Tarixə nəzər saldıqda, zaman-zaman ermənilərin işğalçılıq siyasətinin, Azərbaycana qarşı olan
torpaq iddialarının şahidi oluruq və bu məkirli siyasət erməni xislətinin sağalmayan sindiromudur.
Bölgədə hər zaman təxribat və terrora əl atan ermənilər 1988-ci ildən başlayaq açıq şəkildə ölkəmizə
qarşı torpaq iddialarına başladılar.
1988-ci ildən erməni separatçıları tərəfindən xalqımıza qarşı başladılan silsilə terror
proseslərinin ən dəhşətli və qorxulu pik həddi 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə
törədilmiş Xocalı qətliamı oldu. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli
səhifələrdən biri kimi daxil olmuşdur. Xocalının zəbt olunması üzrə həyata keçirilmiş əməliyyat
zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilmişdir. Xocalı faciəsi ermənilərin türk
xalqına qarşı amansızlığı və insanlığa qarşı cinayəti idi.
Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını
törətməkdə erməni şovinistləri və ideoloqları həm də daha uzağa hesablanmış məqsəd güdürdülər.
Onların əsas niyyəti Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın
müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Xocalı faciəsini törətməklə
ermənilər tarixdə ən dəhşətli qanlı səhifələrdən birinin yazılmasına nail ola bildilər. Bütövlükdə isə
erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı nəticəsində 613 nəfər,
o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc
sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə
məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncə
verilib. Xocalı unudulmayan qan yaddaşımızdır!
Qeyd edək ki, Xocalı faciəsinə siyasi-hüquqi qiymətin verilməsi məhz Ulu öndər Heydər
Əliyevin sayəsində mümkün olmuşdur. Bu gün ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi əziz
tutulur, hər il soyqırımla bağlı Azərbaycanla yanaşı, dünyanın ayrı-ayrı ölkələrində çoxsaylı
konfranslar, sərgilər, yürüşlər və anım tədbirləri düzənlənir.
Xüsusilə qeyd etmək lazımdır ki, 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası uğurla
davam etdirilərək Xocalı faciəsinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması,
qətliama obyektiv qiymət verilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Xocalı soyqırımı qurbanlarına ucaldılmış
abidə kompleksi dövlətimizin şəhid soydaşlarımızın xatirəsinə dərin ehtiramının əyani təcəssümüdür.
2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad
etməklə yeni reallıq yaratdı, “Dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik
nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi
bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin dediyi kimi: “Xocalı şəhidlərinin qanı yerdə qalmadı”. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-
20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində
separatçılardan təmizləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın
15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Mahir Zahidov,
M.Müşfiq adına 4 saylı Sabirabad şəhər tam orta məktəbinin direktoru