KANAL24.AZ
Az Iw En Ru

"JEK" MÜDİRİNƏ QARŞI YARIM MİLYONLUQ DƏLƏDUZLUQ İTTİHAMI

Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, E Süleymanov 53, mənzil 70-də yaşayan Əmirov Rail Zülfüqar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

"Cənab Prezident!
Yazıb sizə bildirirəm ki, mən 2018-ci il, yanvar ayının əvvəllərində Hüseynov Elçinlə 8-ci km qəsəbəsində yerləşən Naxçıvanski kuçəsi 55-də Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin rəisi Ramsin Abdullayevlə görüşdük. Ramsinlə mənim həyat yoldaşım Əmirova Nuranə Elçin qızının adına olan 3,7 sot torpaq sahəsinin tikilib bizə verilməsi barədə danışdıq. O, bizdən 2-3 gün vaxt istədi.

Bundan sonra, 470 min manat pul qarşılığında 370 kv metr torpaq sahəsinin paket sənədlərlə obyekt şəklində tikilib-özəlləşdirilməsi ilə bağlı razılaşdıq. Bir sözlə, 2018-ci ilin yanvar ayının əvvəllərində Hüseynov Elşənin, yəni qaynatamın və Məhərrəm adlı digər şəxsin yanında Naxçıvanski kuçəsi 55-də maşının içərisində Ramsin Abdullayevə 200 min manat verdik. Üstündən 10 gün keçəndən sonra, mən Məhərrəmin və Elçinin yanında həmin yerdə Ramsin Abdullayevə əlavə 268 min manat pul verdim.

Cənab Prezident!
Mən Ramsinə verdiyim 268 min manatın 80 min manatını əmimin dostu Vaqif Həmidovdan almışam və hal-hazırda həmən pulu tələb edir.

Təxminən 1-2 ay sonra biz Ramsin Abdullayevdən obyektin nə vaxt tikiləcəyini soruşduqda, o, bizdən səbrli olmağımızı xahiş etdi. Bu minvalla 2018-ci ilin yay aylarında Ramsin Abdullayev özü ilə bir neçə adam gətirərək, bizə hədə-qorxu gəlməyə başladı. Sonra isə ona 468 min manat verib aldığımız 3,7 sot torpağı hansısa bir "ağsaqqal"ın istədiyini bildirdi. Verdiyimiz pulun əvəzində bizə məxsus olan kafenin 2-ci mərtəbəsini tikib, bizə təhvil verəcəyini və bizə məxsus olan 10 kv.metr ət mağasını 100 kv.metrə qədər böyüdüb, sənədləşdirib, bizə verəcəyini bildirdi. Məcburən razılaşdıq.

Bir müddət sonra Ramsin həmin torpaq sahəsində obyekt tikib, yoldaşının adına sənədləşdirdi. Beləliklə, müxtəlif vəzifəli şəxslərin adından istifadə edərək, bizi hədələməyə başladı. Rövnəq Abdullayev, Bəylər Eyyubov və sair şəxslərlə bizləri təhdid edirdi. Məcbur qalıb, Nizami rayonunun sabiq başçısı Arif Qasımova müraciət etdik. Arif müəllim bizə bildirdi ki, göstəriş verəcəm, həm pulunuzu, həm də obyektinizi qaytarsınlar.
Bütün danışdıqlarım haqqında əlimdə video və səsyazısı sübutlarım var.
Cənab Prezident!
Müraciətlərimizə baxmayaraq Ramsin Abdullayev barəsində tədbir görülmür. Əksinə, o, bizi hədələyir və bildirir ki, 300 min xərcləyəcəm, amma sizə 1 manat da verməyəcəm.

Ramsin Abdullayev Baş prokuror və Korrupsiyaya Qarşi Mübarizə İdarəsində də onun sözünü deyəcək adamı tapıb. Bunu idarənin əməkdaşı Orxan İmanovun əməllərindən başa düşürük. Əlimizdə yeterincə sübutların olmasına baxmayaraq, işə baxmır. Bir sözlə, sakinləri soyan, aldadan, ölümlə təhdid edən insana qarşı heç bir tədbir görülmür. Belə çıxır ki, Ramsin Abdullayevin arxasında kim durubsa, ona dövlət qurumları bata bilmir.

Çox acınacaqlı bir vəziyyətə gəlib çatmışıq. Qanun bəzilərinin əlində oyuncaq olub. İki dəfə Baş prokuror Kamran Əliyevin qəbulunda olmuşuq. Ramsin Abdullayev bizə söz verdi, amma sözünü tutmadı.
Cənab Prezident!
Hüquqlarımız tapdalanır. Xahiş edirik, təhlükəsizliyimizin qorunması və bizə dəyən zərərin ödənilməsi üçün Ramsin Abdullayevin məsuliyyətə cəlb olunması haqqında tapşırıq verəsiniz".

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan:Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.


18:05 25.02.2024