KANAL24.AZ
Az Iw En Ru

Vətən müharibəsində ordumuz tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladları da var idi

Xocalı soyqırımından 31 il ötür. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və
faciəli hadisələrdən biri kimi daxil olmuşdur. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-
şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmış, tarixi
torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər
tərəfindən kütləvi qırğınlarla müşayət olunub.
XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin
nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün
insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın,
Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan xalqı
və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.
Bu gün bu faciəylə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və günahkarların
layiqli cəzalandırılması istiqamətində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həm
ideoloji, həm mədəni, həm iqtisadi, həm sosial, həm də digər sahələrdə hücum diplomatiyası
uğurla həyata keçirilir. İndiki dövrdə dünya ictimaiyyəti erməni yalanını, erməni təcavüzünü çox
yaxşı bilir və dərk edir. Təkzib olunmaz sənədlər, dəqiq və düzgün məlumatlar Azərbaycan
dövləti, Heydər Əliyev Fondu, tarixçi alimlərimiz, ziyalılarımız və o dəhşətli hadisələri öz gözləri
ilə görmüş, həmin hadisələrin iştirakçısı olmuş şahidlər tərəfindən dünya ictimaiyyətinə
çatdırılıb və bu gün də bu iş davam etdirilir. Ulu Öndərin siyasi kursunu layiqincə davam
etdirən cənab İlham Əliyev Vətən uğrunda şəhid olanların və soyqırımına məruz qalanların
xatirəsinin yad edilməsini və hər il anım mərasimlərinin keçirilməsini daim diqqət mərkəzində
saxlayır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya
ədalət” kampaniyası uğurla həyata keçirilir. “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat
kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin
Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır, bunun nəticəsi
olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilir.
Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətinin, habelə
Heydər Əliyev Fondunun dünyada apardığı təbliğatın, haqqa-ədalətə çağırışın nəticəsidir.
Ümummilli lider Heydər Əliyevin bu hadisə ilə bağlı dediyi: “Xocalı soyqırımı XX əsrin ən böyük
insan faciələrindən biridir”.
Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
qətiyyətli iradəsiylə başlanmış İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı
qələbəsi ilə başa çatmışdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan
Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30
ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Bu haqq döyüşündə tarix yazan
Azərbaycan ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının
cəlladları da vardı.
Tarixi qələbə qazanan ordumuz bu qətliamın günahsız qurbanlarının qisasını aldı.
Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa
qovuşdu.
Eldar Urufov,
Sabirabad rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


18:00 25.02.2024