməlqoyma mərasimi unudulmayacaq və milli
yaddaşımızın ayrılmaz parçasına çevriləcək.
Otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini
əbədiləşdirmək üçün bu gün burada - 26 fevral günündə memorial kompleksin təməli
qoyulacaq. Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində
Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq memorial kompleksin tikintisi ilə
bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona
görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq
və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks
yaradılacaq.
Prezidentin siyasi strategiyasının təhlili kontekstində heç şübhəsiz ki, yuxarıda qeyd
olunan fikirlərinin açar ifadələri bunlardır: “bu layihə çoxdan hazır idi”, “memorial kompleksin
tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə
salırdım”, “sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq”.
Dövlət başçısının qərarları heç zaman situativ xarakterli olmamışdır. Mütləq olaraq və
xüsusi vurğulayaraq qeyd etməliyik ki, sözügedən xüsusiyyət yalnız milli maraqlara sadiq olan
peşəkar siyasətçilərə məxsusdur. Ucuz reytinqə qulluq edən və bir günlük siyasi dividend əldə
etmək istəyən demaqoqlar isə öz fəaliyyətini məsuliyyətsiz bəyanatların verilməsi ilə
məhdudlaşdırar.
Prezident İlham Əliyevin “sizin kimi mən də inanırdım və bilirdim, biz buraya
qayıdacağıq” sözlərinin növbəti təsbiti qeyd etmək üçün əsas verirlər: gələcəyə hesablanmış
siyasəti reallaşdıran Prezident İlham Əliyevi hər zaman uğurlu edən əsas amillər onun
gələcəyə olan inamı və fəaliyyətində gücünü məhz xalqın dəstəyindən almasıdır. Dövlət
siyasətində “inam” və “xalqın dəstəyi” kimi amillər tükənməz güc mənbəyidirlər. Odur ki,
çəkinmədən deyə bilərik ki, hər iki məfhum mütləq olaraq milli ideologiyamızın əsas
anlayışlarından olmaq haqqını qazanıblar.
Mirnizami Ağayev,
Sabirabad şəhər sakini, təqaüdçü


17:20 28.02.2024