KANAL24.AZ
Az Iw En Ru

Şəhid atası xalqa müraciət etdi... – “Bu halda mən nə etməliyəm?!”

44 günük haqq savaşımızda Vətənini canından əziz tutub, düşmənlə son damla qanına qədər şüurlu surətdə döyüşərək, 29 yaşında şəhidlik zirvəsinə ucalan ölməz qəhrəmanlardan biri də şəhid baş leytenant Vüsal Kazımovdur. Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində dünyaya göz açan, ürəyi millətinə, doğma torpağına sevdalı, vicdanlı, qeyrətli gəncin ömür yolu qısa olsa da, gələcək nəsillərimiz üçün örnək olacaq bir həyat yaşadı.

Vüsalın şərəfli ölümü Vətəninə başucalığı gətirdi, böyük bir xalqın mənliyini, kimliyini ona qaytardı. Vətən, xalq naminə ağır müharibə meydanında göstərdiyi şücaəti ilə qəhrəmanlıq simvoluna döndü.

Vüsalın axıtdığı qızıl qanla 30 il yağıya əsir düşən torpaqlar canlanır, Vətən yaşayır. Belə qəhrəmanı hər an yad etmək, yaşatmaq, xatirəsini əziz tutmaq, gələcək nəsillərə tanıtmaq bizim ən müqəddəs borcumuzdur. Təəssüf ki, Vətən səmasının parlaq günəşinə dönən Vüsalımıza onun hesabına yer üzündə azad, firavan gəzən məmurlar tərəfindən biganəlik görünür.

Bəli, qədirbilən millətin ürəyində yaşayan, dövlət tərəfindən “İgidliyə görə”, “Vətən uğrunda”, eləcə də Füzulinin, Cəbrayılın, Xocavəndin azadlığına görə medallara, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülən şəhid baş leytenantın adına doğulub boya-başa çatdığı doğma kəndində xatirə parkı salmaq istəyirlər. Müraciət Lənkəran rayon icra orqanları tərəfindən bəyənilir və bu məqsədlə ata ocağına yaxın 1200 kvadratmetr ərazi ayrılır. Nüvədililər, Vüsalın özü kimi etibarlı dostları əl-ələ verib hər cür şəraitli park düzəldirlər. Yanında şəhid bulağı da inşa edilir.

İndi kənddə Vətənin müqəddəsliyinə tapınıb ən çox gedilən yer məhz buradır. Mən də parkı gəzəndə, ölümsüzlüyə qovuşan igidlə üz-üzə duranda qəlbimə axan aşağıdakı misralar oldu:

Daşına baş qoyub ölərəm, Vətən,

Təki sənin şöhrətin dildən düşməsin.

Ölsəm harayına gələrəm, Vətən,

Məni torpaqdan da qaldırar səsin.

Di gəl ki, bu, Vətən sevdalı, hər bucağı qeyrət, mərdlik rəmzi olan əraziyə park statusu verilmir. Şəhidin atası, Astara Pedaqoji Kollecinin direktoru, professor K.Kazımov deyir:

“Parkın açılış mərasimini 29 noyabr 2022-ci il – şəhidimizin ildönümü tarixinə istədik. Lakin administrasiyadan daxil olan məktuba əsasən, belə halların Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alındıqdan sonra açılması tövsiyə olundu. Belə olan halda Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən razılıq almaqdan ötrü məktub və müvafiq sənədlər göndərildi və xahiş etdik ki, 17 dekabr – şəhidin doğum günü tarixində açılış mərasiminə razılıq versinlər. Yenə alınmadı.

14 iyul 2023-cü ildə Lənkəranda qəbul keçirən mədəniyyət naziri Adil Kərimli ilə şəxsən görüşüb, vəziyyəti bildirdim. Nazir qısa zamanda məsələnin həll olunacağını dedi. Əvəzində 3 aydan sonra cavab gəldi ki, müəyyən sənəd təqdim edin, Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən təşkilatda baxılacaq.

Nəhayət, dekabrın 1-də komissiya Lənkəran Şəhər İcra Hakimiyyəti Memarlıq şöbəsi əməkdaşının iştirakı ilə iclasda məsələyə dair qərar verdi ki, parkda şəhidlərin şəkli olacağı təqdirdə razılıq verilmir, gərək barelyef düzəldilsin. Bu da o deməkdir ki, mən gərək komissiyaya müəyyən məbləğ ödəyim və onlardan barelyef üçün rəy alım. O gündən bu günə qədər bütün qurumlara müraciət etmişəm, amma hələ də əraziyə park statusu verilməyib. İndi üzümü xalqıma tutub deyirəm, ey mənim xalqım, bu halda mən nə etməliyəm?!”

Mən isə yenə deyirəm ki, Vüsal Kazımov çətin anda, gözünü qırpmadan sinəsini Vətən, millət yolunda sipər edərək şəhid olub. Şəhidlik ən uca zirvədir. Nəsibi bu zirvədən boylanmaq səadəti olanlar hər cür ehtirama, sevgiyə, məhəbbətə layiqdir. 30 il içdən yana-yana həsrətini çəkdiyimiz torpaq Vüsal kimi qəhrəmanların qanı ilə Vətən olub...

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü


17:29 27.02.2024