Ötən əsrdə xalqımıza qarşı Erməni şovinistlərinin törətdiyi ən qanlı və faciəvi soyqırım hadisəsi
olan Xocalı soyqırımından 32 il keçir. 1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan
silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə beynəlxalq
hüququn norma və prinsiplərini kobudcasına pozaraq Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli
görünməmiş qəddarlıqla divan tutdu.
Bu soyqırım nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi,
1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan
edildi. Həmin faciəvi gecə zamanı 76 nəfəri uşaq olmaqla 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst
edildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi.
Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-
məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir
tarix-diyarşünaslıq muzeyi və digər tarixi və mədəni abidələr dağıdılıb. Qeyd edək ki, hazırda
Xocalıdan olan məcburi köçkünlər ölkənin 50 şəhər və rayonunda müvəqqəti məskunlaşıblar.
Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında yaşayır. Ulu Öndər
Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad
etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı
soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Hər il Xocalı
soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım
mərasimi keçirilir.
Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin
nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və
xatırlanmışdır. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras,
İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya,
Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament
qətnamələri qəbul edilib. ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları
səviyyəsində tanınıb.
Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-
prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən “Xocalıya Ədalət” kampaniyası
əvəzolunmaz əhəmiyyətə malikdir. “Xocalıya ədalət” kampaniyası bütün dünyada insanları
müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə
fəaliyyət göstərir və 100 minlərlə şəxs və 115-dən çox təşkilat onun fəaliyyətini dəstəkləyir.
2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad
etməklə yeni reallıq yaratdı, “Dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik
nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi
bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin dediyi kimi: “Xocalı şəhidlərinin qanı yerdə qalmadı”. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-
20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində
separatçılardan təmizləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın
15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır. Bütün işlər başa
çatandan sonra məcburi köçkünlərin, o cümlədən Xocalıların öz doğma torpaqlarına, evlərinə qayıdışı
təmin ediləcəkdir.
Pakizə Qəhrəmanova
Sabirabad rayonu Surra bələdiyyəsinin sədri