XX əsrin ən dəhşətli cinayəti olan Xocalı faciəsindən 32 il keçib. 613 insanın
vəhşicəsinə qətlə yetirildiyi, 150 insanın itkin düşdüyü, 1000-dən çox insanın girov
götürüldüyü, 60-dan çox uşaq, 100-dən çox qadın, 70 nəfər yaşlı insanın bir gecə içində
erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə qətlə yetirilməsi heç vaxt xalqımızın
yaddaşından silinməyəcəkdir. Azərbaycan xalqı heç vaxt bu qanlı cinayəti unutmayacaq.
Bu il ilk dəfə olaraq Xocalı faciəsinin qurbanlarının əziz xatirəsini onların doğma
şəhərində, faciənin baş verdiyi yerdə qeyd edilib. Fevralın 26-da Azərbaycan Prezidenti İlham
Əliyev Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub və rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşüb.
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, ondan üç il sonra 2023-cü ilin
19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror tədbirləri
nəticəsində suverenliyimiz tam bərpa olundu. Bu faciəli soyqırımından 32 il sonra artıq azad
Xocalıya qayıdırıq. Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, rəşadətli
Ordumuzun, xalqımızın dəmir yumruq kimi birliyinin, həmrəyliyinin nəticəsidir.
Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında Prezident İlham Əliyev
bildirib: “Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş
meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə
qalsın. Düzdür, buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız
məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradırdı”.
Ölkə başçısının qeyd etdiyi kimi, əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız
beynəlxalq ictimaiyyət tərəfindən cavabsız qaldı. Beynəlxalq təşkilatların bir çoxu bu faciəyə
biganəlik nümayiş etdirdilər. Ötən müddət ərzində Azərbaycan dövləti, dövlət qurumları, eyni
zamanda, xaricdə yaşayan azərbaycanlılar, Heydər Əliyev Fondu və ölkəmizin bir sıra ictimai
təşkilatları Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərdilər. Heydər
Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif
yerlərində özünü göstərdi, bir çox tədbirlər, təqdimatlar həyata keçirildi, kitablar, məqalələr
dərc edildi, sərgilər təşkil olundu. Bu qanlı cinayət barədə həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması üçün bir çox səylər göstərildi. Görülən işlər nəticəsində artıq 18 ölkə bu qanlı
faciəni soyqırımı kimi tanıdı, lakin bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Xocalı
soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır və bunu beynəlxalq ictimaiyyət başa
düşməlidir.
2020-ci il İkinci Qarabağ müharibəsi, ondan üç il sonra 2023-cü ilin 19-20 sentyabr
tarixlərində Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror tədbirləri zamanı Silahlı
Qüvvələrimiz böyük peşəkarlıq, cəsarət göstərdi. Prezident İlham Əliyevin fevralın 26-da
Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı qeyd etdiyi kimi: “Bu
gün dünyanın müxtəlif yerlərində baş verən hadisələr, müharibələr, qanlı toqquşmalar bir
daha onu göstərir ki, Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm
bacarıqlıdır, həm də eyni zamanda, əməliyyatları elə aparır ki, qısa müddət ərzində həlli
mümkün olmayan kimi sayılan əməliyyatlar aparılmışdır, onlardan da biri, bəlkə də birincisi
Şuşa əməliyyatıdır.
Bu gün isə biz buradayıq, burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir.
Xocalı bu gün qurulur, indi gedib quruculuq işləri ilə tanış olarıq. Bütün digər ərazilərdə
quruculuq işləri aparılır və bu gün burada Xocalı Soyqırımı Memorialının təməli qoyulacaqdır.
Xocalı qurbanlarının bu gün ruhu şaddır, Allah onlara rəhmət eləsin”.
Hazırda işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata
keçirillir, keçmiş məcburu köçkünlərin ilk nümayəndələri artıq öz döğma yurdlarına
köçülülməsinə başlanılıb. Həmin ərazilərdə bütün lazımı infrastrukturlar yaradılır, yollar çəkilir,
evlər və sosial obyektlər tikilir. Ötən il sentyabrın 20-də Xocalı işğaldan tam azad edildikdən
sonra ölkə başçısının tapşırıqlarına uyğun olaraq burada bərpa işlərinə başlanılıb. “Artıq beş
yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə
çatacaq. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu
yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək,
Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri
geniş vüsət alıb”-deyə cənab Prezident bildirib.
Artıq bu diyarın, bu bölgənin yeni, parlaq tarixi vardır. 20 sentyabr tarixi Xocalının,
Xankəndinin azad olunması günüdür. Buna baxmayaraq 26 fevral faciəsi bir gün kimi bizim
yaddaşımıza həkk olunub.
Gülbəniz Dadaşzadə,
Sabirabad rayonu, Mil-Muğan Regional Gənclər və İdman idarəsi Maliyyə-iqtisadiyyat
sektorunun məsləhətçisi